adalet.az header logo
  • Bakı 17°C

HƏBİBİ YURDUNUN NƏĞMƏLƏRİ

VAQİF YUSİFLİ
82306 | 2014-10-01 01:35
Azərbaycanın Şirvan ərazisinə daxil olan rayonlarından biri də Ucardır. Şirvan düzündə yerləşən bu rayon özünəməxsus relyefə, təbiətə malikdir.
Bu yaxınlarda Ucar rayonunda yaşayıb-yaradan, əslən ucarlı olan klassik və müasir qələm sahiblərinin yaradıcılığından nümunələr əks olunmuş bir kitabla tanış oldum: "Həbibi yurdunun nəğmələri". Kitabın redaktoru Ucarda yaşayan ziyalı, qəzet redaktoru Əli Əhmədoğludur.
Almanax "Füzulini heyran edən şair"-Həbibinin təqdimi və şeirləri ilə başlayır. Həbibi klassik Azərbaycan şeirinin görkəmli nümayəndələrindən biridir. XV-XVI əsrlərin sərhədində yaşayıb-yaradan bu sənətkarın ədəbi irsi tamam əldə olunmayıb, amma ondan müəyyən şeirlər yadigar qalmışdır ki, bunlar da onun qüdrətli bir şair olduğunu sübut edir. Uşaq ikən quzu otarmaqla məşğul olan Həbibi Ağqoyunlu hökmdarı Sultan Yəqubun rəğbətini qazanmış, saraya aparılmış, orada istedadlı bir şair kimi parlamışdır. Nəsimi və Füzuli arasında yetişən bu şair Azərbaycan ədəbi dilinin formalaşmasında mühüm rol oynamışdır. Ucarda doğulan ilk şair Həbibidir və almanaxın adında da Həbibi sözü tam qanunidir.
Ucarda bir Məlikballı kəndi də var və XIX əsrdə yaşayıb-yaratmış Məlikballı Qurban da o kənddəndir. Onun xalq şeiri üslubunda yazdığı qoşmaları, həmçinin, təcnis, bayatı, divani-müxəmməsləri klassik poeziyamızın gözəl inciləri sırasındadır. Bir təcnisinə diqqət yetirək:

Məcnun olub səhralara düşmüşəm,
Zeydsən, Leylinin sorağını gör.
Dağdan-dağa səngixarə çəkmişəm,
Şikəstə əndamın sor ağını gör.

Hicran gəldi, ver sevdiyim bustana,
Qoynun içi əcəb dönüb bustana,
Abi-zülal bulanıbdı bustana,
Təşnəsən, durma gəl, sor ağını gör.

İstəsən ki, eşq içində üzəsən,
Nəzər etmə nakəs olan üzə sən.
Qəsdin olsa iqrarını üzəsən,
Məlikballı Qurban sorağını gör.

Almanaxın bundan sonrakı səhifələrində XX əsrdə yetişən ucarlı yazarlar təqdim edilir, onların yaradıcılığından nümunələr verilir. Bir qismi həyatda yoxdur, dünyalarını dəyişiblər, amma şeirləri, sözləri yaşayır. Bunlar kimlərdi? Fətəli Sahib, Şamil Xurşi, Rəhim Rəvan. Əli Səfəroğlu... Ruhları şad olsun onların.
Fətəli Sahibi yaxşı tanıyırdım. Uzun illər "Maarif" nəşriyyatında çalışmışdı. Yazıçılar Birliyinin üzvü idi. Neçə şeir kitabı çıxmışdı. Şeirləri özünəməxsusluğu ilə seçilir, fərqlənirdi. Müharibənin ağrı-acılarından (O, Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdu), günümüzün reallıqlarından, dünyada baş verən ictimai-siyasi hadisələrdən, Azərbaycan torpağının gözəlliklərindən, sevgidən yazırdı. Həssas şair idi. Bir şeirində yazırdı ki:

Silinər bəşərin səddi, izi də,
Aləm qara hisə bələnə bilər.
Düymələr basılsa, dünya özü də,
Bir anda yüz yerə bölünə bilər.

Hərdən gilələnir kirpiyimdə yaş,
Baxıram dünyaya... Qoy ürək dinsin:
Bir Vətən bölünsə, dərd yarı, qardaş,
Kaş bomba zərbindən Yer bölünməsin!

Ucarın Yuxarı Şilyan kəndində dünyaya göz açmış Rəhim rəvan da istedadlı bir şair idi (biz elə bu qəzetin bir sayında Rəhim Rəvanın şeirləri haqda söz açmışıq). O, dünyasını tez dəyişdi, cəmi 51 il yaşadı. Sağlığında heç kitabı da çıxmadı. Ölümündən sonra bu almanaxın tərtibçisi Əli Əhmədoğlunun təşəbbüsüylə şeirlər kitabı işıq üzü gördü. Onu az tanıyan oxucular bildilər ki, nə vaxtsa - lap ölümündən sonra da - istedad öz sözünü deyəcək, çatdıracaq.

Sərtliyi, saflığı cilalı büllur,
Duruşu mehriban, gözlərində nur.
Mənim şeirlərim "Ana" oxuyur,
Onunla tapmışam bu duz-çörəyi,
Ah, ana ürəyi, ana ürəyi!

Şamil Xurşid (Fərzəliyev) də Ucar torpağının yetirməsiydi. Tanınmış yazıçı-publisist idi. Bir müddət satirik "Kirpi" jurnalının redaktoru da olmuşdur. Əsasən müasirlərinin həyatından, gözəl və xeyirxah əməllərindən yazırdı, satirik hekayələri də diqqəti cəlb edirdi. Elə bil bir xəyal idi, gəldi və görünməz oldu. Vəfatından sonra kitabı çıxıbmı? Bu haqda yaxınları, doğmaları fikirləşsinlər.
Bir mərhum şairin-Əli Səfəroğlunun şeirləri də almanaxa daxil edilmişdir. Sağlığında dörd şeir kitabı işıq üzü görmüşdü.
Bu mərhum yazarlara səhifələr ayrılması onları yaddaşlarda yaşatmağın bir nümunəsidir.
Almanaxda Ucarda doğulan, ilk ədəbi nümunələrini də elə Ucarda ərsəyə gətirən və hal-hazırda respublikada tanınan yazarlar əksəriyyət təşkil edir. Oxucuların rəğbətini qazanan yazıçı-pedaqoq Ağarəhim Rəhim artıq bir neçə romanın müəllifidir. Hazırda Bakı Ali Pedoqoji Qızlar Gimnaziyasının rektoru olan Ağarəhim hər iki sahədə fəaliyyətini davam etdirir.
Aşıq Əhlimanı isə yaxşı tanıyırsınız. Şirvan aşıq sənətinin ləyaqətli davamçılarındandır. Şeirləri də aşıqsevərlərə yaxşı məlumdur. O, müasir aşıqdır, - desək, yanılmarıq. Şeirləri də elə bu dövrün, bu zamanın həqiqətlərini ifadə edir.

Pəncərədən günəş kimi,
Baxır boylana-boylana.
Canımı eşqin oduna,
Yaxır boylana-boylana.

Əhliman, görməyəydim kaş,
Görəndən qalmışam çaş-baş,
Könlüm evin yavaş-yavaş,
Yıxır boylana-boylana.

Son illərdə biz Fəxrəddin Meydanlının şeirləri ilə də tez-tez mətbuat səhifələrində qarşılaşırıq. O, sadə və təbii yazır, şeirlərində həmişə vətənpərvərlik duyğularını ifadə edir. Qarabağ mövzusu onun şeirlərində aparıcı xətlərdən biridir. Şeirlərində sevgi və təbiət mövzuları da özünəməxsus incəlikləri ilə seçilir. İnsan - onun arzu və əməlləri, sevinc və kədəri də Fəxrəddinin şeirlərində dönə-dönə vurğulanır:

Üz var, Kəbə kimi üzünü sürt sən,
Üz var, çox üz görüb, üzü sürtülüb.
Bir üzdə qartımış qırışı görsən,
Əyrisi əyridir, düzü sürtülüb.

Kamal sahibləri qurtular dardan,
Qışı da pis keçməz yazdan, bahardan.
Keçədən don geyən hər cahil, nadan,
Qumaşı bəyənməz, bezi sürtülüb.

Almanaxda Nizami Tağısoyun, Səidə Qadir qızının, Mübariz Əsgərovun, Məmməd İmanın, Eynulla Qarayevin, Oqtay Hümmətovun, Zakir İsmayılovun, Nazim Mürsəlin, Rza Bərgüşadlının, Murad Heydəroğlunun, Bərxudar Bəxsizin, Əhməd İlhamın şeirləri də uğurludur. Onların bir çoxu əyalətdə yaşasalar da, bu, hiss olunmur, əsas istedaddır. Necə deyim, Ucarın qızmar, bürkülü keçən kəndlərində də ilham cuşa gələ bilər. Bərxudar Bəxtsizin bəxtli şeirlərindən birinə diqqət yetirək:

Dünyaya bir körpə göz açdı bu gün,
Yeni yol salındı, ömür başlandı.
Bir körpə "inqəsi" düşdü otağa,
Sevincdən bir ana gözü yaşlandı.

Hər ömür bir yolun sükançısıdır,
Hər ömür yollara səpilib itir.
Yolların axırı - hər ömrün sonu,
Gedib məzarlara dirənib bitir.

Almanaxda Ucarda yaşayan gənc ədəbi qüvvələrə də müəyyən səhifələr ayrılıb. Xalid Fikirlinin, Fidan Abbaslının, Gülnar Hüseynovanın, Hüseyn Fərəcovun yazıları göstərir ki, onlar öz üzərlərində çalışsalar, mütaliə dairələrini genişləndirsələr, gələcəklərinə ümid var.
Onların hamısına və kitabın tərtibçisinə uğurlar arzulayıram.

TƏQVİM / ARXİV