adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

QAPISI BAĞLI KÖNÜLLƏR

VƏSİLƏ USUBOVA
26649 | 2014-09-27 01:51
Görəsən, niyə Günəşə baxmaq olmur?! Nədən Ay qaranlıq gecələrdə bəzən günlərlə itir, bəzən də təzə gəlin kimi başının üstündə cilvələnir?! Ulduzlar niyə belə uzaqdılar, soyuqdular?! Göylərdə bu qədər su hardandı ki, günlərlə leysan yağışlar yağır?! Bəs, küləklər, onlar hardan gəlib, hara gedirlər?!...
İnsan oğlu mağaradan çıxıb dörd yanına boylanandan bunlara cavab axtarır və ayağının altında, başının üstündə nə varsa sirrini bilməyə, öyrənməyə can atır. Yerin təkində, göyün ənginliyində, suların dibində, dağların zirvəsində nələrin gizləndiyini bilmək istəyir. Bilmək istəyir ki, bax, o üfüqlərin qovuşduğu yerdən o yana hansı məkanlar var? Oralarda da adamlar yaşayırmı? Yaşayırsa, necədi? Rəngi, boy-buxunu, yeməyi, içməyi də eynən onunku kimidi, yoxsa, fərqlidi?!... Axtarır, tapır, öyrənirg Hətta başqa dünyaların qonağı olmaq eşqinə də düşür. Elə bilir ki, ömür elə budu. Əgər bir yox, bir neçə ömür yaşasa, daha çox şeylər tapar, daha çox gizlinləri aşkarlayar...
Amma... unudur ki, bütün bunların əvəzinə heç olmasa, bir damın altında yaşadığı adamların aradabir könül qapılarını çalıb, orada nələr yaşandığını öyrənmək istəsə, sevincini artırıb, qüssəsini azaltmağa çalışsa, daha böyük, daha gərəkli iş görmüş olar. Hələ mən, qapıbir qonşusunu, iş yoldaşını, hər gün üz-üzə gəldiklərini demirəm...

***
Hamımızın-hətta ən qapalı olanımızın da könül dünyasında bir ruhi məkan var ki, onu həmişə açıq saxlayırıq. Və həmişə o məkana bizimlə eyni hissləri paylaşa biləcək birisinin sakin olmasını istəyirik.
İstəyirik və gözləyirik...
Amma o məkana çox zaman arzu olunanlar deyil, gözün görmək, könlün qovuşmaq istəmədiyi kəslər girməyə can atır. Könül qapısı evlərin, mənzillərin qapısına bənzəməz ki,.. Ora bizdən iznsiz girilir, çıxıb gedəndə də istəyib-istəməməyimiz nəzərə alınmır. Sən demə, qapalı saydığımız məkan da heç öz ixtiyarımızda deyilmiş. O intim dünyanın açarı da, sahibliyi də başqasına məxsusmuş. Sevinci şərikli olurmuş, tərk ediləndə kədəri təkcə özümüzə qalırmiış. Təkcə özümüzə...
Qal dərdlərinlə baş-başa, dinlə parçalanmış ürəyin sızıltılarını, qurdala sönmüş ocağın közünü, tamaşa elə viran qalmış könül evinin xarabalıqlarına...
Heç dərdini deməyə adam da tapmayacaqsan. Eşitməyəcəklər. Eşitsələr də anlamayacaqlar. Anlamayıb da qınayacaqlar səni. Guya hər şey insanın öz əlindəymiş; ağlını işlətsəydin, bir qədər diqqətli olsaydın, özünü hisslərinin ixtiyarına verməsəydin,səndən əvvəl başına gələnlərin aqibətindən dərs götürsəydin... belə olmayacaqdı...,
Başqasını qınamaq o qədər asandı ki,... Bəzən adam özü də təsəlli tapır bundan. Rahatlanır. Çünki özünün də elə qınadıqlarından biri olduğunu anlayır...
Bəzən tale oxşarlığı da insanı məyusluqdan xilas edə bilir.
Düz deyiblər ki, bu dünyada hamı bir-birinə təsəllidi...

***
Dedim ki, könlümüzü qorumaq öz əlimizdə deyil. Bəlkə heç qorumaq da lazım deyil. Bəlkə o, heç təkcə özümüzün də deyil. Hardasa elə bir kəs var ki, könül istəklərimizə elə bizim qədər haqq edir. Və o adam özü də bu gözəl ortaqlıqdan xəbərsizdi. O da darıxır, axtarır, ümidlənir, gözlyir... Bəzən bu gözləntilər bir ömür çəkir. Bəzən də...
İstəyirəm bu yazıda axırıncı "bəlkə"ni də işlədim. Deyirəm, bəlkə heç qorxmayaq. Buraxaq könlümüzü öz ixtiyarına. Bir də o könüldə yer tutub məskən salmaq istəyənin insafına. Qoy hər şey olacağı kimi olsun. Adamın qorxduğu şey başına gəlir. Heç taleyin özünü də saymasan, o, mütləq sənə yarınmağa çalışacaq. Könlümüzdə məskən salmaq istəyənlər də özləri bilsinlər. Bu məskunluq əbədidi, yoxsa müvəqqəti, fərq etməz...
Belə şeylərdən qorxanlar da varmış. Möhtərəm Vasif Süleyman kimi. Yoxsa, belə yazmazdı...

Hər gün ürəyimdən gəlib-gedirsən,
Yaxşı yol tapmısan gəlib-getməyə.
Elə yaxşısını sən eləyirsən,
Qorxuram, başqası gələ, getməyə...

Şairlərin qəribə olduğunu düz deyirlərmiş...
Hamının arzuladığından niyə qorxur bu şeirin müəllifi, görəsən?!
Hər nə isə... həm gözəldi, həm müəmmalı...

TƏQVİM / ARXİV