adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
30 Sentyabr 2014 16:03
6360
SİYASƏT
A- A+

Xaricdən maliyyələşən layihələrlə bağlı qaydalar dəyişir

Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” və "Qrant haqqında” qanunlara əlavə və dəyişikliklər müzakirəyə çıxarılıb.


Adalet.az-ın xəbərinə görə, iclasda komitə sədri Əli Hüseynli layihələr barədə məlumat verib.

"Qeyri hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna əlavə edilən maddə 24-2.-də bildirilir ki, qeyri hökumət təşkilatı tərəfindən bu qanunun 24.0.3-cü maddəsində nəzərdə tutulmuş xidmətlərin göstərilməsi və işlərin görülməsi müqavilə əsasında həyata keçirilir. Xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilə qeydə alınması üçün qeyri hökumət təşkilatı tərəfindən müvafiq icra hakimiyyəti orqanına təqdim olunmalıdır. Müqavilə olmadan və ya qeydiyyata alınmamış müqavilə üzrə xidmətlər göstərən və ya işlər görən qeyri hökumət təşkilatı İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyət daşıyacaq.

"Qrant haqqında” qanunun 2-ci maddəsinə əlavə edilən hissədə isə deyilir ki, "qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur”.

Qanunun 2-ci maddəsinə əlavə edilən 5-1-ci hissədə isə bildirilir ki, "donorlar tərəfindən qrant vermək hüququnun əldə edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir”.

Qanunun 4-cü maddəsinə əlavə edilən 4-2-ci hissədə bildirilir ki, "qrant müqavilələrinin (qərarların) qeydə alınması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Müzakirələrdən sonra layihələr plenar iclasa tövsiyə olunub.

apa