adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
30 Sentyabr 2014 13:00
5359
GÜNDƏM
A- A+

Gömrük rəhbərləri Bakıda bir araya gəldi

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevlə İran İslam Respublikasının gömrük idarəsinin rəhbəri Məsud Kərbasiyan arasında görüş keçirilib. Tədbirdə çıxış edən komitə sədri Aydın Əliyev deyib ki, Azərbaycanla İranı uzun əsrlərdir dost və qardaşlıq münasibətləri birləşdirir. O, Ümummilli Lider Heydər Əliyevin hələ Naxçıvan MR-da Ali Məclisin sədri olarkən iki ölkə arasında qurulan münasibətlərə böyük önəm verdiyini xatırladıb.  O deyib ki, bu münasibətlər indiki dövrdə də yeni müstəvidə qurularaq davam etdirilir. 

A.Əliyev qeyd edib ki, Azərbaycan və İran gömrük xidmətləri iki ölkə arasında körpü rolunu oynayır. Onun sözlərinə görə, İran-Azərbaycan arasında dəniz, hava və sərhəd gömrükləri mövcuddur: "Ölkələr arasında ticarət dövriyyəsinin böyük önəmi var. Gömrük statistikası ticarət dövriyyəsindəki mövcud vəziyyəti əks etdirmir. İki ölkə arasında əməkdaşlığın əsas hissəsini loqistika və tranzit təşkil edir". 

Komitə sədri bildirib ki, nəqliyyat vasitələri və yüklərin qısa bir müddət ərzində rəsmiləşdirilməsi Azərbaycan üçün çox önəmli məsələdir. 

İranın İslam Respublikasının gömrük idarəsinin rəhbəri Azərbaycanda gömrük sahəsində gedən inkişafdan çox razıdır. 9 il öncə Azərbaycanda olduğunu xatırladan qonaq qeyd edib ki, bu gün Azərbaycan çox böyük inkişaf yolu seçib. Hesab edirəm ki, bu inkişaf gömrük sahəsində də əks olunub. Qonaq ticarət əlaqələrinin genişlənməsi, tranzit Şimal-Qərb dəhlizinin inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edib. O, əlavə edib ki, iki ölkə arasında gömrük məsələlərinin sadələşdirilməsi olduqca önəmlidir: "Biz iki ölkə arasında ən xırda məsələləri belə, problemsiz həyata keçirilməsində maraqlıyıq. Biz sərhəd-keçid məntəqələrinin mexanizmləşdirilməsinin gömrük-keçid məntəqələrinin 24 saat fəaliyyətinə çalışmalıyıq. Ümid edirik ki, İran prezidentinin Bakıya nəzərdə tutulan səfərində bu müzakirələrin nəticələrini görəcəyik".

O, iki ölkə arasında dəmir yol xətlərinin birləşdirilməsində maraqlı olduqlarını qeyd edib və vurğulayıb ki, bu xətlərin birləşdirilməsi hər iki dövlət arasında ticarət dövriyyəsini artıracaq.