RƏİS GƏLƏNDƏ DEYƏCƏYƏM

FAİQ QİSMƏTOĞLU
68024 | 2014-10-02 01:15
İnsanların məişət problemləri yarananda təbii ki, onu qısa zaman kəsiyində həll etməyə çalışırlar. Xüsusən də işıq yanmayanda, qaz gəlməyəndə, su verilməyəndə sakinlər daha çox çətinliklərlə üzləşirlər. Çünki sözün açığı bu dediyimiz şeylər olmayanda adam canını qoymağa yer tapmır.
Havaların birdən-birə soyuması isə müəyyən çətinliklər yaradır. Belə ki, Yeni Günəşli yaşayış sahəsindəki bir çox binalara verilən təbii qazın təzyiqi aşağı düşüb. Bunu başa düşmək o qədər də müşkül iş deyil. Ola bilər ki, bir gün, iki gün qaz xətlərində yaranmış nasazlıqla əlaqədar olaraq təmir işləri aparılsın və mövcüd problemlər aradan qaldırılsın.
Amma Yeni Günəşli yaşayış sahəsinin "D" massivindəki 13-cü binasının sakinləri bildirirlər ki, 20 günə yaxındır ki, biz qaz sarıdan olmazın əziyyətləri ilə rastlaşırıq. Əvvəl yaxınlıqdakı hansısa obyektə qaz xətti çəkirdilər. Dedik, yəqin bu təmir işləri ilə əlaqədar olaraq qaz təchizatında problemlər yaranıb. Təmir işləri başa çatdı, ancaq yenə bizim binaya verilən qazın təzyiqi aşağı düşdü. Hətta axşam saat 19:00 və 20:00 radələri arasında qaz tamamilə kəsilir.
13-cü binanın sakini, tanınmış ziyalı və pedaqoq Səməndər Məmmədov bildirir ki, qaz sarıdan çox əziyyət çəkirik. Hələ havalar soyumayıb belədir. Görün, payızın ortalarında və qışın əvvəllərində soyuqlar düşəndə hansı günlər yaşayacağıq. Həmin anları fikirləşəndə dərd bizi götürür. İndi də 20 günə yaxındır ki, bizim binaya qaz çox zəif verilir, ya da axşam saatlarında heç verilmir. Yemək bişirmək və çay qaynatmaq üçün binanın sakinləri elektrik qızdırıcılarından istifadə eləyirlər. Elə bizim özümüz də çıxış yolu kimi qızdırıcılardan istifadə etməyi görürük. Nə vaxta qədər belə çətinliklərin burulğanında qalacaq və çıxış yolu tapılmayacaq?!
Bina sakinlərinin giley-güzarını dinləyəndən sonra biz Suraxanı rayon Qaz İdarəsinin Yeni Günəşli yaşayış sahəsindəki səlahiyyətli şəxslərlə əlaqə saxladıq. Həmin ünvanda 477-55-88 və 477-88-55 telefon nömrələrinə zəng vurduq. Ordan bizə bildirdilər ki, mövcud problemlə əlaqədar Suraxanı rayon Qaz İdarəsinin qəza xidməti ilə əlaqə yaradın. Təbii ki, biz də göstərilən telefon nömrəsinə zəng çaldıq. Telefonun dəstəyini qaldıran xanıma bildirdik ki, 13 nömrəli binanın sakinləri mavi qazın zəif verilməsindən və axşam saatlarında bir müddət kəsilməsindən narazılıq eləyirlər. Həmin xanım da çox mədəni və ciddi bir insan idi. Bildirdi ki, camatın və sizin iradlarınızı rəisə çatdıracam, heç narahat olmayın. Tezliklə hər şey qaydaya düşər!
Amma 3-4 gün keçdi, yenə həmin binaya normal təbii qaz verilmədi. Yenidən 452-38-38 nömərli telefona zəng vurduq. Yenə həmin xanım dəstəyi qaldırdı və deyəsən bizi tanıdı. Dedi ki, qardaş, sizin dediyinizi mən rəisə çatdırmışam. Hər dəfə sakinlər və siz zəng edəndə mən xəcalət çəkirəm. Biz də dedik ki, xəcalətli düşməniniz olsun!
İndi həmin gündən bəri bir neçə gün də ötüb. Məlum telefon nömrəsinə zəng vurmağa biz də xəcalət çəkirik. Çünki xanım hər dəfə dəstəyi qaldıranda insanlarla elə mədəni danışır ki, onun bu cür nəzakətli hərəkəti qarşısında xəcalətli qalırsan. Ona görə də tay həmin xanımı narahat etmədik. Rəis isə heç vaxt cavab vermir və dəstəyi qaldırmır.
Əgər katibə xəcalət çəkirsə və rəis heç nəyi vecinə qoymayıb yalan vədlərlə camaatı aldadırsa, bunun axırı heç də yaxşı olmayacaq. Qoy elə o xəcaləti rəis özü çəksin. Əziyyəti isə bu gün də Yeni Günəşli qəsəbəsinin 13-cü binasında yaşayan yüzlərlə sakinlər hiss edirlər.
Son ümid yeri kimi sakinlər "Azəriqaz"a inam bəsləyirlər. İnanırlar ki, "Azəriqaz" onların binalarında yaranmış qaz təchizatındakı çətinlikləri aradan qaldıracaq, payız mövsümündə binaya verilən qazın təzyiqini artıracaqdır. Məsuliyyətsiz rəis isə gec-tez səhlənkar hərəkətinə görə "Azəriqaz" qarşısında cavab verməli olacaqdır.


TƏQVİM / ARXİV