adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Sentyabr 2014 15:57
8548
MƏMLƏKƏT
A- A+

İnkişaf edən cəmiyyət inkişaf edən qadından keçir

Qadınların ildən-ilə sosial, ictimai-siyasi sahələrdə söz sahibi olmaları, əlbəttə ki, ürəkaçandır. Adətən, cəmiyyətin tərəqqisi, dövlətin dünyəviliyi, nə qüdrətdisə, qadınların sosial-ictimai səviyyəsi, mövqeyi ilə ölçülür. Maraqlıdır ki, hətta ən inkişaf etmiş ölkələrdə də belə ölçügötürmələr nəzərə alınır. O ölkənin ki, qadınının ictimai-siyasi mövqeyi yüksəkdir, deməli həmin ölkə tərəqqi etmiş, öndə olan ölkələrdən hesab olunur, başqa sözlə dünya anlayır ki, inkişaf edən cəmiyyət və dövlət inkişaf edən qadından keçir. Necə deyərlər "Qadın güləcəksə, bəşər güləcək”. Əlbəttə ki, dünyanın bir çox ölkəsinin qadını hələ ki "ağlar” vəziyyətdə qalıb. Amma o da sevindiricidir ki, son illər Şərq qadınları ictimai, elmi, mədəni, siyasi dairələrdə tez-tez təmsil olunmağa başlayıblar.

Azərbaycan qadınların sayılıb, əziz tutulduğu ölkələrdəndir. Ta qədimdən Azərbaycan xalqı qadınla bağlı hər bir məsələyə həssas yanaşıb, qadına hörmət olunub, mövqeyi qorunub. Amma ikincilik statusunu adlaya bilməyən qadınlarımız cəmiyyətdə çox zaman özlərinin seçdiyi yox, onlar üçün seçilən mövqedə dayanıblar. Həmsöhbətim – Teleqraf Holdinqin rəhbəri, Publika.az saytının baş redaktoru Aynur Camal hesab edir ki, bunun səbəbini qadınların özlərində axtarmaq lazımdır: "Bu bir az da qadınların öz gunahıdır. Qadınlar siyasi sosiallaşma prosesində fəal iştirak etmirlər. Mentalitet və s. mane olur. Bir cox hallarda qadının analıq vəzifəsi də onun özünü karyeraya həsr etməsinə imkan vermir. Amma sevindirici haldır ki, dövlət özü bu məsələdə prinsipiallıq nümayiş etdirir. Qadınların ictimai-siyasi proseslərdə, idarəetmədə,  siyasi qərarların qəbul olunması prosesində iştirakını tənzimləmək üçün önəmli addımlar atır. Gender bərabərliyi haqqında qanun qəbul olunub. Parlamentdə qadın deputatların sayı hər seçkidə artır. Dövlət strukturlarında qadınlar yuksək vəzifələrə irəli çəkilirlər. Amma, əlbəttə, say etibarilə bu azdır. Qadınlar bu prosesdə daha fəal iştirak etməlidirlər.”

 

Əlbəttə, təqdirəlayiqdir ki, son illər ölkədə qadın problemlərinin həlli və qadının qərar qəbuletmədə rolunun artırılması üçün əhəmiyyətli işlər görülüb. Bu istiqamətdə yaradılmış Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınların maarifləndirilməsi, ictimai-siyasi mövqeyinin gücləndirilməsi, fəallığının artırılması, qadınların əmək bazarında rəqabət qabiliyyətlərinin artırılması, qadın sahibkarlığının inkişafı və bu sahədə nailiyyətlərin əldə olunması ilə bağlı çoxsaylı tədbirlər həyata keçirib. İstər yerli, istərsə də beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirilir, cəmiyyətin diqqəti qadın problemlərinə yönəldilir, zərif cinsin sosial mövqeyinin möhkəmləndirilməsində addımlar atılır.  Yerlərdə, bölgələrdə qadınlarla mütəmadi olaraq görüşlər keçirilir, onların problemləri ilə yaxından tanış olurlar.

Bu günlərdə Azərbaycanda qadınların ölkənin sosial-iqtisadi və siyasi həyatına daha da cəlb edilməsini artırmağa hesablanmış "Power to Women" layihəsinə də start verildi.

Avropa İttifaqının 2 il üçün nəzərdə tutulmuş layihəsi çərçivəsində qadınların öz hüquqları barədə zəruri biliklər, ölkə qanunları, iqtisadi prinsiplər, habelə sahibkarlıq və kommunikativ biliklər haqqında zəruri məlumatlar əldə edə biləcəyi xüsusi təlimlər keçiriləcək.

Layihə çərçivəsində treninqlərə Azərbaycanın müxtəlif bölgələrindən təqribən 400 qadın qoşulacaq. İştirakçılar üçün yaş məhdudiyyəti yoxdur.

Yeri gəlmişkən, Azərbaycan qadınının yüksək mövqelərdə təmsil olunmasını göstərən statistik məlumatlara nəzər salaq:

Azərbaycanda Parlament sədrinin 3 müavinindən 1-i, 124 deputatdan 19-u qadındır. İki dövlət qurumunun sədri (Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  Tələbə Qəbulu üzrə  Dövlət Komissiyası), 3 nazir müavini, 85 rayon üzrə 68 İcra Hakimiyyəti müavini qadındır. İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman), bundan başqa, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin sədr müavini və ombudsmanı qadındır.

Həmçinin, Konstitusiya Məhkəməsinin sədr müavini və hakimlərin 14% - ni qadınlar təşkil edir. Hal-hazırda 302 nəfər bələdiyyə sədri də qadındır.

200 Qadın qeyri-hökumət təşkilatı var. Respublika iqtisadiyyatının bir sıra sahələrində (təhsil, səhiyyə, mədəniyyət, sosial və s.) işçilərin 76,5%-ni, təhsildə 67,1%-ni və digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsi sahəsində 54,3%-ni qadınlar təşkil edir.

Bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsində fəallıq göstərir, amma qadınlarımızın cəmiyyətin və dövlətin bütün sahələrində rolunun daha da artmasına və genişlənməsinə böyük ehtiyac var. Buna görə də bu istiqamətdə maarifləndirmə, təbliğat-təşviqat işlərinin daha da genişləndirilməsi lazımdır. Yuvanı dişi quş düzəltdiyi kimi, cəmiyyətin, dövlətin formalaşmasında qadınların rolu əvəzedilməzdir.