adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Sevdiyimiz ətir

XURAMAN HÜSEYNZADƏ
299006 | 2014-09-27 01:25
Düzünü desəm, tamam başqa mövzudan yazmaq istəyirdim. Kompüteri yandırdım. Səhərin yağışlı Bakısı torpaq ətrinə qarışıb hopdu ruhuma. Bu sonbahar günü ağaclar çiçəklərinin, meyvələrinin ardından yarpaqları ilə vidalaşmağa hazırlaşırdı sanki. Baharda həmin ağacların bəzəkli gəlin kimi görünüşünü, ağappaq çiçəklərinin otağa dolan rayihəsini xatırladım. Qarşımdakı fincanda buğlanan isti qəhvə yayındırdı fikrimi. Qəhvə ətrini çox sevirəm...
Elə qoxular var ki, onu tək içinə çəkmirsən, həm də ruhuna hopdurursan. Uzaqlaşırsan o ətirdən. Amma elə bilirsən ki, ruhundadır artıq. Və həmişə cismin, ruhun onu özündə daşıyacaq.
Məsələn, yasəmən, nərgiz, heyva, iydə çiçəyi, kəklikotu ətri kimi. Siyahını kim necə istəyir, o cür davam etdirə bilər.
İlk öncə anamızın ətrinə alışırıq. Körpələr analarını ətrindən tanıyır. Sonra Tanrının nemətlərinə, təbiətin möcüzələrinə alışırıq. Gül-çiçəyə, parfümlərə valeh oluruq. Sevdiyimiz insanın qoxusunu daşıyırıq özümüzdə...
İnsan əllərinin qüdrəti, zəhmətilə yaranan ətirlər təbiətdən alınır. Ən gözəl ətirlər Tanrının yaratdıqlarına, təbiətə aiddir. Baxmayaraq ki, Patrik Züskind insan əllərinin yaratdığı möcüzəni daha çox qabardır. Sonda yenə İNSAN özü qalib gəlir! Deməli, ən gözəl qoxu elə insanın özünə məxsusudur.
Züskindin"Ətriyyatçı"sı Qrenuy... Yeniyetmə qızların qoxusunu alıb onları axtarır, tapır və qətlə yetirərək qoxularından sirli bir parfüm hazırlayır. Həmin ətirlə ovsunlayır hamını. Gözəl qızların bədəninin iyi onu ölümdən xilas edir. Hətta öldürüb qoxusunu oğurladığı Lauranın atası Antuan Rişi də bu ətrin cazibəsi qarşısında tab gətirmir. Qrenuyun vurduğu ətirdən Laurasının iyini alır. Övladlığa götürmək istəyir qatili. Və sonra Qrenuy özü də həmin ətirin qurbanına çevrilir. O qoxuya görə onu qəbiristanlıqda yeyirlər.
Yazıçı, qadın qoxusunun möcüzəsini elə təsvirlərlə göstərib ki...
Hardasa qəhvə ətrini duyanda Qrenuyun Mare küçəsindəki kürənsaçlı qızın iyini alıb arxasınca düşməsini xatırlayıram.
Ən gözəl qoxu üçün sevgiyə borcluyuq.
Çiçəklərin, parfümlərin, qəhvənin... qoxusu kəşf edilmədən İNSAN vardı...



TƏQVİM / ARXİV