adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
30 Sentyabr 2014 00:30
9472
SİYASƏT
A- A+

Fəttah Heydərov Naxçıvandan danışdı

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Naxçıvan haqqında danışıb. Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) "Naxçıvan Muxtar Respublikası 90: innovativ, davamlı inkişaf modeli” mövzusunda elmi-praktiki konfransda məruzə ilə çıxış edən F.Heydərov bildirib ki, çoxəsrlik dövlətçilik ənənələri olan Naxçıvan həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşadıb, yetirdiyi çoxlu sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatına əvəzsiz töhfələr verib. Naxçıvan, eyni zamanda, Azərbaycan xalqına böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevi bəxş edib.
Naxçıvanın müasir inkişafının ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən F.Heydərov vurğulayıb ki, Ümummilli Lider fəaliyyətinin bütün dövrlərində Naxçıvana diqqət və qayğısını əsirgəməyib. Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində Azərbaycan çox böyük uğurlar əldə edib. Buraya təbii ki, Naxçıvanın da dinamik inkişafını əlavə etmək lazımdır. F.Heydərov muxtar respublikanın sənaye, ixrac potensialından, həyata keçirilən uğurlu infrastruktur layihələrindən söhbət açıb.