adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
30 Sentyabr 2014 16:06
7037
GÜNDƏM
A- A+

Xanlar Vəliyev Türkiyə Ali Hərbi Məhkəməsinin sədrini qəbul edib

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Əsgəri Yarqıtayının (Ali Hərbi Məhkəməsinin) sədri Əhməd Zəki Limanın başçılıq etdiyi numayəndə heyəti ilə görüşüb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Azərbaycanda səfərdə olan Ə.Z.Limanın başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 30-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda olub.

Respublika hərbi prokuroru ədliyyə general-leytenantı Xanlar Vəliyev son illər Azərbaycanda həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, hərbi məhkəmələr və hərbi prokurorluq sistemi və onların səlahiyyət dairəsi və fəaliyyət istiqamətləri barədə nümayəndə heyətinə ətraflı məlumat verib.

Ə.Z.Liman təmsil etdiyi qurumun Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O, iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verməsini xüsusi vurğulayıb.

Əsgəri Yarqıtayın sədri Türkiyə ilə Azərbaycan, eləcə də müvafiq sturukturlar arasındakı münasibətlərin bundan sonra da inkişaf edəcəyini deyərək, iki ölkənin hüquq mühafizə orqanları ilə əlaqələrin daha da möhkəmlənməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

Görüşdə Türkiyə təmsilçiləri Azərbaycan Respublikasının Hərbi Prokurorluq orqanları ilə hərtərəfli əməkdaşlıqda maraqlı olduqlarını, bilik və təcrübələrini bölüşməyə, öz işləri barədə tanışlıq üçün şərait yaratmağa hazır olduqlarını bildirib, bu görüşlərin ölkələrimizin Hərbi Prokurorluq orqanları arasında əməkdaşlıqın inkişafına bir töhfə olacağına əminliklərini ifadə ediblər.

X.Vəliyev görüş zamanı, həmçinin Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyona yaxın qaçqın və məcburi köçkünün olduğunu, əsir dümüş şəxslərə işgəncə verildiyini, terror və erməni silahlı qüvvələrinin digər cinayət əməlləri nəticəsində azərbaycanlıların soyqırıma məruz qaldığını, törədilmiş bu ağır cinayətlərin istintaqının Hərbi Prokurorluq tərəfindən aparıldığını bildirib.

Nümayəndə heyəti daha sonra Respublika Hərbi Prokurorluqda yaradılmış Memorial Soyqırım muzeyində olublar. Qonaqlara məlumat verilib ki, bu muzey Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən qanlı tarixi hadisəni reallığı ilə özündə əks etdirən mərkəzdir.

Qeyd edək ki, Ə.Z.Liman Hərbi Prokurorluqda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü və Milli prokurorluğun yaradılmasının 96-cı ildönümünə həsr olunmuş təntənəli mərasimdə də iştirak edib.

Türkiyə nümayəndə heyətinin Azərbaycana səfəri davam edir.