TƏK ƏLiN NAğILI

ƏBÜLFƏT MƏDƏTOĞLU
35201 | 2007-10-26 09:26
...Nə qədər istəyirəm ki, bir az özümdən, daxili dünyamdan uzaq düşüm, baş götürüb qaçım, heç kəsin görməyəcəyi, bilməyəcəyi, eşitməyəcəyi yerdə, məkanda özüm-özümlə danışa-danışa yaşayım, bir anlıq da olsa unudulum, yaddan çıxım, özü də sözün həqiqi mənasında yoxluğum kimlərisə göynətməsin, amma mümkün olmur. Çünki boyuma biçilən, zornan əynimə geyindirilən tale, bəxt yazısı bir qədər, bir qismət kimi az qala mənim özümə çevrilir. Özümün özümdən qaçmağım isə heç cür mümkün deyil. Hətta bir az yel dəyirmanı ilə oynamağa da bənzəyir...
   
   Dövrün, zamanın tələbləri, oyun qaydaları elədir ki, ya oyunçu olmalısan, ya oyunu təşkil edən, ya da... ən azı həmin oyunun keçirildiyi meydançada heç olmasa ya gözətçi, ya da təmizliyə baxan. Bütün hallarda bu oyuna, bu qaydalara bağlılığın labüddür. Bundan kənarda nə oynamaq, nə oynatmaq, nə də müşahidə etmək belə mümkün deyil. Deməli, bizə yazılan Tanrı yazısı məhz bütün bu dediklərimindən keçir. Çəkilmiş yol bəlli olandan sonra ondan kənara çıxmaq bir növü minalanmış sahəyə düşməyə bənzəyir...
   
   ...Az-çox kitab-dəftər oxumuşam və həyatda da nədənsə həmişə məclisdə, hətta hüzr yerlərində belə çalışmışam ki, özümdən yaşca böyüklərin dairəsində olam, onların yanında oturam. İstəmişəm ki, nəsə öyrənim. Doğrudur, bu bir az sıxıntılı olub. Hətta bəzən kimlərəsə xoş da gəlməyib. Ancaq bütün bunların fərqinə varmadan həmin dünyagörüşlü, həyat təcrübəli yaşlı insanların mühitindən nə isə özüm üçün qopara bilmişəm. Az-çoxluğundan asılı olmayaraq bu topladıqlarım damla-damla, kərpic-kərpic üst-üstə yığılıb və...
   
   ...Və hər dəfə bütün bunları fikirləşəndə oxuduqlarım, eşitdiklərim mənə bir məqamı xüsusi xatırladır. Sanki qulaqlarıma pıçıldayır:
   
   - Aman təklik əlindən!..
   
   Məşhur bir mahnının da bir misrası belədir. Yəqin kimsə ürəyində zümzümə elədi. Belə olarsa sevinərəm. Heç olmasa, həmin an kimlərinsə qəlbindən təkliyin caynaqlarını bir balaca qopara bildim. Ancaq bir məqam da var ki, həmin an zaman-zaman yiyələndiyim, sahib çıxdığım bilgilər fonunda "tək əldən səs çıxmaz" kəlamı xüsusi önəm daşıyır. Qəribə olsa da çox-çox uzaq ellərdə mən tək əldən səs çıxmaması kəlamına o qədər də əhəmiyyət verməmişdim. Düşünmüşdüm ki, niyə də çıxmasın? Əlini stola çırp, divara çırp, dizinə çırp, axır ki, bir yerə çırpacaqsan səsi çıxacaq. Amma indi görünür ki, sən demə, əl ələ dəyəndə əl səsi çıxarmış. Əl dizə dəyəndə eşidilən səs, ürək göynədən fəryad dizin səsidir. Taqətdən düşmüş ayaqda qala bilməyən dizin səsi!!!
   
   ...Yaman çətindir tək olmaq. İllah da ki, duyğusal olanda. Hər şey, hər bir qayğı, hər bir fikir, hər bir ağrı-acı sorğusuz-sualsız qapı-pəncərəni döymədən harda gəldi yaxalayır səni, dırmaşır yaxana, əyləşir çiynində. Bax, onda yadına düşür təkliyin vahiməsi, təkliyin nə olduğu. Bu yerdə yenə bir atalar deyimi yadıma düşdü. Müdrik kəlamdı. Deyiblər ki: "Heç öz ormanında qurd da tək olmasın!" Qurd ha, yalquzaq yox...
   
   ...İndi deyəcəyim, daha doğrusu, yazacağım fikirlər ola bilsin ki, bir az başqa cür yozuldu. Amma fərq etməz. Çünki islanmışın yağışdan nə qorxusu. Onsuz da olan olub, olacaq da olacaq!!! Qaçmaq mümkün deyil. Qədər səni öz mənzilində, yəni onun müəyyənləşdirdiyi yerdə yaxalayacaq. Həm də burda bir haşiyə də çıxmaq istəyirəm.
   
   İndi haqq dünyasında olan bir dünyagörüşlü, özünə görə ləyaqəti, yeri-yurdu, şəxsiyyəti olan Şahin adlı bir eloğlumuz vardı. (Allah indi haqq dünyasında olan dostum, jurnalist həmkarım Pərviz Əliyevə də rəhmət eləsin. İndi xatırladacağım həmin haşiyəni o rəhmətlik də mənim üçün bir neçə dəfə təkrar etmişdi. Və bu gün oktyabrın 26-sı onun dünyasını dəyişdiyi gündü). Hə, deməli, Şahin qardaşımızla yol gedirdik qarşımızdan qara pişik keçdi. Tez əyləci basdım. Təəccüblə üzümə baxdı. Baxışları ilə soruşdu:
   
   - Nə oldu?
   
   - Heç, görmədiniz qarşımızdan qara pişik keçdi?
   
   - Keçdi keçdi də. Pişik bədbəxt oldu ondan bizə nə? Biz onsuz da itirdiyimizi itirmişik...
   
   Bəli, biz, bu yerdə isə mən öz payımı - torpaq da itirdim, ev də itirdim, uşaqlığımı, gəncliyimin təravətini də, izlərini də. Sabaha ümidlərimin silsiləsini də. Odur ki, qara pişiyin halına yanmasam da öz halımın necə olduğunu yəqin ki, bilən bilir. Ən azı təkliyin nə olduğunu, təklənməyin nə olduğunu bilənlər bilir...
   
   Mənim bu yazım nə ovqatdan, nə güzərandan, nə də gündəmdən deyil. Sırf bu yazını yazdığım anda yaşadığım təklikdən, tənhalıqdan doğur. Kağıza köçürülür. Bilmirəm bunun üçün kimlər məni necə qınayacaq, hətta bəlkə çox kəskin sözlər, ifadələr işlədənlər də olsun, ancaq həqiqətən zaman, mühit adama güc gələndə bilmir neyləsin. Mən də bax, elə nə edəcəyimi bilmədiyimdən təkliyimin, tək əlimin nağılını uydurdum özüm üçün. İstəyirsiniz inanın, istəyirsiniz inanmayın. Bu mənim indiki anımın yazılı nağılıdı...
   
   
   
   P.S. Redaksiyamızda yazılmamış bir qayda var. Yazılarımızı zövqünə inandığımız, yanaşmasının düzgün olacağını bildiyimiz həmkarlarımıza oxudub münasibət öyrənirik. Bu yazını oxuyan dostlardan biri də əməlli-başlı dilxor oldu və dedi ki, sən dərdini danışıb başqalarına yükləməklə qonorar da almaq istəyirsən? İnanırsınız, bu vəziyyətimdə də güldüm. Mən dərd satıram. O qədər vətən, torpaq, namus satıb pul qazananlar var ki...

TƏQVİM / ARXİV