adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7

"üçü Birində"

17039 | 2007-10-20 08:10
Cekə deyirlər ki, Azərbaycan adlı getdikcə kiçilən, müharibə şəraitində yaşayan torpağı atılan-satılan bir ölkə var. Onlara ürək-dirək vermək lazımdır. O da tələm-tələsik gəlir Azərbaycana. Vəziyyət heç də Cekin təsəvvüründə canlanan kimi deyilmiş.
   
   Hara gedir görür yekə-yekə binalar üstündə yazılıb "Şadlıq Evi". Soruşur "excuse me what is it?" Başa salırlar ki, bura millətin şənləndiyi yerlərdir. Sonra görür bu "şadlıq evi" yazısının yanında Zəngəzur, Laçın, Şuşa, İsa bulağı, adları da var. Yenə xəbər alır. İzah edirlər ki, bunlar da işğal olunan torpaqların adlarıdır, İsa da Şuşanın yəni işğal olunan şəhərimizin simvoludur. Cek bir gün də tənbəllik etməyib girir bu yerlərdən birinə. Əvvəlcə qulaqpartladan musiqiyə tab gətirmək üçün ofisiantlardan pambıq istəyir. Pambığı qulağına taxıb bir az rahatlanır. Gözünə məclisi əyləndirən müğənniyə uzun-uzadı nəsə yerirməyə çalışan, ayaqları bədənini zorla saxlayan biri sataşır. Yaxınlaşır ora. Həmin bu adam tutub müğənninin qulağından elə hey əlini ölçüb, bədənini silkələyərək təkidlə nəsə tələb edir. Sonra bu ayaqları bədənini daşıyan adam razı halda sevincək oynayanlara sarı gedərək, əllərini göyə qaldırıb işarə barmaqlarını bir-birinə baraban çubuqları kimi vuraraq fırlanmağa başlayır. Cekin nə baş verdiyini anlamaq ehtirasını üzündən oxuyan musiqiçilərdən biri nağarasını kənara qoyub amerikalının boynundan yapışaraq izah edir: -Cek qardaş, bu cavan oğlan "Bizimdir, bizimdir, Qarabağ da bizimdir" mahnısını oxuyurdu. O qaqaş da qəmiş olub ki, bəs mənim sevgilimin adı Gülçöhrədir mahnıda adını çək. Rus demiş "klient vseqda prav". Neyniyəsən indi mahnını belə oxuyur "Bizimdir, bizimdir Gülçöhrə də bizimdir." Ha, ha,ha. Çek birtəhər nağaristin əlindən boynunu alıb məclisə sarı gedir. Ayağı yalın, başı açıq bir arvad təngənəfəs o qədər hoppanıb-düşür ki, Cekin ona yazığı gəlir. İstəyir yaxınlaşıb desin ki, əsəbləşməyin, torpaqlarınız etibarlı əllərdədir bir az səbrli olun, birdən gözü sataşır masaların üstünə. Baxır ki, Amerikanın bütöv bir ştatını doyura biləcək qədər yemək var. Ofisiantlar da elə hey yemək daşıyıb gətirirlər. Doyan da yoxdur. Ordan tələsik çıxıb uçur vətəninə. Buşa məktub yazır. Yazır ki, cənab prezident Buş, "mən sizin daxili və xarici siyasətinizi möhkəm dəstəkləmirəm". Əsəblə: Cek.
   
    Biz keçmişi qələmə alanda tarixə çevrilir, qələmə almayanda xatirəyə. Nəticə isə eyni olur. Məmləkətin ötən həftəki tarixini xatırlayaraq təəssüflənirəm. Heyif ki, Cek o günlərin şahidi olmadı. Efirdən "üçü birində" bayramını izləsəydi Buşa yazdığı məktubuna bir cümlə də əlavə edərdi. "İraqlılara de, azərilərdən ibrət götürsünlər."
   
    40 gün 40 gecə şadlıq sarayları arzusuyla yaşayan millət nəhayət ki, kamalına çatdı. Məmləkətin bir ay ac-susuz, işsiz-gücsüz qalan hoqqabazları iş gününün açılmasına elə sevinirdilər ki, yalandan "bütün xalqı bayram münasibəti ilə təbrik edir uzun ömür can sağlığı" da arzulayırdılar.

TƏQVİM / ARXİV