adalet.az header logo
  • Bakı 19°C

İŞİD-in DÜŞÜNDÜRDÜKLƏRİ

SEYFƏDDİN ALTAYLI
48834 | 2014-09-27 00:40
"Allah, yolunu azmış topluluğu (düz) yola vadar etməz".
(Tövbə surəsi 24-cü ayət)

İbtidai məktəbdə oxuyarkən dərsliyimizdə cırcırama ilə qarışqanın söhbəti vardı. Bu söhbət, iki cücü arasında dilə gətirilən insanlar üçün öyrədici, həddən artıq maraqlı və ibrətamiz bir dialoq idi. İbtidai məktəbdə təhsil alarkən həmin dialoqu oxuyanlara onu bir daha xatırlatmaq, oxumayanlara isə bu vəsilə ilə həmin dialoqu qısaca təqdim etmək istədim.
Cırcırama, qar-qış qapı-bacanı bürüyəndə siyidə-siyidə qarışqanın evinin qapısını döyüb deyir:
- Qarışqa qardaş mənim yeyəcəyim qurtardı, acından ölürəm, səndə olandan bir az da mənə verə bilərsənmi?
- Sən yay boyu çalıb-oxudun özünə qış üçün azuqə yığmadın, mən də ancaq özüm üçün yığmışam, sənə versəm qış qurtarmamış mən də acından ölərəm, ona görə verə bilmərəm.
- Axı mən qışın bu cür tez gələcəyini təxmin etmirdim!..
- Bəs əvvəlcə dağların başına qar yağdı, sonra payız küləkləri əsməyə başladı, yağışlar yağdı, onlar sənə xəbərdarlıq deyildi?.. İndi get tütəyini çal və oxu..
Deyib qapını cırcıramanın üzünə bağlayır.
Müsəlman dünyası (belə bir dünya var ki???) 13-cü əsrdən sonra elmi və texnoloji sahədə dünya səviyyəsində bir dənə ixtiraya da imza atmadı, ata bilmədi. Xristianlar gecəli-gündüzlü çalışdılar Avropada öncə müsəlman əndəlüs dövlətini ləğv etdilər, sonra Qafqazda Şeyx Şamili otuz ilə yaxın çəkən müharibələrdən sonra məğlub etdilər, dünyada 376 il bir başına hökmran olan Osmanlı İmperiyasını sağdan-soldan didməyə, torpaqlarını qarət etməyə, daxilindəki xalqları qışqırdıb oyandırmağa başladılar.
Bəs Müsəlman dünyası neynədi? Eynilə cırcırama kimi çalıb-oxudu.
Ay dolandı, il dolandı Osmanlı İmperiyası ayağını uzadıb-çəkdi və canını tapşırdı, yerində təptəzə Türkiyə Cümhuriyyəti yarandı. Türkiyə bəş yüz ildir Türk xalqına və ölkəsinə vurulan yaraları bağlamağa çalışarkən qanbir qardaşı Azərbaycanın və Türküstanın işğalına mane ola bilmədi, çünki fiziki gücü getmiş taqəti qalmamışdı, ən önəmlisi isə dünyada bir başına qalmışdı. Ərəb dünyası (???) isə din qardaşı Osmanlı Dövlətini ingilislərin qızıllarını cibinə doldurub onların hesabına işləyərək Türk hərbçilərini arxadan xəncərləmənin kefi içindəydi, xurmanı dərib yeyir, Yəmən kofisini içir arxası üstə ləzzətlə yatırdı. Şirin yuxularında yatarkən bir də gördülər ki, ürəklərinin düz başında İsrail Dövləti yaranıb. Bir az hay-küy saldılar, sonra da bir vaxtlar qızıllarını ciblərinə doldurub türkləri qırdıranların barmağını üstlərinə silkələyər silkələməz fısları yatdı, sustalıb yerlərindəcə oturdular. Qərbin soyğunçu dövlətləri başladılar mövhum olan İslam ölkələrinin yeraltı-yerüstü sərvətlərini qarət etməyə, Müsəlmanlar isə hələ də yatırdı. Elə yatan vaxtda da Xocalı Soyqırımı kimi tarixdə tayı-bərabəri olmayan bir vəhşət yarandı, daha düzü xristianlar yaratdılar. Müsəlmanlar hələ də yatırdı.
Vaxt keçdi, vədə ötdü Müsəlman dünyasını qlobal səviyyədə markalar yaradaraq cilovlayan xristianlar öncə Şah, sonra Səddam, Qəddafi, ardınca da Mübarəkin və s. oturtduqları stoldan boynunun kökünə yağlı bir şillə çəkib endirdilər.
İraq işğal edildi və o gündən bəri hər gün o ölkədə qəflət yuxusundan oyanmayan müsəlmanların qanı tökülür, onların namusu tapdalanır.
Müsəlmanların yaşadığı coğrafiyalarda yaşayan xalqlardan birçoxu üzünü tutub qərb ölkələrinə gedib sığınacaq istədilər, onların məkanlarında işlədilər, uşaqları onların məktəblərində yetişdilər. Ancaq Ulu Tanrı Nisa surəsinin 144-cü ayətində; "Ey Allaha çatmağı arzulayanlar, Yəhudi və Xristianları dost tutmayın! Onlar bir-birilərinin dostudur və sizdən hər kim onları dost tutsa daha o onlardandır. Allah heç vaxt zalımlar qövmünü hidayətə çatdırmaz" demişdi, ona fikir verən olmadı. Hələ də verən vardırmı?
Bizlər Türk milləti olaraq hər bir yaradılanı Yaradandan ötrü sevərik, ona düşmənçilik etmərik, ancaq onları dostumuz kimi qəbul da etmərik, çünki xristianların əksəriyyəti bizim peyğəmbərimizi tanımır və ona nalayiq sözlər deyir, biz isə onların peyğəmbərinin adını uşaqlarımıza qoyuruq, aramızdakı ən ümdə fərq də bu anlayışdır.
İraqın işğalından sonra o böldə İraq İslam Şam Dövləti deyə bir təşkilat xortdadı. Onlar özlərini ən qatı müsəlman sayırlar, ancaq öz səflərində olmayan müsəlmanların başını Allahuəkbər deyib gözlərini də qırpmadan kəsirlər. Nə hikmətdirsə İŞİD-in içində xristian ölkələrinin məktəblərində təhsil almış, hətta alim səviyyəsinə yüksəlmiş olanlar da var. Ötən günlərdə gedən bir xəbərdə deyilirdi ki, yalnızca Fransa vətəndaşı 934 nəfər İŞİD-in səflərində döyüşür. ABŞ, öz vətəndaşı olan bir bilgisayar mühəndisinin İŞİD-e qoşulduğunu, orda terror aktları yaratdığını bilir və onun başına 50 min dollar mükafat qoyub. İndi də ABŞ-ın rəhbərliyində bir koalisiya yaradılıb ki, İŞİD-lə mübarizə yeritsin. Yəni özlərinin yaratdığı, guya bəşəriyyətə düşməndir...
İmperiya siyasəti yürüdən böyük dövlətlərin planı bu cür işləyir lələcan...
Amerika, İngiltərə və digər xristian ölkələrinin kontrolundakı və ən önəmlisi onların yançısı dövlətlərin hakim olduğu bir bölgədə nəyə görə İŞİD kimi bir terror təşkilatı yarana bilir?
... Ay dadaş, atma daş, bir yaralı quşam mən...
Ey Ulu Tanrı... Bizi, ölkələrimizi, dövlətlərimizi və millətimizi sənin və Ulu Peyğəmbərinin adını dilindən salmayan, ancaq Müsəlmançılığa, sənin müqəddəs yoluna ən qatı zərbəni endirən kafir simalıların şərrindən qoru... Amin...

TƏQVİM / ARXİV