adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

"Mənə fəxri adı Niyazi verib"

ETİBAR CƏBRAYILOĞLU
33794 | 2014-09-27 01:50
Vaqif Qurbanoğlu haqqında deyilənlər

Əməkdar artist Razi Şükürov:
- Vaqifin pis oxumağa haqqı yoxdu, çünki o, Aşıq Qurban kimi sənətkarın ocağında böyüyüb. Yaxşı ki, Vaqif Qurbanoğlu bu məsuliyyəti yaxşı başa düşür. Onu 40 ildir tanıyıram, istedadlı xanəndəmizdi, üstəlik, Vaqifin oturuşu-duruşu, özünü aparmağı da elə incəsənətdir. Telekanallarımız, mətbuat Vaqif Qurbanoğluna son vaxtlar daha çox diqqət ayırı, bu, çox əladır. Sənətkar gərək həmişə göz qabağında olsun.
Ağdaşlı Rəhman:
- Vaqif Qurbanoğlunun sənəti haqında Əlibaba Məmmədov, Arif Babayev, Razi Şükürov kimi ustadlar həmişə dəyərli sözlər deyiblər. Həqiqətən də Vaqif səhnəyə gəlişi, ifası və mədəniyyəti ilə diqqət çəkib. İnsanlığı da ayrıca qiymətləndirilməlidir. Gözəl insan, mehriban dost, yaxşı valideyndir. Sevinirəm ki, "Ədalət" qəzeti belə sənətkarlara diqqət ayırır. Qəzetin rəhbəri Aqil Abbası tələbəlik illərindən tanıyıram, muğama, sənətə həmişə dəyər verən dostumuzdur.

Xanəndə Vaqif Qurbanoğlu musiqinin, sazın, sözün qədrini bilən bir ailədə dünyaya gəlib. Atası Aşıq Qurban bu gün təkcə doğulduğu Salyanda deyil, Azərbaycanın hər yerində hörmətlə yad olunur.
65 il əvvəl belə bir mühitdə doğulan Vaqif Qurbanoğlu atasından fərqli olaraq, xanəndəlik sənətini seçib. 50 ilə yaxındır ki, səsi, avazı ilə konsert və el şənliklərində insanlara xidmət edir. Muğam biliciləri Vaqif Qurbanoğlunun ötən əsrin 80-ci illərində M. Maqomayev adına Filarmoniyadakı konsertlərini bu gün də yaxşı xatırlayırlar. Dövlət radiosu istedadlı xanəndənin vaxtı ilə lentə aldırdığı oxumalarını tez-tez səsləndirir.
- Aşıq Qurbanın övladı tanınmış ifaçı yox, tamam başqa sənətin sahibi olsaydı yəqin ki, hamımıza qəribə görünərdi...
- Əlbəttə, çox qəribə iş olardı. Dünyaya göz açan gündən ətrafımda musiqi səsi, saz havaları, muğamlarımızı eşitmişəm, Salyandakı evimizdə qüdrətli sənətkarlar qonaq olublar. Atam elə insanlarla dostluq edirdi, elə aşıqlarla, xanəndələrlə məclislərdə bir yerdə çıxış edirdi ki, onların adı çəkiləndə dağ-daş yerindən oynayır. Ailəmiz sözə, musiqiyə həddindən artıq bağlı olduğundan təkcə mən yox, qardaşım, qardaşım uşaqları da musiqiçi oldular.
- Bəs nə əcəb siz aşıq sənətini yox, muğamı seçdiniz?
- Sözün açığı, lap uşaq vaxtlarından saza yox, muğama meyl salmışam. Nə bilim, vallah, yəqin bu da Allahın bir qisməti idi. Rayonumuzda Rza kişi vardı, o, mənə bu sənətin sirlərini öyrədirdi, qaval tutmağı isə salyanlı Adıgözəl kişidən öyrənmişəm.
- Yaxşı xanəndə olmaq üçün təkcə qaval tutmağı bacarmaq yetərli deyil axı...
- Təbii ki, okean kimi dərin və geniş muğamatı, klassik ədəbiyyatı, oxuma texnikasının incəliklərini mükəmməl öyrənməlisən. Mən də bu məsələlərə elə ilk günlərdən xüsusi diqqət verməyə çalışırdım. Tale elə gətirdi ki, 1966-cı ildə gəncəli xanımla nişanladım. Hər dəfə qayınanamgilə gedəndə atamın yaxın dostu, xanəndə Musa Şuşinski ilə görüşürdüm. O, rəhmətlik mənə muğamın sirlərini, ifaçılıq texnikasını öyrədirdi. Musa kişi özü Seyid Şuşinski, Cabbar Qaryağdıoğlu kimi görkəmli xanəndələrlə çox oturub-durmuşdu. Musa Şuşinskini həmişə müəllimim hesab etmişəm, bu gün də onu ehtiramla xatırlayıram.
- Musa Şuşinskinin tələbəsinə Bakıda böyük sənətkarlarla bir səhnədə çiyin-çiyinə dayanmaq çətin olmadı?
- Qətiyyən, ondan elə şeylər öyrəndim ki, Bakıya gələndən sonra musiqi təhsili almağa ehtiyac görmədim. Rəhmətlik Hacıbaba Hüseynov xətrimi çox istəyirdi, həmişə məni görəndə soruşurdu ki, niyə gəlib dərslərimdə iştirak etmirsən? Mən də yarızarafat, yarıgerçək deyirdim, hər şeyi bilirəm də, gəlib nə öyrənim? Mərhum sənətkarımız Yaqub Məmmədovdan, Hacıbaba Hüseynovun özündən çox şeylər öyrənmişəm. Allah ömür versin, Əlibaba Məmmədov, Arif Babayev, Razi Şükürov həmişə mənə dayaq dururlar, məsləhət verirlər. Bizim sənət elədir ki, gərək həmişə öyrənəsən, mən də belə görkəmli xanəndələrimizdən bu gün də öyrənirəm, məsləhət alıram. Ona görə də, həm böyük konsert salonlarında, həm də el şənliklərində ifam dinləyicilərin xoşuna gəlir. 1981-88-ci illər arasında Dövlət Filarmoniyasında konsertlərim olub. Həmin günlərlə bağlı bir hadisəni heç vaxt unuda bilmərəm. Xalq artisti İslam Rzayevin rəhbərlik etdiyi ansamblla konsertim var idi, səhər özümü pis hiss etdiyimdən İslam müəllimə yaxınlaşıb dedim ki, axşam oxuya bilməyəcəyəm. Narahat olan İslam müəllim gedib məsələni filarmoniyanın direktoru, qüdrətli sənətkarımız Niyaziyə deyər. Mən də foyedə dayanmışdım, bir də gördüm Maestro gəlir. Yaxınlaşan kimi əlini mənim başıma çəkdi, dedi, oğul, mən hər xanəndəyə qulaq asmıram. Amma sənin konsertlərdə ifanı dəfələrlə dinləmişəm və bəyənmişəm. İnanıram ki, bu axşam da yaxşı oxuyacaqsan. Onun bu sözlərindən necə ruhlandımsa, xəstəliyim də yaddan çıxdı. Həmin axşam konsertim anşlaq oldu və yüksək səviyyədə keçdi. İndi də deyirəm ki, mənə fəxri adı dünya şöhrətli Niyazi verib. Həqiqətən də Maestrodan bu sözləri eşitmək ən böyük mükafata bərabər sayılırdı.
- Uzun illərdi el şənliklərinə dəvət alırsız. Bugünkü toylarımızın səviyyəsi sizi qane edir?
- Azərbaycanın hər yerində çox böyük məclislərdə oxumuşam, bu gün də toylara gedirəm. Əvvəlki toylarımızın dadı-duzu qalmayıb. İndi şadlıq evlərində özlərinə müğənni deyən 5-6 nəfər bir-birinin ardınca qışqırır, tullanıb-düşürlər. Səs-küydən qulaq tutulur, heç bilmirsən nə oxuyurlar. Ona görə də bu gün şou-biznes deyilən sahədə olanların heç birini tanımıram, heç tanımaq da istəmirəm. Nə yaxşı ki, muğamı, əsl musiqini dəyərləndirən insanlar da var, onların dəvəti ilə toy məclislərinə gedirəm, mən oxuduğum toylar tamam başqa ovqatda keçir.
- Belə məclislər tez-tez olur?
- Ayda bir-iki dəfə. Buna da şükür.
- Bu gün istedadlı gənc muğam ifaçıları yetişir. İfasını bəyəndiyiniz gənclər varmı?
- Gənc xanəndələrin inkişafı üçün hər cür şərait yaradılıb. YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı ilə muğam müsabiqələri keçirilir, muğamımız dünyada Azərbaycanı təbliğ edir. Gənclər gərək yaradılan bu şəraitdən istifadə etsinlər. Ad çəkmək istəmirəm, istedadlı muğam ifaçıları yetişir, lakin təəssüf ki, bəzi gənclər qəzəlləri yadda saxlaya bilmirlər, tənbəllik edirlər. Mənim 65 yaşım var, amma səsim hər zaman yerindədi, çünki səhər, axşam məşq edirəm. Üstəlik səsə mane olan qidalardan uzaq qalıram. Hələ mənim dilimə araq dəyməyib, soyuq su içməmişəm. Səsi qorumaq vacibdi, ən vacibi isə başqa şeydi. Əlibaba Məmmədov demişkən, xanəndənin səsi ilə bərabər gərək ürəyi və ağlı da yaxşı işləsin.



TƏQVİM / ARXİV