adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 Oktyabr 2014 12:51
33634
AVTOMABİL
A- A+

Avtomobillərin park qiyməti qaldırıldı - Açıqlama

Məlum olduğu kimi Bakıdakı tıxacların qarşısını almaq məqsədilə paytaxt küçələrində park-manatlar quraşdırılıb. Aparatlar quraşdırılarkən "parkovka”nın 1 saatlıq qiymətinin 30 qəpik olacağı deyilsə də, az bir müddətdən sonra qiymətlərdə artım baş verdi.

AzNews.az-ın əməkdaşının müşahidələrinə görə, ünvandan asılı olaraq Bakının müxtəlif ərazilərində parketmə qiymətlərində kəskin fərqlər var.

Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən Bakı şəhəri İcra Hakimiyyətinin xüsusi təyinatlı avtonəqliyyat idarəsinin rəisi Həsən Abdullayev deyir ki, Bakı 4 zonaya bölünüb. Şəhərin mərkəzində quraşdırılan parkmanatlarda da göstərilir ki, küçə və prospektlərdə 4 saatdan artıq avtomobil saxlamaq olmaz. İdarə rəisinin sözlərinə görə, bu limitdən artıq park edilən maşınlar yol polisi tərəfindən cərimə meydançasına aparılır.

"Bakı 4 zonaya bölünüb və park xidmətləri də hər zonada fərqlidir. Çünki Bakının mərkəzində 8500 avtomobil tutumlu yeraltı dayanacaqlar var. Füzuli meydanında 4500 avtomobil tutumu, 3500 maşın tutan Azadlıq Meydanının altında, eləcə də Malakan bağı adlandırılan ərazidə, Nəsimi küçəsinin arxasında avtomobil dayanacaqları var. Bu səbəbdən də şəhərin mərkəzində parkmanatlar baha qiymətə qoyulub ki, avtomobillər yol kənarlarında deyil, yeraltı dayanacaqlarda saxlanılsın. Çünki yol kənarlarında park edilən maşınlar yolda hərəkəti məhdudlaşdırır və tıxac yaradır. Bu səbəbdən də şəhərin mərkəzində 1 saatlıq park etmə qiyməti bir manat qoyulub. Məsələn, Füzuli meydanının arxasında aylıq park qiyməti 60 manatdır. Azadlıq meydanında yer azlığı olduğu üçün qiymətlər daha bahadır. Məsələn, səhər saat 8-dən, axşam saat 8-ə kimi dayanacaq qiyməti 60 manatdır. Amma sutka ərzində həmin ərazidə avtomobil saxlamaq bir aylıq 120 manatdır. Qiymətləri elə uyğunlaşdırmışıq ki, küçələrdə park etmək yeraltı dayanacaqlarda saxlamqdan baha olsun. Çünki avtomobillərin yeraltı dayanacaqlarda saxlanılması tıxacların qarşısı alınır”.

Bakının mərkəzindən kənardakı qiymətləri də açıqlayan H.Abdullayev deyir ki, paytaxtınn kənar ərazilərində qiymətlər daha ucuzdur.

"Məsələn, 8-ci kilometr ətrafında bir saatlıq park qiyməti 30, İnşaatçılar, Elmlər metrostnasiyalarının ətrafında 50 qəpikdir. Elmlər akademiyası ətrafında yeraltı dayanacaqlar olmadığından Ədliyyə nazirliyinin yanında avtomobil saxlamaq 30 qəpik etmişik ki, sürücülər maşınlarını orada saxlayıb 200-300 metr piyada yol getsinlər. Çünki həmin ərazidə avtomobil saxlamaq hərəkətə maneə olmur”.

Bu məsələdə sürücülərin mədəniyyətini də əsas sayan Həsən Abdullayevin sözlərinə görə, sadə vətəndaşlara xüsusi güzəştlər edilir:
"İaşə obyektlərinə, dövlət müəssisələrinin çoxuna daimi kartlar vermirik. Çünki bir dükandan, bir idarədən 10 nəfər maşının yol kənarında saxladığı halda vəziyyəti təsəvvür etmək heç də çətin olmur. Əsasən sadə vətəndaşlara güzəştli kartlar veririk ki, öz avtomobillərini evlərinin yaxınlığında saxlaya bilsinlər. Lakin dükan sahiblərini başa sala bilmirik ki, sənin 5-6 işçin gəlib dükanın qarşısında avtomobilini saxlayanda həm yol bağlanır, həm də dükanın qarşısını kəsməklə elə öz biznesini öldürmüş olur”.