adalet.az header logo
  • Bakı 21°C

Həyatı doyunca yaşayın...

SAMİRƏ ƏŞRƏF
30985 | 2014-09-27 01:31
Payızın gəlişi bütün dərdlərimizi, xəstəliklərimizi tərpədib. Hərə bir evin küncündə öz dərdini qucaqlayıb oturub. Baş açmaq olmur ki, kim kimin xətrinə dərd çəkir bu dünyada. Filmlərə baxırıq, kitablar oxuyuruq, insan taleləri ilə tanış oluruq. Amma bütün bunlar bizim öz həyatımızı yönləndirməyimizə kömək etmir. Bəzən bütün kitabları, film disklərini parça-parça edib bir kənara atmaq gəlir adamın içindən. Amma zaman keçir, şairin dediyi kimi dərd üstünə dərd gəlir, köhnə məhəbbətləri yeniləri əvəz edir, insan yaşlanır, həyata daha ayıq və ciddi nəzərlərlə baxmağa başlayır. Və onda başa düşürsən ki, bu qədər yazılanlar, çəkilərnlər, boş-boşuna deyilmiş. Hər anlamlı mətn insanın ən çətin zamanında qolundan tutub qalxızmağa, ustaca lentə alınmış hər filmin ani kadrı bütün ümidlərimizin yenidən həyata bağlanmasına səbəb ola bilər.
Tam səmimi deyə bilərəm ki, kitablar və mütaliə olmasaydı, mən indiyənə qədər çoxdan yoxa çıxmışdım. Çünki, həyatımın müəyyən dönəmlərində o qədər gözlənilməz hadisələrlə rastlaşdım ki, onlara tab gətirəcək nə mənəvi, nə də fiziki gücüm olmadı. Gözlənilməz acı məqamların ucbatından səsimi içimə atıb qışqırdım: ey, həyat rəhm eylə, ya bu həyatı geri al, ya da elə sağalmaz yaraları ilə birgə mənə qaytar. Mən özüm birtəhər həmin yaralardan eybəcər çapıqlar düzəldib yoluma davam edərəm.
Həyat gözləmədiyim anlarda rəhmdil olmağı bacardı. O gün bu gündür nəhəng çapıqlar əhatəsində həyata davam edirəm. Çətindi, əlbəttə... Amma bayaq qey etdiyim kimi yüzlərlə acı taleyə tuş gəlmiş müəlliflərin kitabları, rejissorların əbədiləşdirdiyi anlar həmişə köməyim, təsəllim olur. Bilirəm ki, onlar da bu yolları keçən yüzlərdən, seçilmişlərdəndilər.
Düzdür, gözlərimi yuman kimi gözümə görünən keçmiş qarabasmalar, ağrılı xatirələr özlərini gözə soxmaqda yubanmırlar. Amma fikirləşirəm ki, insanı insan edən, onun qəlbinə mərhəmət toxumlarını səpən, onu bir körpənin göz yaşlarına kədərlənib sızıldamağa vadar edən də elə həmin qarabasmalar, xatirələrdi.
Sergi atanın mənəvi işgəncələrini, İvan İliçin insan miskinliyini dərindən dərk etməsini, Karamazovun bədbəxtliklər gətirən əxlaqsızlığını, Jan Valjanın ömrü boyu qoruyub saxladığı, keşişim adlandırdığı şamdanlarını, Tarkovskinin "Güzgü"sünü, "Solyaris"ini, sinəsinə yapışmış amansız xəstəliyin xırıltıları altında son dəfə dediyi "Nə diri, nə də ölü halda mənim və mənim yaxınlarımın əzab çəkməsinə, alçalmasına səbəb olmuş ölkəmə qayıtmaq istəmirəm" sözlərini necə unutmaq olar? Necə?!
Bəlkə də bu yazdıqlarımda hansısa qəribəlik axtaracaqsınız, amma mən bu gün öz borcumdan çıxıb deyirəm. Ən bədbəxt anınızda belə gözəl kitablar oxuyun, filmlərə baxın, musiqilər dinləyin və bir də həyatı doyunca yaşayın. Saya gəlməz zəhər kimi acı günləri və bal kimi şirin, bir ömürə bərabər anları ilə birlikdə.

TƏQVİM / ARXİV