adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

QAYNAR, iSTi, iLIQ, BUZ KiMi...

OQTAY SALAMOV
20973 | 2007-10-26 08:59
Cənablar, siz bilərsiniz, türk ordusu İraqa girdi, yoxsa girmədi? Agentliklər yazırlar ki, girdi, rəsmi mənbələr susurlar, nə girdi deyirlər, nə də girmədi. Girmədisə heç nə, terrorçular Türkiyəyə girəcək... Təlabaniyə deyin ki, adam kişi olar, bir gün belə, bir gün elə danışan dövlət başçısına elə-belə baxarlar, ayıbdı.
   
   Həmsədrlər yenə gəliblər. İrəvandakı danışıqlardan sonra yeznəmiz Metyu Brayza deyib ki, Azərbaycanla Ermənistanın mövqeyi çox yaxındır: "Biz elə yaxınıq ki, razılaşdırılmamış çox az texniki məsələlər qalıb". Yeznə, biz deyəndə özünüzü nəzərdə tutursunuz, yoxsa ermənilərlə bizi? Əgər biziksə, onda prezidentlər niyə görüşmür və niyə deyirsən ki, buna ehtiyac da yoxdur. Bə deyirdiniz qərarı prezidentlər qəbul eləyəcək. Sonra da "razılaşmanın hələ də mümkün olduğunu" bildirirsən. Sən canın, dediklərinə heç olmasa, özün inanırsan?
   
   İmtahan verdilər, sonra şifahi müsabiqədən keçdilər, "dobro" aldılar, indi də vəkilliyə qəbulu dayandırdılar. Bizim işimiz çətinə düşəndə vəkil yanına gedirdik, bəs vəkillər kimin yanına getsinlər? Ayə, ora gediblər ey, deyirəm imtahan da veriblər, müsabiqə də veriblər. Veriblər, başa düşürsən? Prosto, yəqin cinayət eləyən azalıb, vəkilə ehtiyac yoxdur.

TƏQVİM / ARXİV