XƏCALƏT

ƏBÜLFƏT MƏDƏTOĞLU
32538 | 2007-10-24 06:22
"Ədalət" qəzetinin dünənki sayını oxuyan hər bir kəs əgər diqqət yetiribsə, qəzetin manşeti çox qəribə idi. Oxumayanlar üçün xatırladım:
   
   - Türklər də "lazım"ı gözləyir! (Əslində burda sonsuz sayda nida işarəsi qoyulmalıdı).
   
   Bəli, həqiqətən bu lazım hər kimdisə bizi təkcə el-oba, arvad-uşaq, qohum-əqrəba, dost-tanış yanında deyil, cəmi mələkətdə, cümlə dünyada biabır elədi. Bu zalım Oğlu (bəlkə də bu zalım Qızı) nə məssəbə qulluq edir, hansı əqidənin sahibidir, kimin dediyi ilə oturub-durur baş aça bilmirəm. Bilsəm nə dərdim vardı ki? Dizin-dizin, sürünə-sürünə, iməkləyə-iməkləyə, tay bilmirəm hansı formaya gücüm çatırsa, bacarıramsa o cür də yeriyərdim qabağına. Dizimi atıb yerə əlimi açıb göyə yalvarardım, deyərdim ki:
   
   - Dədəm-anam, oğul-uşağım, qonum-qonşum, kəndim-kəsəyim sənə qurban ay Lazım, başına dönüm hardasan? Niyə gəlib çıxmırsan... Niyə gözümüzü döyənək, ürəyimizi yağır eləmisən... Niyə bu daşı tökmürsən ətəyindən... Niyə gəlib çıxmırsan... Niyə bizim papağımızı arvad-uşaq yanında yerə soxdun... Cəmi dünyada biabır elədin... Arvad-uşaq, cəmi dünya bir yana, hələ üstəlik xəcalətli qaldıq Metyu Brayzanın, Fasyenin, Merzlyakovun yanında... Üzümüzə deməsələr də him-cimlə, hərəkətləri ilə qandırdılar ki, harda qaldı sizin Lazımınız... Bəs deyirdiniz Lazımınız var, sezona gedib, topla-tüfənglə gələcək... Dolunu dağıdıb boşu dolduracaq... Bə noldu.. İndi özün fikirləş dana ay başına dönüm, bu təntənəni nə təhər həzm eliyək?..
   
   Bu fikirləri kompüterin ağappaq yaxasına naxışladıqca özümdən asılı olmayaraq, havalanmış adam kimi bərkdən də təkrar edirdim. Səsim ağzımdan çıxıb qulağıma çatınca tez sağa-sola baxdım. Düşündüm ki, birdən Allah eləməmiş Lazımın gəlməsini istəməyənlər eşidər, gedib birinin üstünə də beşini qoyub onun yolunu bir az da o tərəflərə salar. Tay ondan sonra ölüləri ağlayıb qurtarmışıq... diriləri başlamışdıq ağlamağa ona da göz yaşımız çatmaz, olan-qalan umudumuz da puç olub gedər. Bu da olar ikinci biabırçılıq...
   
   Biabırçılıq deyəndə ki, ağzı göyçəklər söz yayar ki, Lazımı küsdürmüşəm ona görə gəlmir. Onsuz da mənim əskim tüstülüdü, xatası da gəlib məni tutacaq. Deyəcəklər ki, niyə qaxılıb oturmurdun yerində, ürəyi yanan çıxmışdın?.. Lazıma minnət edirdin, özü də qəzet vasitəsilə?.. Bilmirsən indi hər sözü yox, hər hərfi, hər işarəni qaldırıb altında nə isə axtarırlar?.. Bilmirsən, Lazım suyu üfürə-üfürə içir?..
   
   Hə, bax bunları fikirləşəndə düzü, elə bil yatmışdım oyandım. Dedim ki, doğrudan ha, birdən Lazım küsüb eliyər, ondan sonra Motodromdakı özülsüz evimi də şəlləyərlər dalıma, day sığınmağa yer tapmaram. Odur ki, tələm-tələsik Lazımdan üzr istəmək üçün çevirdim o biri vərəqi...
   
   Kim nə iş görür düz eliyir... Kim hansı qərarı qəbul edir onun da lap əlinin içindən gəlir. Lazım görünür bizdən çox bilir, əlaqələri genişdir, imkanları böyükdür, oturub vaxtın, vədənin lazım gələcəyini gözləyir. Elə ki Lazımın lazımı gəldi, onda heç bizdən soruşub-eləmədən özü öz işini görəcək. Bunu yaddan çıxarmaq olmaz. Əksinə sırğa edib qulağımıza, sancaq edib yaxamıza taxmalıyıq. Bir də ki, biz artıq Lazımın da səbrinə bələdik, özümüzün də. Dərd türk qardaşlarımızındır...
   
   Türklər də indi oturub Lazımı gözləyir. Əllərində neçə cürə qərar, yəni təskərə ola-ola, hələ götür-qoy eləyirlər. Özü də tələm-tələsik, hay-küynən.

TƏQVİM / ARXİV