adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

ŞƏRQ ŞiRNiYYATI

42166 | 2007-10-27 11:01

   
   Dünyanın heç yerində müsəlman şərqində olduğu qədər şirniyyat sevmirlər.Tarix boyu şirniyyat, az qala, Şərqin rəmzlərindən birinə çevrilib. Əsrlərlə İran, Türkiyə, Azərbaycan, Orta Asiya ölkələrinin hər biri neçə-neçə şirniyyat növləri, neçə adda, neçə çeşiddə dadlı-şirin təamları ilə fərqlənib, ad çıxarıb. Azərbaycanın demək olar, hər bölgəsində şirni məmulatları hazırlamaqda özəl, digərindən görümlü-duyumlu dərəcədə seçilən üsullar olduğundan, onlara əlavə olaraq elə həmin bölgənin adını da qoşublar. Məsələn, Şəki paxlavası, Şamaxı ballıbadısı, Bakı şəkərburası...
   
   Dünyanın heç yerində müsəlman şərqində olduğu qədər dadlı və desert məmulatları şirəli, ədvacatlı eləmirlər. İsfahan halvasını hazırlamaqdan ötrü səməni suyundan (şirəsindən) yoğrulan xəmiri səhərdən axşamacan qoluzorlu adamlar od üstünə qoyulan iri mis tavanın içində durmadan, uzun-uzun ərsinlərlə elə hey qatışdırırlar.Elə ki nəhayət, xəmir ovuntulu hala gəlməyə başlayır, qazan-qazan qaynadıb əridilmiş, şirəyə çevrilmiş maye şəkər tozunu ovuntunun üstünə əndərir, qarışdırır, sonra da bura ən müxtəlif, kəskin qoxulu ədvacatlar tökürlər. İsfahan və ya səməni halvasının bir kündəsini yedin, səhərdən axşamacan səni elə tutur ki, aclıq yadına düşmür. Yaxud götürək paxlava növlərini (bölgələrin adları əlavə olunmaq şərtilə). Xəmirin hər qatının üstünə ya qoz, ya fındıq, ya da badam ləpəsi ilə qarışdırılmış bolluca, qaşıq-qaşıq, azca da olsa qənaət etmədən şirə çəkilir, sonra bunun üzərinə yenə yoğrulmuş xəmir qatı sərilir və yenə qozlu-fındıqlı-badamlı şirə çəkilir və beləcə neçə qatlı paxlava yaranır. Paxla-paxla kəsilib ortalarına bircə dənə ya bütöv qoz, ya fındıq, ya badam ləpəsi qoyulan üst qatı da şirəli, şirnikdirici etməkdən ötrü sərasər yumurta sarısı ilə üzləyirlər. Bu dadlı-şirəli məcun hazır olanda onu xonça-xonça ya evin süfrəsinə, ya şirniyyat dükanının piştaxtasına, ya şüşəli vitrinlərə düzürlər. Əvvəllər şamlardan, şamdanlardan, indi isə çilçıraqlardan süzülən işığın altında bərq vuran bu şirəli şirniyyatlara baxdıqca sanki qoca Şərqin şirin möcüzələr aləminə səyahət edirsən. Sanki neçə yüzillərin bayram, şənlik süfrələrini təkrarlayırsan, əcdadlarımızın ruhunu şad edirsən.
   
   Şərq şirniyyatı şirəli olmağı ilə fərqlənir. Qum halvası, tum halvası, nuğa, şirəli qoz, fındıq ləpəsi, qozunaki, rahat-hülqum, bamiyə... Sayı-hesabı yoxdur. Hər biri də bir dadda. Amma hamısı şirəli.
   
   Belə çıxmasın ki, bütün müsəlman şərqinin adamları ucdantutma şirin xoşlayandırlar. Necə ki, Avropa və başqa ölkələrdə yaşayanların bir qismi şirinyeyən, digər qismi əksinə, şirinxoşlamayan olurlar, eləcə də Şərqdə çox rahat belə bölgünü aparmaq olar və Qərbdə olduğu kimi Şərqdə də adamları şirniyə münasibətdə iki hissəyə bölmək mümkündür. Nisbətdə kişilər arasında şirinxoşlamayanlar daha çoxdur. Həm orda, həm burda. Amma burda şirinin mətbəxdə, məişətdə, dildə, mədəniyyətdə, poeziyada, cəmiyyətdə, siyasətdə daha geniş yeri var, yəni şirinliyin bizdə əhəmiyyəti daha çoxdur, nəinki orada.
   
   Mən daha çox Azərbaycan mədəniyyətindən və məişətindən misallar gətirə bilərəm. Bizdə "şirinlik" anlayışı ən müxtəlif mənalarda işlənə bilər. Kiminləsə yaxınlıq etmək, kiməsə hədiyyə vermək, xoş söz demək, yazı üslubunda, danışıqda çalar, yerli dialekt, musiqidə, oxu tərzində ovqat, təzə alınan malın, geyimin, evin, mənzilin, maşının, vəzifənin və daha nələrinsə sevincinə qatılan rəmzi əlavə mənasında anlamaq olar. Hətta rüşvət mənasında da "şirinlik" sözü işlənir.
   
   "Şirnikləndirmə" də əsasən, mənfi mənada işlənsə də müxtəlif psixoloji məqamlara işarə kimi qavranıla bilər. Bu sözdən həm yoldan çıxarma, həm yola gətirmə, həm azdırma, həm cəlb etmə, həm aldatma, həm ağıllandırma, həm acıqvermə, həm şişirtmə mənalarını ifadə etmək üçün istifadə olunur. Şirnikləndirmə şəhvət və seksual cazibəni inkar etməsə də onları da özünə qatmaq şərtilə daha geniş məna daşıyır. Amma "şirinlik", "şirnikləndirmə" sözləri nəyə aid edildiyinə, nəyi ifadə etdiyinə görə sonsuz istiqamətlərə haçalansa da bütün hallarda bir kökdən gəlir.
   
   Lüğət kitablarında yazıldığı kimi "şira" sözü ərəb dilində alma və ya alğı mənalarını verir. Yəni nədənsə, nəyisə almaq. Burda söhbət qətiyyən alqı-satqıdan getmir. Burda söhbət nəyisə könüllü vermək və ya onu xoşluqla almaqdan da getmir. Söhbət daha çox çəkmək, bəzi hallarda dartıb çıxarmaqdan gedir. Torpaqdan və ümumumiyyətlə, torpaqla bağlı dünyada canlı hər nə varsa, hətta canlıdan qopan onun bir parçasından belə şirə çəkmək olar. Arılar güllərdən şirə çəkir və bunun nəticəsində bal yaranır. Barama ağacdan şirə dartır və ipək toxunur... İnsanlar müxtəlif meyvələrə qarşı zor işlədib onları əzir və nəticədə dadlı, cana xeyirli şirələr əldə edir. Torpaqla bağlı hər nə varsa onun canı şirədir. Bir ağacı, yaxud başqa bitkini məhv etmək istəsən, onun tərkibində nə qədər şirə var çıxar, ağac, yaxud bitki dura-dura öləcək, quruyacaq, çürüyəcək, yox olacaq. Bəzən ağacın bir budağı sınanda, şirəsi qurtarana qədər ağlayıb-ağlayıb quruyacaq və öləcək. Bakı torpağından əsrlərdir neft, yəni tərkindən şirəsini dartıb çıxarırlar. Bakı torpağının canında şirə qalmayıb. İndi bu ölməkdə olan torpağın tərkindən yox, üzərindən ərazi kimi istifadə edirlər. Əvvəlkindən daha intensiv, daha yırtıcı. Çünki əvvəllər qolları çırmalayıb işləmək, şirəni torpağın tərkindən dartıb çıxarmaq, yəni işləyə-işləyə ondan almaq lazım idi. İndi isə alqı-satqı ilə hər şeyi əldə etmək olar.
   
   Şirəni qərblilər də alır, yəni zor işlədib canlı olandan onun şirəsini dartıb alırlar. Amma bizim qədər yox. Onlar torpağa və torpaqla əlaqəli olan canlılara qarşı bizim qədər zor işlətməyi xoşlamırlar. (Onlarınkı özlərindən fərqlənən insanlarladır!) Qərbdə daha çox torpaqdan gələn məhsulları, ərzaqları aldatmağı xoşlayırlar. Onlar torpaqdan alınan məhsulları aldatmağa, yəni onlara şirəsini çıxarmaq üçün imkan verməməyə üstünlük verirlər. Məhsulu konservləşdirmək, yaxud saxlayıb turşutmaq, qıcdırmaq və nəticədə bundan turş, kəmşirin şərab, müxtəlif məstedici içkilər, spirt almaq təcrübəsi daha çox Qərb, xristian ölkələrində inkişaf edib.
   
   Onlarda içki qadağa deyil. Söhbət kimlərin çox içməyə, sərxoşluğa meylli olmağından da getmir. Sadəcə onlara içki yasaq deyil, bizə isə haram buyurulub. Bəlkə elə Şərqdə şirniyyata, şirə çəkməyə, torpağın tərkindən durmadan, sabahı düşünmədən neft dartıb çıxarmağa də meyl bundan irəli gəlir. Bəlkə də başqa səbəblər var. Amma bu bizim söhbətimizə aid deyil. Təkcə onu qeyd etmək istərdim ki, şirniyyat bolluq, aşıb daşan var-dövlət və bu var-dövlətin var olduğundan, göz qabağına qoyulduğundan ləzzət almaq, ləzzət alıb havalanmağın rəmzidir. Şirədən şirə çəkirlər bizimkilər. Turş, kəmşirin, spirtli içkilər, onların müxtəlifliyi, konservləşdirilmiş ərzaqlar, gözəl, rəngli bağlamalı qidalar daha çox sakit, əmin-arxayın yaşayışın, gözütoxluğun rəmzidir.
   
   Əvvəllər Bakı bağlarında payıza yaxın, yaxud fəsil payızı adlayanda qadınlar qışa turşu-şirin deyilən bir dadlı desert hazırlayardılar. İri balonlara həm turş, həm şirin, həm şirə verən, həm də turşuyub qıcqıran meyvələri, tərəvəzləri qat-qat, üst-üstə yığıb doldurar, balonun kiçik, dar ağzını təmizlənib üdülmuş qoyun dərisi ilə bağlayardılar. Açığı, turşu-şirinin bir az adamı məst eləməyi də vardı. Bir gün, uşaq vaxtı bağda bizlərdən biri bu növ tutmalar, balonlar üçün ayrıca tikilmiş zirzəmiyə bənzər yerə girib gördü ki, hardansa siçan qalxıb iri balonun ağzındakı dərini deşib və turşu-şirinin elə üst qatındaca canını tapşırıb. Oğlan bizi çağırıb öz tapıntısını göstərib dərindən ah çəkdi:
   
   - Yazıq, turşunu yeyib ölüb.
   
   Başqa uşaq, deyəsən qız, ona etiraz etdi:
   
   - Turşudan ölməyib e, şirin onu öldürüb.
   
   Oğlan öz sözündən dönməyib zavallı siçanın turşu qurbanı olduğunun üstündə dayandı. Qız isə şirin. Mübahisə başladı. Uşaqlar siçanın ölüm səbəbinə münasibətdə ikiyə bölündü. Qışqırıq, səs-küy bağı götürdü başına. Səsə hətta qoca nənəm durub evdən çıxdı, üstümüzə çığırıb sakit olmağı və sakitcə nə baş verdiyini soruşdu. Onu məsələdən agah etdik. Bütün nənələr dahi olur. Mənim nənəm də bizə dahiyanə təklif verdi:
   
   - Daha neyçün bir-birinizi qırırsınız, odur hey, gedin həyətdən bir qamış götürün, bir ucunu salın siçanın dalına, bir ucundan sovurun. Ağzınıza turş gəlsə siçan turşdan ölüb, şirin gəlsə, şirindən...
   
   Dünyanın axırından, apokalipsisdən çox danışırlar. "Esxatalogiya" deyilən, hər şeyin sonunu, bu sonun nə vaxt və nəyin üzündən gələcəyini öyrənən bir elm də var. Fukuyama, Toffler, Hantinqton, Vallerstayn kimi böyük alimlər bu məsələ barədə kitablar yazır, ortaya şuluq məsələlər atıb səs-küy qaldırır, dünyanı sivilizasiyalara bölür, neftin qiymətlərindən, yeni texnologiyalardan, lokal, və iri müharibələrdən danışır. Amma deyəsən, heç kimin, hətta bu söhbətlərə qoşulan bizim alimlərin də ağlına mənim rəhmətlik nənəmin məsləhət verdiyi üsul gəlmir. Əvvəl bir bu dünyanın dalını-qabağını, düzünü-əyrisini müəyyən eləmək, sonra deyilən yerə uzun bir qamış keçirib sovurmaq lazımdır. Əgər turş dad verərsə, bütün bəlalar Qərbdən, demokratiyadan,
   
   liberal dəyərlərdən gəlir. Yox əgər şirin dad gəlsə, deməli bəlaların kökündə Şərq, avtoritar, totalitar düşüncə durur.
   
   

TƏQVİM / ARXİV