adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
02 Oktyabr 2014 03:16
2997
GÜNDƏM
A- A+

Eks-prezidentlər Bakıda

Bu gün Heydər Əliyev Mərkəzində 4-cü Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək. Foruma 60-dan çox ölkənin dövlət xadimi, alimləri dəvətlidir.

ANS TV- nin məlumatına görə, forumda müxtəlif ölkələrin, nüfuzlu beynəlxalaq təşkilatların,10-a yaxın ölkənin sabiq dövlət başçısı iştirak edəcək. Sadaladığım şəxslərlə yanaşı həmçinin 10-a yaxın Nobel mükafatı laureantlarının məruzəsi dinləniləcək.

Artıq ənənə halını almış, 4-cü dəfə keçirilən Forumun proqramına bir sıra mövzular daxil edilib. Bakıda dünyanın maraq dairəsində olan ən aktual məsələlər, Suriya, İraq problemi, terrorizmlə mübarizə, Qərblə Rusiya münasibətləri fonunda, iqtisadi sanksiyalar və digər sahələrdə qızğın müzakirələrin gedəcəyi gözlənilir. Proqrama əsasən Rusiya prezidenti Vladimir Putinin forum iştirakçılarına müraciəti oxunacaq. Rusiya Federasiya şurasının sədri Valentina Matviyenkonun çıxışı da maraq doğurur. Ardınca beynəlxalq təşkilatların rəsmilərinin, sabiq dövlət hökumət başçılarının çıxışları maraqla gözlənilir. Plenar iclasda multikulturalizm, rəqəmsal dövrdə medianın rolu, 21-ci əsrin çağırışları və sair mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Artıq qonaqlar paytaxtımızdadırlar.

Prezident İlham Əliyev Foruma dəvət edilən dövlət xadimlərinin bəzisini qəbul edib. İtaliyanın keçmiş baş naziri Enriko Letta ilə görüşdə Beynəlxalq Humanitar Forumun əhəmiyyətindən danışılıb, ölkələrarası əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində forumun önəmi vurğulanıb. Ölkə başçısının Estoniyanın keçmiş prezidenti Arnold Rüütellə görüşündə forumun yaxşı ənənə halı aldığı və tədbirə marağın ildən-ilə artdığı qeyd olunub. Prezidentin İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri ilə görüşündə xalqlararası əlaqələrin və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi baxımından forumun önəmi vurğulanıb. BMT-nin İnkişaf Proqramının rəhbəri Helen Elizabet Klark foruma dəvət olunmasına görə dövlət başçısına minnətdarlığını bildirib. Söhbət zamanı forumda maraqlı müzakirələrin aparılacağı, müxtəlif sahələri əhatə edəcəyinə dair əminlik ifadə olunub.