adalet.az header logo
  • Bakı 11°C

PAYIZ

VAHİD ƏLİFOĞLU
22863 | 2007-10-20 08:10
...Saralmış yarpaqlar tək-tək qopub tökülür. Yarpağı seyrələn budaqlar, budaqları çılpaqlaşan ağaclar tənhalıq gətirir... "Əsir payız yelləri"... Tənha adamın təhnalıqdan nə gözlədiyi, nə 0umduğu kimə maraqlı, kimə?... Bu payız da heç kimə məsləhət etmədən gəlir...
   
   ...Gülşən arvad başını salıb aşağı. Utanır və utana-utana da bir "qatımlıq" unu, on manat pulu gözləyir. Elə iki kəlmə sözü tez-tez təkrarlayır: "Vallah, həftənin axırına qaytaracam"... Bu gün üçüncü gündü...
   
   Arvad unu yığdığı vedrəni uzatdı Gülşənə. On manat unun üstündə payız yarpağı kimi titrəyir...
   
   Gülşən getdi. Arvad xırda izahat verməyi unutmadı:
   
   - Yazıq bir həftədi qonşuların umudunadı. Unu qurtarıb. On manatı da sabah atacaq bacısı qızının toyuna...
   
   ...Elton Conun, Rafetin, Mahsun Qırmızıgülün möhtəşəm konsertləri... Biletin qiyməti yüz manatdan səkkiz yüz manata qədər... Ortalıqda söhbət gedir ki, Zilanla Rəsul da gələcək... "Aşka sürgün" teleserialındakı "sənətçilər"...
   
   ...Arvad qırsaqqız olub yapışıb yaxamdan: əl çəkmir ki, əl çəkmir:
   
   - Bu qulağı sırğalı kişidi, yoxsa arvad?
   
   Elton Conu göstərirlər televizorda...
   
   ...2000-ci il idi. Çadırda "ağ neft" paylayırdım. Tərs kimi həmin gün "Qalatasaray" oynayırdı. Hər on dəqiqədən bir uşaq göndərirdim ki, get oyunun hesabından xəbər gətir...
   
   ...Mən Anadolu türklərini öz qardaşım, bacım bilirəm... Amma...
   
   Bakıdan qucaq-qucaq pul aparan türk müğənnilərinin birinin bizim musiqi haqqında xoş söz dediyini eşitməmişəm... Karsın bələdiyyə başqanı hələ də özünü dağıdır ki, Ermənistanla sərhəddi açacam... Hamımızın "ağzı açıq" baxdığımız "Qurdlar vadisi" filmində erməni də çəkilib... Bunlar xırda şeylərdi və türk ordusunun 1918-ci ildəki "xalis yürüşü"nü heç nə ilə ödəmək, əvəz etmək olmaz... Amma...
   
   ... Onsuz da bizdə hamı oxuyur. Nə türk, nə özbək, nə gürcü oxuyanına vallah, ehtiyac yoxdu... Onların əlini, ayağını yalayan, "beş-on fanatdan" başqa kimdi zalda əsir-yesir olan?... Deyəsən, çox uzatdım xırda bir hadisəni? Mənim nəyimə gərəkdi ki, kim gəlir, kim gedir?...
   
   ...Metyu Brayzanın toyunda yeyib-içənlər görəsən nə qədər pul yazdırıblar siyahıya? Səhv etmirəmsə, həmin gün bir əsgərimiz də şəhid olmuşdu cəbhə xəttində... Zalım oğlunun sifəti onluq lampa kimi yanır...
   
   ...Xanlar kişi, rəhmətlik deyərdi ki, kişinin ki, sifəti işıldadı deməli, arvadının oynaşı var, özünün ibnəsi... (Oxuculardan üzr istəyirəm - V.Ə.).
   
   ...Sevda müəllimə İsmayıl Şıxlının "Seçilmiş əsərləri"ni göndərib mənə... Elə bil bu kitabdakı hadisələr hardasa uzaq Afrikada baş verib. Heç bizə oxşamır bu kitabdakılar... İlahi, nə tez dəyişdik biz? Beş-on il keçib... Bəs əlli, yüz ildən sonra nə olacaq?..
   
   ...Əbülfət Mədətoğlu gileyləndi ki, bəs az yaz də, bizim kənddə filan şey oldu, filankəs filan sözü dedi... Onu da axırda qeyd etdi ki, bu sözləri sənə dost, qardaş kimi deyil, "Ədalət" qəzetinin baş redaktorunun müavini kimi deyirəm...
   
   ...Nədən yazım, ay qardaş? Gördüklərim, eşitdiklərim budu, də. Vallah ayrı şey yaza bilmirəm. Nədən başlayıramsa gedib çıxır Qarabağa, Seyidəhmədli kəndinə...
   
   ...Mənim qırx yaşım var idi Minsk qrupu "iş başında" olanda. İndi pensiyaya çıxmağıma beş-altı il qalıb... Sergeydən, Metyudan, Bernardan öncə o qədər sergeylər, metyular, bernarlar görmüşəm ki... Qarabağ dönüb qoz ağacına. Hər gələn bir selbə atır...
   
   "Gənclik" jurnalında o vaxtlar bir hekayə oxumuşdum. Müəllifini unutmuşam. Qız elçiliyinə gəlirlər və elçilikdə belə bir misal çəkirlər: "Qız ağacı, qoz ağacı. Hər gələn bir selbə atar"...
   
   Qızın əmisi elçilərə deyir ki, mənim qozuma selbə atanın selbəsini...
   
   Bir Gülnisə arvad var idi. Yaman məzəli arvad idi. Füzulidə, bazarda kolxozun kassiri çıxır qabağına deyir ki, ay kəndçi kassir adamsan bir-iki kilo qoz al sındıraq... Kassir də hal əhliymiş, deyir ki, ay Gülnisə bacı səhərdən bazarın ayağından vurub başından çıxmışam, sən sındırası qoz yoxdu burda. Hamısı çətin qozdu...
   
   ...Deyəsən, bu Minsk qrupunun həmsədrlərini seçib qoyurlar. Əlləri kəlbətindi elə bil... Sındıra-sındıra gedirlər Qarabağ qozlarını...
   
   ...Füzulidən bir nəfər at ilə Molla Nəsrəddin yolu gedir Şuşaya dolma yeməyə. Yeməkxanada dava düşür, kişinin başın-gözün əzib yola salırlar...
   
   Kişi evinə çatana qədər susur. Həyətinə girib qapını örtür, sonra üzünü tutur Şuşaya tərəf və deyir:
   
   - Köpək oğlu, kişisən gəl, burda danışaq...
   
   ...Mənim söhbətim döndü Şuşada dolma yeməyə gedənin əhvalatına...
   
   Neyniyim, mənim də gücüm sözə çatır.
   
   Nə yaxşı ki, söz var imiş...
   
   ...Uşaqlar getdilər balığa. Mənə də dedilər, həvəsim olmadı. Yazının nöqtəsini qoyub keçdim içəri. Stolun üstündə Rasim Qaracanın "R" hərfi olmayan aylar kitabı. Götürüb vərəqlədim...
   
   ...Evimizin arxasında İmişli alverçiləri balıq satırlar...
   
   ...Payızdı, "R" hərfi olan aylar başlayıb...
   
   

TƏQVİM / ARXİV