adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
02 Oktyabr 2014 11:01
5606
SİYASƏT
A- A+

Qubad İbadoğlu müsavatçıları partiyanın gələcəyini düşünməyə çağırdı

"Heç kənarda qalanlarla Məclisə düşənlər arasında paralellər aparmısınızmı? Necə ola bilər ki, orta savadı olanlar Məclisə düşür, alimlər və ziyalılar kənarda qalır? Bu, sizi düşündürürmü? Düşünürsünüzmü, partiyanın İqtisadiyyat, Təhsil, Tibb, Təhlükəsizlik, Qarabağ komissiyalarına kimlər rəhbərlik edəcək".

 

Adalet.az-ın  məlumatına görə, bu sözləri Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlu özünün "facebook” səhifəsində yazıb. O, son vaxtlar müsavatçıların bir-birini ittiham etməsinə münasibət bildirərək, onları konkret məsələlər ətrafında mübarizə aparmağa çağırıb. Q. İbadoğlu qeyd edib ki, əsas müzakirələr Müsavat Məclisinə keçirilən seçkilərin nəticələri ilə bağlı olmalıdır: "Son günlər sizlər arasında gedən müzakirələri izləyir və bölüşdüyünüz mövqelərə, səsləndirdiyiniz fikirlərə və eyni zamanda bir-birinizə qarşı olan münasibətlərin şiddətinə görə narahatlıq keçirirəm. Əgər Müsavatın güclənməsini və inkişafını istəyirsinizsə, müzakirələrin yönünü dəyişin, onu elə aparın ki, ondan partiyanın gələcəyinə töhfə olsun. Siz nədən bu müzakirələrinizi Məclis seçkilərinin nəticələri üzərində qurub növbəti seçki üçün layiqli namizədlərinizi müəyyənləşdirmirsiniz? Məclis Müsavatın vitrinidir, ora ağılı, zəkası və intellekti olanların meydanıdır. Amma son seçkilər göstərdi ki, sizlər Azərbaycanda konfliktlərin həlli, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert olan ABŞ-ın Duke Universitetinin məzunu Elxan Mehdiyevin, tanınmış iqtisadçı, vergi mütəxəssisi, keçmiş vergi naziri İsa Bağırovun, pedoqika üzrə fəlsəfə elmlər doktoru, Azad Müəllimlər Birliyinin sərdi Məlahət Mürşüdlünün, tanınmış jurnalist Elşad Paşasoyun, insan haqları müdafiəçisi Sədaqət Paşayevanın, Böyük Britaniyanın Nyukasl Universitetində beynəlxalq iqtisadiyyat üzrə magistr dərəcəsini almış Müsavat Gənclər təşkilatının sədri Əhliman Abbasın, başqanlığa namizəd Tural Abbaslının və digər fədakar gənclərin və ziyalı müsavatçıların Məclisə seçilməsinə nail ola bilmədiniz?”


 Q. İbadoğlu partiyada islahatların vacib olduğunu vurğulayıb : "Məclisdəkilərin orta yaşına nəzər salmısınızmı? Hazırkı tərkibdə cəmiyyətə təqdim olunacaq yeni simalar gördünüzmü? Məsləhətim odur ki, bir-birinizi aşağılayan yazılara son qoyasınız, Məclis barədə təhlillər aparasınız, layiqli namizədləri təqdim edəsiniz və onlara yol açasınız”.


Xatırladaq kisentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə partiyanın başqanı seçilib. Q. İbadoğlu 200 isə səslə ikinci olub.