"AZƏRBAYCAN DÖVLƏTi AZƏRBAYCAN iNSANINA XiDMƏT ETMƏLiDiR"

ƏBÜLFƏT MƏDƏTOĞLU
29634 | 2007-10-23 06:34
Azərbaycanın ictimai-siyasi fikir tarixinin müstəqillik dönəmində özünəməxsus yeri olan siyasi fiqurlardan biri də Asim Mollazadədir. Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə ilə görüşüb həmsöhbət olmağımızda məqsəd Asim bəyin cəmiyyətimizdə, dünyamızda baş verən hadisələrə münasibətini öyrənmək, fikirləri ilə tanış olmaq idi.
   
   - Asim müəllim, sizi oxucularımıza təqdim etməyə o qədər də ehtiyac yoxdur. Ancaq mənim üçün maraqlıdır sizin rəhbəri olduğunuz partiyanın adında "demokratik islahatlar" sözləri var. Bu nəyi özündə əks etdirir, nəyi nəzərdə tutur?
   
   - Azərbaycan gənc dövlətdir. Böyük çətinliklər, mübarizələr hesabına biz müstəqilliyimizi əldə etmişik. Bizim istəyimiz Azərbaycanın təkcə müstəqil deyil, həm də bir demokratik dövlət kimi inkişafıdır. Və bu demokratik inkişaf xətti də ilk növbədə sovet təfəkküründən qurtuluşundan, insanların real azadlıqlarının təminatından keçir. Tam əminik ki, siyasi-iqtisadi azadlığa nail olan insan yaradıcı ola bilər. Bu insanın həm də sosial təminatlarının mövcudluğu ona dövlət daxilində yaradılan şərait yaradıcılıq imkanları verir. İlk növbədə biz həmin göstərdiyim azadlıqlara nail olmaq üçün cəmiyyətin tələbatlarını ödəməliyik. Yəni sərbəst düşünmə, sərbəst seçim etmə imkanları ortada olmalıdır. Siyasi partiya kimi biz həm də özümüzü müvafiq bir təbəqənin təmsilçisi kimi görürük.
   
   - Hansı təbəqədən söhbət gedir?
   
   - Hər bir dövlətin inkişafı stabilliyi, zənginliyi onun bir qrup oliqarxın zənginliyindən keçmir. Bu ancaq orta təbəqənin ölkədə iş mövcudluğundan, öz çörəyini bilgiylə, bacarığı ilə qazanan insanların fəaliyyəti nəticəsində olur. Söhbət ilk növbədə məhz sahibkarlar və təəssübkeş insanlarin əməyi nəticəsində xırda və orta məsələlərin bir növ sistemi mövcud olan bir təbəqədən gedir. İnsanların siyasi, iqtisadi azadlıqları ilə yanaşı, həm də yaradıcılıq və mənəvi adazdlıqları da təmin olunmalıdır. Onda məhz bu təminatlardan çıxış edən azad insan özü qrup yaratmağa, zənginləşməyə heç bir problemsiz maraqla cəhd göstərəcək. Buna görə də partiyamız məhz bu azadlıqlara nail olmağa məqsəd qoyub. Bilmək lazımdır ki, dövlətin inkişafı da, stabilliyi də heç də bir qrup aliqarxın zənginliyindən keçmir. Mütləq orta təbəqə olmalıdır. Məhz orta təbəqənin geniş inkişafı dövlətin möhkəmliyinə, stabilliyinə, tərəqqisinə zəmanət verə bilər. Həmin orta təbəqə də məhz sahibkarların, təəssübkeş insanların əməyi nəticəsində ortaya çıxa bilər. Onlar öz intellekti, biliyi, işgüzarlığı, zəhmətsevərliyi ilə orta təbəqəni də özünə doğru çəkə bilər. İnsanların əvvəldə dediyim kimi siyasi, iqtisadi azadlıqları, söhbət qanuna əsaslanan azaldlıqlardan gedir, bizim partiyanın əsas siyasi xəttidir. Siyasi şüarımız isə "Azadlıq və məsuliyyət!"dir. Düşünürük ki, məsuliyyətsiz azadlıq anarxiyaya aparır. Heç kimin azadlığı başqasının azadlığına məhdudiyyət yaratmamalıdır. Ən əsası biz istəyirik ki, sovet təfəkkürünün əsas modeli olan "hər bir vətəndaş dövlətin bir vintidir" prinsipini reallaşdıra bilər. Yəni Azərbaycan dövləti öz insanlarına xidmət etsin. İkinci şüarımız isə "Mülkiyyət müqəddəs və toxunulmazdır!". Təəssüf ki, sovet dönəmində insanlarda mülkiyyət hüququ tam imtina edilmişdir. Hətta indi də bəzi məmurlarımız bu cür düşünür. Ən vacibi odur ki, nəhayət azərbaycanlılar varlanma amilinə düzgün yanaşıb onu qəbul etməlidirlər.
   
   - Bəs partiyanız xarici siyasətdə nəyə daha çox önəm verir?
   
   - Biz birmənalı olaraq bəyan etmişik ki, Azərbaycan Avroatlantik məkanın bir parçasıdır. İlk növbədə biz Avropanın insan azadlıqlarını, humanzmini nəzərdə tuturuq və bunun üçün böyük imkanlarımız var. Mən Azərbaycan deyəndə ilk növbədə İslam və türk dünyasının ilk operasını xatırlayıram. Cəlil Məmmədquluzadəni, Sabiri, M.F.Axundovu düşünürəm, böyük maarifçilərimizi anıram. Fəxr edirəm ki, C.Məmmədquluzadənin kitabı Pakistan tələbələri üçün dəyərli mənbədir. Biz bu yüksək dəyərləri qoruyub saxlamalı və inkişaf etdirməliyik. Odur ki, biz ehtimal olunan enerji sahəsindəki gəlirlərin Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin də inkişafına yönəldilməsini çox istərdik. Bu dövlətin həm də strateji inkişafına xidmət olardı. Məhz bu istiqamətdə atılan addımlar Azərbaycanın peşəkar gəncliyinin inkişafına da şərait yaradar.
   
   - Asim müəllim, siz siyasi meydana məlum hadisələrin dalğasında gəldiniz, amma sonda məsləkdaşlarınızdan ayrıldınız. Bunun səbəbi nə idi?
   
   - Mən heç vaxt bu məsələ ilə bağlı mətbuata açıqlama vermirəm. İstəmirəm ki, mənim hansısa ifadələrim, fikirlərim onlara qarşı istifadə olunsun. Düşünürəm ki, ilk növbədə Azərbaycanda yüksək siyasi mədəniyyətə nail olmalıyıq.
   
   - Asim Mollazadə Avropanın, Beynəlxalq Təşkilatların qəbul etdiyi siyasilərdən biridir. Bu mənada Asim Mollazadə üçün bizim Milli Məclis nəyi ifadə edir və Asim bəyin tanıyıb bildiyi AŞ PA nəyi özündə əks etdirir?
   
   - AŞ PA Avropa dövlətlərini müvafiq dəyərlərini öz ətrafında birləşdirir. Həmin dövlətlərin bir çoxu artıq özünün öz strateji inkişaf istiqamətini də müəyyənləşdirir və Avropa ailəsinə qatılmaq istəyən dövlətlər də bu prosesə qatılıblar. Sevindirci haldır ki, Azərbaycan da bir çox beynəlxalq qurumlarda təmsil olunur. Mənim üçün AŞ PA bir tribunadır. Azərbaycanın sözünü, həqiqətlərini çatdırmaq tribunası. Eyni zamanda Milli Məclisimiz də bizim üçün bir fürsətdir. Biz həmin tribunalardan istifadə edib Azərbaycana olan təcavüzə münasibətlər bildirir, cavablar verir, qaçqın və məcburi köçkünlərimizin problemlərini çatdırıram. Əvvəldə də vurğuladım ki, Qarabağ Azərbaycanın təkcə ağrılı yeri deyil, həm də hər bir azərbaycanlı kişisinin namus məsələsidir. Ona görə də biz hər bir fürsətdən istifadə etməliyik. Partiyamız təkcə Qarabağın azad edilməsini yox, həm də ondan sonrakı inkişaf yolunun müəyyən edilməsində maraqlıdır. Bu bölgəyə xüsusi diqqət yetirilməlidir. Həm bərpa, inkişaf istiqamətində həmin bölgə ən önəmli yer olmalıdır. Şuşa azad olunana kimi mən qarabağlıyam.
   
   - Asim müəllim, uzun illərdir biz gözümüzü Minsk qrupuna dikmişik. Amma son vaxtlar bu qrupla bağlı müəyyən fikirlər səslənir. Sizcə Minsk qrupuna ehtiyac qalıb, yoxsa...
   
   - Minsk qrupu BMT-nin mandatına malik olan müvafiq bir qurumdur. Mən gözləmirəm ki, Minsk qrupu gəlib bizim torpaqlarımızı azad edəcək. Dəfələrlə qeyd etmişəm ki, ATƏT özünün müəyyənləşdirdiyi prisiplərə əməl etmir. ATƏT-in nizamnaməsinə görə bu təşkilata daxil olan dövlətlər bir-birinin ərazi bütövlüyünü qəbul etməlidir. Amma nə haqla Ermənistan bunu etmir? Belə ərkəsöyündür? Niyə ATƏT bu amilə diqqət yetirmir? Elə bu cür qanunayanaşma da digər fəsadlara meydan verir. Qəribə mənzərə yaranıb. Bu cür müzakirə mövzusu olan Dağlıq Qarabağdan beş dəfə artıq digər ərazilərimiz də işğal olunub. ATƏT bu gün ermənilərin status məsələsini müzakirə edir, amma bütün beynəlxalq təşkilatlar bir amili yaddan çıxarırlar: - Müzakirə mövzusu işğal bölgələrindən işğalçı qoşunların çıxarılma təqvimi olmalıdır.

TƏQVİM / ARXİV