adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7

GƏLƏCƏYƏ BÖYÜK ÜMİD VAR

FAİQ QİSMƏTOĞLU
66886 | 2014-10-01 01:34
İnsanların qəlbində yaşamaq, yaratmaq eşqi güclü olanda onun qarşısını heç bir çətinlik ala bilməz. Ən azından ona görə ki, bu insanlar hər bir çətinliyə dözür və mübarizə aparırlar. Mübarizə aparan insanın isə bütün hallarda işləri rəvan gedir.
Ölkə prezidenti dəfələrlə Füzuli rayonuna səfər edib və hər dəfə də yeni inşa edilmiş sosial obyektlərin açılışını edərək burda yaşayan insanlara böyük hörmət bəslədiyini bildirib. Prezident İlham Əliyev Horadiz şəhərində olarkən çıxışında qeyd edib ki, cəbhə bölgəsində yaşayan insanlar əsl qəhrəmandırlar. Çünki onlar heç nədən qorxmur və bu bölgədə yaşayır, işləyirlər. Əlbəttə, insanlar arxalarında dövləti, onun prezidentini görəndə onların ümidləri və güvənc yerləri daha güclü olur.
Belə baxanda burda insanlar hər səhəri böyük sevinclə açırlar. Kimliyindən asılı olmayaraq sabaha böyük inamla ümid bəsləyir. Həmin inam və ümid bəsləyən insanların arasında təbii ki, ömür-gününü və həyatını təhsilə həsr edən, şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olan ziyalılar da var. Deyirlər ki, təhsili olmayan millətin heç vaxt gələcəyi olmur. Bu sözlərdə böyük həqiqət var. Ən azından ona görə ki, savadsız və cahil insanların başına istənilən oyunu gətirmək mümkündür. Amma o yerdə ki, savadlı, dünyagörüşlü və ziyalı insanlar var, onlar ağı-qaradan ayırmağı bacarırlar.
Füzulinin nümunəvi təhsil ocaqlarından biri də 46 nömrəli tam orta məktəbdir. Düzdür, həmin məktəb bu gün qəribçilik bir şəraitdə Bakıda fəaliyyət göstərir. Amma onu qeyd etməliyik ki, buna baxmayaraq, məktəbin müəllimləri tez-tez Horadiz şəhərində olur, təhsil şöbəsindən tapşırıqlar alır və təhsildə böyük islahatlar həyata keçirirlər. "Azərbaycan -2020 - Gələcəyə baxış" konsepsiyasının təhsil sahəsində qarşıya qoyduğu vəzifələrə uyğun olaraq bu gün 46 nömrəli orta məktəbdə sözün həqiqi mənasında böyük yeniliklərə imza atılıb. Belə ki, pedaqoji kollektiv kurrikulum islahatlarının tələblərinə uyğun olaraq yeni texnika və texnologiyaları məktəbə gətirib. Ümumiyyətlə, tək yeni texnika və texnologiya ilə deyil, təhsil işçiləri öz düşüncələrində, təfəkkürlərində də dəyişikliklər eləyə bilməlidir. Nə yaxşı ki, bunu məktəbin pedaqoji kollektivi bacarıb.
Bu gün təhsil ocağında 117 şagird oxuyur. Onların arasında elmə, təhsilə marağı olan şagirdlər demək olar ki, kifayət qədərdir. Əgər belə olmasaydı bu il bu məktəbi bitirmiş 6 məzun müxtəlif ali məktəbin tələbəsi adını qazanmazdı.
Füzuli rayonunun ən yüksək bal toplayan məzunları arasında bu məktəbin şagirdi Fatimə Hüseynova da vardır. Fatimə Hüseynova 595 balla Azərbaycan Dövlət Neft Akademiyasına qəbul olub. Milli Məclisin vitse-spikeri Bahar Muradova bu il ali məktəblərə qəbul zamanı yüksək bal toplayan 10 məzunu qəbul edib və onlara təşəkkür edib. Bayaq dediyimiz kimi, bu məzunların arasında Fatma Hüseynova da olub.
Məktəbin direktoru Gülnaz Məmmədova bildirir ki, 46 nömrəli tam orta məktəb 20 ildir fəaliyyət göstərir. Şagirdlərin təlim-tərbiyəsi ilə 25 müəllim məşğuldur. Biz tez-tez Horadiz şəhərində oluruq. Çünki rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin və təhsil şöbəsinin müdiri Almaz Həşimovanın bizə tövsiyələri olur. Qarşılaşdığımız çətinliklər bu görüşlər zamanı öz müsbət həllini tapır. Onu da qeyd etməliyik ki, kollektivimizdə çox təcrübəli və savadlı pedaqoqlar çalışırlar. Onlardan Kəmalə Süleymanova (ingilis dili), Həbibə Hüseynova (riyaziyyat), Solmaz Məmmədova (kimya), Aygün Kazımova (fizika) başqalarına nümunə sayıla bilər. Sözün həqiqi mənasında biz belə ziyalı müəllimlərimizlə fəxr edirik.
Sözümün sonunda onu da demək istəyirəm ki, bir sıra kütləvi informasiya vasitələrində Füzulidə gedən abadlıq və quruculuq işlərinə kimlərsə kölgə salmaq istəyir. Rayon rəhbərliyinin, o cümlədən təhsil şöbəsinin ünvanına şər böhtanlar deyilir. Amma əsl həqiqət isə göz qabağındadır. Kim əsl həqiqəti görmək istəyirsə Füzuliyə getsin və orda görülən möhtəşəm işlərin şahidi olsun. Yoxsa qarayaxmaqla, şər-böhtan atmaqla bu cür işlərə kölgə salmaq olmaz.


TƏQVİM / ARXİV