adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

SUSMUŞ ÇAYIN NƏĞMƏLƏRİ

ƏLÖVSƏT BƏŞİRLİ
32065 | 2014-09-27 00:38
(əvvəli ötən şənbə saylarımızda)

Atam cəbhəyə qohum-əqrəba arasında hamıdan əvvəl gedib, sonra əmilərim İman, Cabir, Səttar, dayılarım Ağaqulu, Abduləzim... İki əmim, bir dayım yaralı qayıtdılar. Səttar əmimlə Abduləzim dayımın "qara kağız"ları gəldi.
1945-ci ilin fevral ayında isə... Evimizdən ağlaşma səsi eşidib qapını açdım. Astanada donub qaldım: evimizdə heç vaxt bu qədər adam olmamışdı. Qara geyimli arvadlar ağlaşırdılar. Nənəm ağı deyirdi. Anam məni qucaqlayıb hönkürdü.
Atamın "qara kağızı" gəlmişdi...

***

Mən kiməm? Mən nəçiyəm?
İmkanla arzuların
Arasında vurnuxan...
Zamanın dəhrəsiylə
Qanadlı arzuları
Budanan bir bəndəyəm.

B.Vahabzadə

IV

Müharibə qurtarandan sonra Salyana, evimizə qayıtdıq: anam, nənəm, mən, bir də ağır illərdə ruzisi ilə dolandığımız... sarı inək. Salyanda da dolanışığımıza dayaq oldu sarı inək. Qonum-qonşu, tanış-biliş qapımızdaca inəyin süd-qatığını alıb pulunu verirdilər. Ata evimizin bir otağını kirayəyə vermişdik. Beləcə şəhərdə dolanmağın çəmini tapmışdıq. Sonra anam "biznesini" genişləndirdi. Cəngən kəndindən olan tanışlar inəklərinin südünü bazara deyil, birbaşa evimizə gətirirdilər. Müştərilərin sayı get-gedə artırdı. Hətta, Salyandakı hərbi hissənin zabitlərinin ailələri də süd-qatığı bizdən alırdılar. Görünür, ağızlarının ləzzətini bilirmişlər. Evimizin yaxınlığındakı bazarda süd-qatıq satan çox idi. Ancaq dədə-baba heyvandar olan anamın çaldığı qatığın ləzzəti bam-başqa idi. Südə heç vaxt su qatmazdı. Nənəm deyirdi ki, günahdır. Hətta südlü qabı axırda yaxalayanda da satılacaq südün üstünə tökməzdi. Qaytarıb öz qazanına tökərdi.
Hərbçilərin ailələri anamdan xahiş etmişdilər ki, süd-qatığı hər gün səhər tezdən onların evinə aparaq. Anam bunu mənə tapşırmışdı.
Mən də hər gün dərsə getməzdən əvvəl səhər tezdən durub həm sarı inəyi Salyanın yaxınlığındakı Arbatanda naxıra ötürər, süd-qatığı isə həmin kəndə gedən yolun hər iki tərəfində sıralanan səliqə-sahmanlı "fin evləri"ndə zabit ailələrinə çatdırardım. Axşamlar inəyimizi naxırdan evə gətirəndə biçənəkdən ot da yığardım. Sarı inəyə can-başla qulluq edərdik...
Artıq Qardaş dayım ordudan tərxis olunmuş, evlənib ailə qurmuşdu. Nənəm oğlugildə qalırdı. Həyat yoldaşı cəbhədə həlak olan Zərzər xalam ərə getmişdi. Qonum-qonşuda, qohum-əqrəbada müharibənin dul qoyduğu qadınların çoxu təzə ailə qurmuşdu. Anam isə bütün təklifləri rədd etmişdi, nənəmə də qulaq asmamışdı. "Evin kişisi olsa, yaxşıdır", - deyən anasına məni göstərib bozarmışdı: "Evimin kişisinə nə gəlib? Görmürlər bəyəm?!" Qızının sərt cavabından arvad yaman incimişdi. "Zinyət xətrimə dəydi, - umu-küsü eləmişdi, - neynək, getmirsən, getmə. Səni zornan ərə verirlər? Daha məni niyə acılayırsan? Heç qızlığında belə deyildi. İlahi, insanın xasiyyəti necə dəyişərmiş, şükür məsləhətinə". Nənəm yanıb yaxılardı...
İyirmi bir yaşında ərini cəbhəyə yola salan, müharibənin qurtarmasına üç ay qalmış "qara kağızı"nı alan, ehtiyacın əzab-əziyyətinə qatlaşan anamı həyatın, zamanın sərt sınağı sındıra bilməsə də, xasiyyətini korlamışdı. Sərt, acıdil, ötkəm, kəmhövsələ olmuşdu. Gözünün ağı-qarası bircə balasını belə övlad kimi əzizləməyə vaxt tapmamışdı. Sonra da buna tamam-kamal yadırğamışdı. Adamlarla çiyin-çiyinə kişi kimi işləməyə alışmışdı. Beləcə qadın zəifliyi, zərifliyi yox olub getmişdi. Əllərinin içi, barmaqları düyün-düyün, sifətinin dərisi günəşdən yanıq-yanıq olub soyulmuş, mis rəngi almışdı. Bu, üzdə olanlar, gözlə görünənlər idi. Bəs ürəyi, zəmanənin, ədalətsizliyin, insafsızlığın şüşə kimi sındırıb çilik-çilik elədiyi qadın qəlbi?! Bunlar azmış kimi Salyana qayıdandan bəri qapımızı açan yox idi, təkcə anamın böyük dul bacısı Xanım xalam (Allah qəni-qəni rəhmət eləsin, məni doğma övladlarından ayrmaz, necə deyərlər, "gözünün yağını" yedizdirərdi) və Qardaş dayımdan başqa! Bir də ara-sıra atamın əmisi oğlu Əjdər müəllim bizə gələrdi. O, çox ziyalı, həssas, qohumcanlı idi. Atam barədə həmişə xoş söhbətlər edərdi. Özü demişkən, rastına çıxanda Cabir əmimi də bizə gətirərdi. Hər ikisi müəllim idi. Bəs o biri qohumlar? Onların qapımızı açmamaları anama yer eləyirdi: "Mən heç, özgə qızıyam, bəs qardaşınızın bircə balası, yadigarı necə olsun?" - deyib göynəyərdi. Bir qədər irəli gedib deyim ki, onlar hətta mən orta məktəbi qızıl medalla, universiteti fərqlənmə diplomu ilə bitirəndə də gəlmədilər.
Bütün bunlara rəğmən heç kimdən asılı olmayan, ailəsini dolandırıb oğlunu oxudan qeyrətli anam başını dik tutub özünü qürurla aparır, yeri gələndə sözünü şax üzə deyirdi. Həqiqəti, olanı deyirdi, düz adamın gözünün içinə, özünəməxsus sərtliklə deyirdi.
Lev Tolstoyun bir sözü yadıma düşdü: insan ötüb-keçənləri xatırlayanda həyatının ən unudulmaz çağları sanki dumana bürünür. Bu, xatirələrin göz yaşlarıdır. Elə bil xatirələr onu yaşadan canlı insan kimi kövrəlir. Mən ömür kitabımı vərəq-vərəq çevirdikcə, bunu aşkar hiss edirəm...
İnsan ömrünün qürub çağında, ixtiyar yaşında olub-keçənlərə, yaxşı-yamana, xeyir-şərə daha düzgün qiymət verir. Onu boya-başa çatdıran valideynlərinin, savad, tərbiyə verən müəllimlərinin, həyat burulğanında dayaq-dəstək olan yaxşı adamların əsil qədir-qiymətini sonralar başa düşür, anlayır. Eləyə bilmədikləri üçün, səhvləri üçün yanıb-yaxılır.
"Beşikdən qəbir evinədək öyrənin!" - buyurub peyğəmbərimiz. İnsan ömrü boyu ən adi, sadə, lakin vacib həyat həqiqətlərini öyrənir, özü üçün yenidən "kəşf" edir. Bu baxımdan mənim "kəşf"im yazımın əvvəlində qeyd etdiyim kimi uşaq yaşlarımda Kürlə bağlıdır. İkinci "kəşf"imi isə beş il sonra, orta məktəbi bitirəndə etdim. "Qızıl medal" almağım bütün rayonda, eləcə də qohum-əqrəba içində birmənalı qarşılanmadı, qəribə reaksiya doğurdu, hətta bəzilərinə inanılmaz göründü. Əlbəttə, mənim əlaçı olmağıma heç kimin şübhəsi yox idi. Ancaq "qızıl medal", özü də atasız, kasıb bir oğlana? Bəs vəzifəli, imkanlı kişilərin övladları? Axı, az qala bütün rayon danışırdı ki, yazı işlərinin ardınca Bakıya - dövlət komissiyasına adam göndəriblər. Mən bunalırı eşitsəm də, söz-söhbəti eynimə almır, qəbul imtahanlarına hazırlaşırdım. Çünki heç bir möcüzə gözləmirdim. Ancaq möcüzə baş verdi. Bakıdan xəbər gəldi: yazı işlərinin çoxuna aşağı qiymət verilib. Şanslı, imkanlı sayılanlar medalsız qalıblar. Məni və dostum, kiçik yaşından atasız qalan Oqtayı (yeri gəlmişkən qeyd edim ki, dostluğumuz indi də davam edir. Oqtay Əkbərov kimya elmləri doktoru, professor, çox etibarlı, ləyaqətli insandır) layiq görüblər. Hələ üstəlik "Azərbaycan məktəbi" jurnalının əlavəsi olan "Azərbaycan dili və ədəbiyyatının tədrisi metodikası" məcmuəsində mənim Cəfər Cabbarlının "Almas" dramı haqqında inşa yazım əla qiymətə layiq görülən nümunə kimi dərc edilib.
"Allah səbirli bəndəsini sevir, zəhmətini itirmir". Lap uşaq yaşlarımdan nənəmdən dəfələrlə eşitdiyim bu sözlərin əsil mənasını qızıl suyuna çəkilmiş "kamal attestatı"nı əlimə alanda başa düşüb, özüm üçün "kəşf" etdim: zəhmət itmir. Bu, həyatımın devizi oldu. Məşhur alim, böyük insan, əsil vətəndaş, filologiya elmləri doktoru, professor Əli Sultanlının "çək-çevirinə" duruş gətirərək, suallarına cavab verib universitetə qəbul olunanda, ali təhsilimi "fərqlənmə diplomu" ilə başa vuranda, həyatın çətin sınaqlarından çıxanda, əməyimə qiymət veriləndə, mükafatlar alanda, xoşbəxt ailə quranda, övladlarımı ağıllı, fərasətli görəndə, onların uğurlarından qanadlananda, nəhayət, babalıq zirvəsində nəvəmlə oynayıb uşaq kimi sevinəndə, bir sözlə, həmişə, bütün həyatım boyu mənə bəxtəvərlik gətirən uğurları ulu Tanrının zəhmətimə verdiyi ən böyük mükafat - qiymət saymışam. Təkcə mənim zəhmətim deyil, anamın, nənəmin, mənəvi valideynlərim - müəllimlərimin əməyinin nəticəsi, bəhrəsi hesab etmişəm.
Bəxtimdən çox yaxşı müəllimlərim olub. Orta məktəbdə, universitetdə, həyatda! O vaxtlar Salyanda sayılıb-seçilən, böyük hörmət sahibi olan Müseyib müəllimin, Həsən müəllimin, Hüseyn müəllimin, Sədaqət müəllimin, Həmidə və Fazil müəllimin, rus dili müəllimim Valentina Salminanın, Seyid İbrahim müəllimin zəhmətlərini xüsusi qeyd etmək istəyirəm.
Azərbaycan Dövlət Universitetində təhsil almağım, tələbəlik illəri məni büsbütün dəyişdi. Bu, mənim üçün başqa bir aləm, hər müəllim isə əsil məktəb, xəzinə idi: akademiklər Həmid Araslı, Cəfər Cəfərov, professorlar görkəmli yazıçı Mir Cəlal, xalq şairi Bəxtiyar Vahabzadə, Səlim Cəfərov, Yusif Seyidov, Hadı Mirzəzadə, ixtisas müəllimlərimiz, jurnalistika kafedrasının müdiri Həsən Şahgəldiyev, Nurəddin Babayev, Şirməmməd Hüseynov, Nəsir İmanquliyev, Nüsrət Bağırov, Seyfulla Əliyev, Nəriman Zeynalov...
Qrupumuz da ürəyimcə idi. Səmimi, mehriban, çalışqan həmyaşıdlarım özləri ilə Azərbaycanın müxtəlif bölgələrinin ab-havasını gətirmişdilər. Qrup nümayəndəsi Əkbər bizdən bir qədər yaşlı idi, əsgərliyini çəkib gəlmişdi, müəyyən həyat təcrübəsi vardı. Biz ona hörmətlə "Qağa" deyirdik. Müxtəlif xasiyyətli tələbələr arasında ünsiyyət yaratdığına, dil tapa bildiyinə, tələbkar və qayğıkeş olduğuna görə hamımızın hörmətini qazanmışdı...
...Bir dəfə pulumuz, "azuqəmiz" - ərzaq ehtiyatımız qurtarmışdı, sonuncu üçlüyü də xərcləmişdik, İlyasla bilet alıb futbola getmişdik, "Neftçi" uduzub qanımızı qaraltmışdı.
Stadionun tünlüyündən çıxıb qalan bir manata dəyirmi çörək, bir az da pendir aldıq. Nəqliyyata pulumuz qalmadığından, yataqxanaya piyada gedəsi olduq və yoldaca çörəyi yeyib qurtardıq. Səhər dərsə də piyada getdik. Tənəffüsdə "qağa"nı yanladıq. Rəhmətlik arif adam idi. Dərhal hiss eləsə də, zarafatla söz atdı:
- Hə, yenə beynəlxalq vəziyyət qarışıb?
İlyas da "ənənəmizə" uyğun cavab verdi:
- Yaman qarışıb, Afrikada aclıqdır, ABŞ da yardım eləmir.
Mən də həmyerlimiz Xəlil Rzanın o vaxt dilimizin əzbəri olan şeirindən məşhur misranı pıçıldadım: "Azadlığı istəmirəm zərrə-zərrə, qram-qram!"
Əkbərin dodağı qaçdı. Eyni tərzdə pıçıldadı: "Bəs nə istəyirsən, ə? Amerikaya getmək..."
Sözünü ağzında qoydum:
- Ora uzaqdı, qağa, lap yaxına, Salyana, yol pulu da ikicə manat. Borçalı, Qazax deyil ki, təqaüdün yarısını avtobusa verəsən... Qağa, sən "dabro" ver, mən indicə aradan çıxım, sabah qayıdım, dolu zənbillə: Kür balığı, təndir çörəyi, nehrə yağı, əncir mürəbbəsi, yəni Allah verəndən. Xərcliyimiz də öz yerində".
Əkbər uğundu. Əlini cibinə salıb yol pulunu verəndə dönə-dönə tapşırdı: "Yolda ehtiyatlı ol, ləngimə"...

(ardı gələn şənbə
sayımızda)

TƏQVİM / ARXİV