hacklink Adalet.az | TOFİQ MÜTƏLLİBOV Adalet.az | TOFİQ MÜTƏLLİBOV Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

TOFİQ MÜTƏLLİBOV

ƏDƏBİ HƏYAT

46490    |   2014-09-27 00:39
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

("Ədəbiyyatımızın cəfakeşləri" silsiləsindən)

Elə bil dünən idi. Ədəbiyyatda ilk addımlarını atan cavan şairlər "Azərbaycan gəncləri" qəzeti redaksiyasına gəlir, böyük bir ümidlə bir qapı önündə dayanıb onun "içəri gəl" işarəsini gözləyirdilər. O qəzetdə ədəbiyyat, iincəsənət və mədəniyyət şöbəsinin müdiri tanınmış şair Tofiq Mütəllibov idi və o, ürəyi sözlə dolu bu cavanları hörmətlə qarşılayır, onların şeirlərini diqqətlə dinləyir, məsləhətlər verir, sonra da gülərüzlə yola salırdı. Şeirlərinin dərc ediləcəyinə sevinən də. "oğlum, get oxu, mütaliəni artır, sənin şeirlərin hələ zəifdir" - sözlərini eşidənlər də Tofiq müəllimin rəftarından razı qalırdılar. O, 22 il (1971-1992) həftədə üç dəfə işıq üzü görən bu qəzetdə çalışmışdı. Bu, onun son iş yeri idi.
İlk mətbu şeiri ("Zəfər") 1946-cı ildə, "Azərbaycan pioneri" qəzetində dərc edilmişdi. İlk kitabı - "Bəxtəvər uşaqlar" 1953-cü ildə işıq üzü gördü.
Bəxtəvər uşaqlar - Tofiq Mütəllibov yaradıcılığı həm də uşaqlar dünyasından şeirlər yazmaqla başlamışdı. O, Azərbaycan musiqisinin incilərindən olan "Cücələrim" mahnısının sözlərini yazmışdı (mahnı Qənbər Hüseynli tərəfindən bəstələnmişdi). Bu mahnı dünyanın az qala bütün ölkələrini, şəhərlərini fəth etmişdi.

Cib-cib cücələrim,
Cib-cib, cib-cib, cücələrim!

Gözləyirəm, tez gəliniz,
Göy çəməndə dincəliniz.

Ay qəşəng cücələrim,
Tükü ipək cücələrim!

Arzum budur boy atasız,
Ananıza tez çatasız.

Necə nəsil bu mahnını eşidib, onun xoş, qəlbə yatan musiqisindən feyz alıb.
Tofiq Mütəllibovun həyatında da bu mahn mətni az rol oynamayıb.
Cavan idi, şeirlər yazırdı, bu şeirlər ara-sıra dövri mətbuatda dərc edilirdi, ədəbiyyat aləmində ilk addımlarını atırdı. Ürəyindən belə bir arzu keçirdi ki, o da Azərbaycan Yazıçılar İttifaqının üzvü olsun. O zaman İttifaqın üzvü olmaq çox çətin idi. Gərək şeirlər kitabın çıxaydı, bu kitab haqqında mətbuatda kimsə müsbət bir resenziya çap edəydi, üç tanınmış yazıçı sənə zəmanət verəydi, sonra İttifaqa üzv keçmək, məsələn, Yazıçılar İttifaqının Rəyasət Heyətinin iclasında müzakirə olunaydı.
Gənc Tofiq Mütəllibov bütün bu mərhələlərin hamısından keçdi, qaldı iclasda bunun müzakirəsi...
İclas gedir. Gündəlikdə qəbul məsələsi də var. İclası aparan görkəmli bir yazıçıdır və o, gənc şair Tofiq Mütəllibovun ərizə yazıb İttifaqın üzvü olmasını iclasdakılara bildirir və səsində də ironiya var. Fikrini də açıq bildirir ki, ağzından süd iyi gələn bir uşağın indidən Yazıçılar İttifaqı kimi mötəbər bir təşkilata üzv qəbul edilməsi müsbət hadisə deyil. Onun bu fikrini dəstəkləyənlər oldu və məsələ az qala sona çatırdı ki, birdən qapı açıldı, Səməd Vurğun zala daxil oldu, hamıdan üzrxahlıq eləyib qabağa keçdi, iclasın sədrindən müzakirə edilən məsələlər barədə soruşdu. Sədr bircə-bircə müzakirə olunan məsələlərdən söz açdı və axırda da dedi ki, Səməd müəllim, bir xırda məsələ də var. "Nədir o xırda məsələ?" - deyə Səməd Vurğun soruşdu. Sədr dedi ki, bir uşaq Yazıçılar İttifaqının üzvü olmaq istəyir. Səməd Vurğun "Kimdir o uşaq?" - dedi. "Tofiq Mütəllibovdur". "Cücələrim"i yazanmı? "Hə, onun özü". Səməd Vurğun - bütün ömrü boyu gənc yazarlara qayğısını əsirgəməyən o gözəl insan üzünü iclasdakılara tutub dedi ki, "Xahiş edirəm, təklifimi səsə qoyasınız. Tofiq Mütəllibov bir illik zəmanət - sınaq müddəti olmadan birbaşa Yazıçılar İttifaqının üzvlüyünə qəbul edilsin". Kimin nə həddi var idi Səməd Vurğunun bu təklifini geri çevirə. Və Tofiq Mütəllibov "Cücələrim" mahnısının qanadlarında Azərbaycan Yazıçılar İttifaqının o müqəddəs məkanına daxil olur (bu faktı jurnalist Şakir Yaqubovun bir yazısından əxz etmişəm).
İllər keçib Tofiq Mütəllibov üçün "tarixi hadisə" olan o iclasdan. ADU-nun filologiya fakültəsini bitirdikdən sonra Tofiq Mütəllibov bir müddət "Pioner" jurnalında işlədi, sonra Azərbaycan komsomolunun MK-da təlimatçı, sonra isə Radio və Televiziya Komitəsində çalışdı. Son iş yeri də "Azərbaycan gəncləri" oldu. Ədəbiyyat qarşısında xidmətlərinə görə "Əməkdar İncəsənət Xadimi" fəxri adına layiq görüldü.
Budur, qardaşı, tanınmış ədəbiyyatşünas, professor Təhsin Mütəllimovun tərtibi və ön sözü Tofiq Mütəllibovun "Əbədi mahnı" adlı seçilmiş əsərləri işıq üzü gördü. Bu il Tofiq Mütəllibovun anadan olmasının 85 illiyidir və belə bir kitabın çap olunması mərhum şairin xatirəsinə ən gözəl hədiyyədir.
Tofiq Mütəllibov bir şair kimi əllinci illərdə tanınsa da, onun şeiriyyət aləmində etirafı, "dəstədə yer alması" altmışıncı illərdən başlayır. Onun yaradıcılığında 60-80-ci illərin Azərbaycan gerçəkliyi əks olunur və istər müraciət etdiyi mövzulara, istərsə də bir şair kimi necə formalaşmasına, fərdi üslubunun, poetik dəst-xəttinin özünəməxsusluq kəsb etməsinə diqqət yetirsək, təsəvvürümüz genişlənər və gözlərimiz qarşısında bir şairin obrazı canlanar. O da başqa şairlərin üz tutduğu mövzulardan yazırdı (Vətənin tərənnümü, Azərbaycan təbiətinin vəsfi, sevgi-məhəbbət təranələri, insan və onun mənəvi dünyası, xalqımızın keçdiyi tarixi yollar, böyük sənətkarların, söz ustalarının, tarixi qəhrəmanların, əmək cəbhəsində hünər göstərənlərin şeir-portretləri...), amma şeirlərində heç kimə bənzəmirdi. Onun şeirləri haqqında tərifli resenziyalar, məqalələr yazılırdı, onu tənqid də edirdilər, amma Tofiq Mütəllibov yolundan dönmürdü. Şeirlərində o dövrün poeziyasına məxsus vəsf də vardı, tərənnüm də, amma səmimiyyətdən, təbiilikdən uzaq deyildi o şeirlər. Hiss edirdin ki, bu şeirlər həyatı sevən, Azərbaycanı sevən bir ürəkdən süzülüb gəlir.
Azərbaycan! Yer üzündə
Öz qüdrəti, öz səsi var.
Qoy Everest inciməsin,
Bu dünyanın Azərbaycan
Zirvəsi var.

Ürək - yolumuzu bəzədi nurla,
Zamanla bağladı hər anımızı.
Bütün yer üzünə böyük qürurla
"Azərbaycan" dedik ünvanımızı.

Təbii ki, Tofiq Mütəllibovun şair səciyyəsini açıqlayarkən o zaman dəbdə olan mövzulara müraciətindən yan keçmək olmaz.
Tofiq Mütəllibovun şeirlərinin say etibarilə çox hissəsi Azərbaycanın, onun gözəlliklərinin tərənnümünə həsr edilib və bunu təkcə dəbdə olan mövzular kimi anlamaq doğru olmazdı. O, Abşeron bağlarından, orada bitən qızıl güllərdən, Xəzərin coşqun sularından, onun qumlu sahillərindən, Dağüstü parkdan, Qobustanın daş qayalarından ("Elə bil ki, yapıncıdır qayalar, Koroğlunun qılıncıdır qayalar"), Hacıkəndin yollarından ("Qarlı qış da yaz kimidir, Qərənfillər qız kimidir. Hacıkəndin yollarında"), Nizaminin, Məhsətinin yaşıdı Gəncənin çinarlarından, Qarabağın gözəl təbiətindən, Cıdır düzündən ("Günəş boz dağların başının üstə Baxır Qarabağa vurulmuş kimi"), Gəncənin çinarlarından yazanda da vurğunluğunu, heyrətini gizlədə bilmirdi. Amma özünəməxsusluğu ilə seçilən bir şair istənilən mövzuda təzə söz deyə bilər.
Tofiq Mütəllibovun şeirlərinin əsas qəhrəmanı ("lirik mən") duyan, düşünən və həyatı sevən bir insan idi. Odur ki, biz onun "rəsmi" mövzulara müraciət etdiyi nümunələrdən deyil, şairin öz könül dünyasından gələn şeirlərdən söz açmaq istərdik.

Baxıram alboma... Baharıq, qışıq,
Çəkirik dostların dərdi-sərini.
Bəzən özlərini qorumamışıq,
İndi qoruyuruq şəkillərini.

Bax, fikrimizcə, şair Tofiq Mütəllibov elə bu idi - həssas, kövrək bir insan.

Səpilir hər yana əlvan lələklər,
Göylər bir bəzəkli kəlağayıdır.
Uçur dəstə-dəstə qazlar, leyləklər,
Qürbətdən Vətənə quşlar qayıdır.

Yenə qaranquşlar dəstəbədəstə
Deyir ki, hər bahar görüş ayıdır.
Qanadlar çırpınır buludlar üstdə,
Qürbətdən Vətənə quşlar qayıdır.
Bu da Vətən və Qürbət haqqında fikrini yığcam, həm də poetik şəkildə ifadə edən şair Tofiq Mütəllibovdur. Onun 20 yanvar faciəsi ilə bağlı "Qərənfil məşəlləri" şeirindən də yan keçmək olmaz. Deyir ki, bir vaxtlar qərənfillər küsənləri barışdırarmış, indi isə onlar bir məşəl kimi şəhidlərin qəbirləri üstündə yanırlar, məzarlar üstündə müqəddəsləşirlər, onlar şəhidlərə dönürlər.
Tofiq Mütəllibov təbiəti çox sevirdi, bu sevgini o, onlarla şeirə çevirib. Elə torpaq, bahar fəsli, dəniz haqqında nə qədər şeir yazıb və bu şeirlərin hər birində çalışıb ki, o sevgini poeziya dililə ifadə edə bilsin. Baxın: "Qızıl Günəş medalyondur Bu torpağın sinəsində". "Bahar gözəlləşir qızları görcək, Qızlar gözəlləşir bahar gələndə". Bu tipli misalların sayı hədsizdir. İndi Göygölə həsr olunan gözəl bir şeirə diqqət yetirin:

Sahilləri ağ rəngdə
Naxışlayıb qarlı qış.
Elə bil ki, Göygölün
Boynunun mavi rəngi
Mirvarisi qırılmış.

Yox-yox, qoy deməsinlər
Onun rəngi solubdur.
Göygöl gözəlləşibdir -
Buzlardandır örpəyi
Göygöl-ağ göl olubdur.

Təbiət səxavətli
Səpir, səpir qarını.
Göygölün sahilləri
Elə bil qu quşudur,
Açıb qanadlarını.

Dayanıbdır önündə
Tufanın da, qarın da.
Qar yağır noğul kimi,
Təzə gəlinə bənzər
Göygöl ab paltarında.

Bu şeirə diqqət yetirəndə həm dilinin səlisliyi, həm də təşbihlərin və metaforaların zənginliyi ilə qarşılaşırıq. Ən başlıcası isə, bu şeir ritm üzərində qurulub, bir nəğmə təsiri bağışlayır. Tofiq Mütəllibovun yaradıcılığında nəğmə janrı da mühüm yer tutur və onu qeydsiz-şərtsiz nəğməkar şair də adlandırmaq olar.
"Cücələrim"dən başqa onun indi də sevilə-sevilə oxunan mahnıları var: "Dənizdə Ay çiməndə", "Sən olaydın", "Sən nişanlım olaydın", "Sənin eşqin", "Sənin xətrinə", "Bura məskənidir gözəlliklərin", "Çinarlar", "Mənim əzizlərim", "Meyli var", "Tələsin ay subaylar" və s.
Tofiq Mütəllibov həm də bədii tərcümə ilə məşğul olurdu və indi bu tərcümələrə (S.Marşakdan, S.Slavinadan, H. Sadasadan, M.Dudindən, Zülfiyyədən, M.Tankdan, Gülruxsordan, X.Berulavadan, N.Dorizodan və s.) diqqət yetirəndə onun öz şeirlərindəki təbiiliyi, sadəliyi və ən başlıcası dilimizin incəliyini hiss edirsən.
Elə bilirəm ki, XX əsr Azərbaycan poeziyasında Tofiq Mütəllibovun da müəyyən xidməti var və biz digər dünyadan köç edən şairlərimizlə yanaşı onu da unutmamalıyıq.






YAZARIN ARXİVİ

2019-06-27 : Səmimi şeirlər
2019-01-20 : 20 YANVAR: 29 İL
2018-11-03 : Çiçək sevgisi
2018-10-17 : HALALLIQ
2018-05-18 : ƏDƏBİ HƏYAT
2018-04-28 : ƏDƏBİ HƏYAT
2018-01-19 : ƏDƏBİ HƏYAT
2016-09-30 : AFƏT VİLƏŞSOY
2016-07-02 : ƏDƏBİ HƏYAT
2016-06-25 : QƏRİB HEY!..
2016-05-14 : ƏDƏBİ HƏYAT
2015-11-14 : ƏDƏBİ HƏYAT
2015-10-03 : ELM FƏDAİSİ
2015-09-05 : USTAD
2015-06-26 : O MƏSTAN Kİ...
2015-06-03 : "ŞEİR VAXTI"
2015-04-15 : "TƏNHA LALƏ"
2015-04-14 : NOVATOR ŞAİR
2015-04-11 : "QISA QAPANMA"
2015-04-04 : USTAD ŞAİR
2015-03-20 : ƏDƏBİ HƏYAT
2015-03-14 : BU, DİLSUZDUR...
2015-03-13 : ALTI ON- ON ALTI
2015-02-28 : ƏDƏBİ HƏYAT
2015-02-18 : Vahid dünyası
2015-01-20 : 20 YANVAR: 25 İL
2014-12-30 : ŞAİR ÖMRÜ
2014-12-27 : ƏDƏBİ HƏYAT
2014-12-10 : TƏZADLI BOYALAR
2014-12-06 : TOFİQ BAYRAM
2014-11-08 : ƏDƏBİ HƏYAT
2014-10-18 : SABİR AZƏRİ
2014-10-11 : ƏDƏBİ HƏYAT
2014-09-06 : ƏDƏBİ HƏYAT
2014-08-30 : ƏDƏBİ HƏYAT
2014-08-16 : QƏZƏL YAŞAYIR
2014-08-09 : LİRİKA - 2013
2014-07-26 : LİRİKA - 2013
2014-07-19 : LİRİKA - 2013
2014-06-07 : VƏTƏN HARAYI
2014-05-17 : İŞIĞA DOĞRU
2014-03-29 : TƏMSİL USTASI
2013-12-14 : UCALIQ YOLUNDA
2013-12-03 : NAKAM ŞAİRLƏR
2013-11-16 : VAQİF HÜSEYNOV
2013-11-09 : İLTİFAT SALEH
2013-10-19 : ELMAN HƏBİB
2013-10-12 : SAKİT İLKİN
2013-10-05 : MƏMMƏD KAZIM
2013-09-07 : ŞƏKƏR ASLAN
2013-08-24 : SAQİF QARATORPAQ
2013-06-15 : HƏZİN XƏYAL
2013-04-13 : MİLANDA ÖLÜM
2012-12-15 : MODERNİST ŞAİR
SON XƏBƏRLƏR
2019-12-06
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK