hacklink Adalet.az | GÖZƏLLİK AXTARIRSANSA, ƏTRAFINA BAX Adalet.az | GÖZƏLLİK AXTARIRSANSA, ƏTRAFINA BAX Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÖZƏLLİK AXTARIRSANSA, ƏTRAFINA BAX

17918    |   2007-10-20 08:09
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Məktəbli olanda, yadımdadı ki, evimizdə "Drujba" adlı iri bir radioqəbuledici vardı. Axşamlar atam ona yaxın əyləşib qısa dalğalarda nəsə axtarardı. Sonra bir stansiyanın üstündə dayanıb rus dilində yayınlanan verilişlərə qulaq asardı. Həmişə nədənsə radionun səsini azaldardı. Əvvəl elə fikirləşirdim ki, bizi narahat etməmək üçün belə edir. Sonra bildim ki, kənardan, yəni qonşudan kimlərinsə xarici radionun səsini duymasından ehtiyatlanır. Axı, bir zamanlar xarici radiostansiyalara qulaq asmaq da yasaq idi. NKVD-yə xəbər verən olsaydı, düşmən ovuna çıxanlara yaxşıca yem olacaqdın. Stalinin vəfatından sonra şəxsiyyətə pərəstiş dövrünün bitdiyi bəyan edilsə də, o illərin xofu insanların canından tam çıxmamışdı.
   
   Axşamlar atamın dinlədiyi dalğa BBC idi. Sovetlər birliyində baş verən hadisələr barədə ətraflı məlumatı, analitik şərhləri onlardan daha tez duymaq olurdu. Bu hər zaman belədir. İnsanlar yaşadıqları mühitdə doğru-dürüst məlumatlar almayanda xarici mənbələrdən bəhrələnirlər. 1990-cı ilin yanvar faciəsini yada salaq. Gözümüzün önündə rus qoşunları Bakıya daxil oldu, dəhşətli qırğınlar baş verdi. Televızıya partladıldı, radio susdu. Baş verənlər barədə məlumatı biz yalnız "Azadlıq" stansiyasının verilişlərindən ala bilirdik. Amerikanın səsi, BBC radioları öz verilişlərində Bakıdakı hadisələrə geniş yer ayırırdı. Azərbaycan daxildən informasiya blokadasına alınmışdı... Nahaq yerə demirlər ki, hər şey axır, hər şey dəyişır. Kim bilərdi ki, Rusiyanı 300 il idarə edən Romanovlar ailəsi devriləcək? Amma bu oldu. Kimsə inana bilməzdi ki, XX əsrdə dünyanın super gücə malik dövlətinin sonu gələcək. Amma 70 il sonra gəldi. Sovet dövründə ölkə hüdudlarında sərbəst dolaşmaq imkanı olsa da sosialist sisteminə daxil dövlətlərə iki ildən bir turist səfərinə getməyə icazə verilirdi. Kapitalist məmləkətlərə getmək üçün pulun olmağı əsas şərt deyildi. Gərək iş yerindən xasiyyətnamə alaydın, müxtəlif arayışlar toplayaydın. Rayon Partiya Komitələri yanında fəaliyyət göstərən xüsusi komissiyadan keçəydin. Siyasi hazırlığı lazımı səviyyədə olmayana, komissiyanın tələblərinə cavab verməyənə Parisin Eyfel qülləsini, yaxud Londondakı Biq Ben saatını görmək yalnız kinoda nəsib ola bilərdı. Sovet ideologiyası turizmi də təbliğat maşınının tərkib hissəsi qəbul edirdi. Xaricə səfər edən hər bir insan Sovet adamının siyasi yetkinliyini, mənəvi üstünlüyünü nümayiş etdirməliydi. Altmışıncı illərdən genişlənən xarici turizm əlaqələri SSRİ-nin sonunu yaxınlaşdırdı. Çünki xaricə səfər edən insanlar sənaye və ərzaq məhsulları ilə dolu vitrinləri görəndə, müxtəlif markalı maşınları, dəbdəbəli evləri, restoranları, barları, rəngarəng reklamları, işıq selinə qərq olan küçə və meydanları, insanların sərbəst həyat tərzini öz gözləriylə görəndə vətənə qayıdandan sonra səfər təəssüratlarını ağızdolusu heyranlıqla yaxınlarına danışar, aradakı müqa-yisə olunmaz fərqi anlamağa başlar və özləri də bilmədən əslində əkstəbliğat aparardılar.
   
   
   
   BBC dünyanın ən nüfuzlu
   
   media qurumlarındandır
   
   
   
   Dediklərim 2000-ci illərin gənclərinə təəccüblü görünsə də 60-70-ci illərin adamları üçün adi yaşam tərzi idi. Amma onlara da 40-50-ci illərin insanları həsəd apara bilərdi. Çünki "dəmir pərdələr" qaldırılmayınca xarici turizm anlayışı ümumiyyətlə mövcüd deyildi. Nə isə... Dövran xeyli dəyişmişdı. 1993-ci ildə artıq mən İngiltərəyə bir vaxtlar atamla evimizdə gizlincə verilişlərini dinlədiyim güclü bir media qurumunun - BBC-nin dəvətiylə gedirdim...
   
   BBC dünyanın ən qədim və nüfuzlu media qurumlarından biridir. İki həftə bu şirkətdə təcrübə keçdim, verilişlərin hazırlanması prosesini izlədim, tanınmış simalarla görüşdüm. İndi BBC-nin Ümumdünya Xidməti 43 dildə yayınlanır. 1994-cü ildən burada yeni yaradılan Mərkəzi Asiya və Qafqaz Departamenti fəaliyyət göstərir. Azərbaycan şöbəsi də onun tərkibindədir. Azərbaycan dilində proqramlar həmin ilin noyabr ayının 30-dan yayına başlayıb. İlk dəfə Azərbaycan dilində "Danışır London. Efirdə BBC-nin Azərbaycan xidmətidir" sözlərini səsləndirən istedadlı jurnalist Sevinc Osmanqızı olub. Amma mənim xatırladığım illərdə Türk xidməti vardı. Ona Zəki Okar adlı təcrübəli jurnalist rəhbərlik edirdi. Azərbaycan xidmətinin açılmasında da bildiyim qədər onun zəhməti vardı.
   
   Londonun hər qarışı qədim tarixi, zəngin mədəniyyəti özündə əks etdirir. Bu şəhərdə müzeylərin, teatrların sayı çoxdur. Qonaqpərvər ev sahiblərinin diqqəti sayəsində Londonda ilk növbədə görüləsi yerlərlə demək olar ki, tanış ola bildim. Necə deyərlər, gəldim gördüm və bu şəhəri sevdim. Hər səhər iş başlayandan Şirkətlə tanışlığımız davam edirdi, departamentlərdə görüşlər, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılırdı, diskussiyalar keçirilirdi. Burada çalışan çox dəyərli, təcrübəli insanlarla tanışlıq, onların işə və həmkarlarına münasibəti mənə çox şey öyrətdi. Günortadan sonra isə şəhərin tarixi-mədəniyyət abidələri, digər gəzməli, görməli yerləri ilə tanış olurduq. Çox vaxt Zəki bəylə birlikdə dolaşırdıq. İşgüzar səfərlə bağlı ən xoş təəssüratlarıma görə ilk növbədə ona minnətdaram.
   
   Səyyah gözüylə baxanda Londonda nələr görməzsən! Hər bir gözəlliyi görməyə aylar, illər yetməz. Amma elə şeylər var ki,onlar bir növ Londonun simvoludur. Onlara tamaşa etmədinsə, demək ki, Londonda olmamısan. Məsələn, məşhur Bukkingem sarayını, onun önündə hər gün təmtəraqlı keşikçi dəyişmə mərasimini və ya süvari qvardiyanın paradını. Pikadelini piyada gəzməsən, Trafalqard meydanının göz oxşayan memarlıq incilərinə baxmasan, yaşıllığa qərq olan Hayt parkın sakitliyindən zövq almasan, Londonu gördüm demə. İlk dəfə gələnlərdə bu şəhər haqda ümumi təsəvvür yaratmaq üçün ən gözəl şey avtobus ekskursiyasıdır. Bir saat ərzində uzaqdan da olsa Temza çayı üzərindəki Tauer körpüsünü də, Biq Ben saatını da, Britaniya Parlamentinin, məşhur müzeylərinin, teatrlarının, sərgi salonlarının əzəmətli binalarını, paytaxtın qədim memarlıq ansambllarını seyr etmiş olursan. Sonra hansını istəsən seç və yaxından tanış ol. Mən çox maraqlı London muzeyləri ilə tanışlığımı Viktoriya və Albert muzeyindən başladım. Çünki oranın ən dəyərli eksponatlarından birinin "Şeyx Səfi" xalısı olduğunu bilirdim.
   
   
   
   İngiltərədə gördüyüm
   
   ilk muzey
   
   
   
   1852-ci ildə yaradılan Viktoriya və Albert muzeyi 1889-cu ildən İngiltərə kraliçasının adını daşıyır. Burada əsasən dekorativ sənət nümunələri sərgilənir. Onun saxlanclarında dünya mədəniyyətinin nadir inciləri siyahısına düşən xeyli eksponat var. Bu sənət əsərləri müxtəlif dövrlərdə, ayrı-ayrı ölkələrdə şüşədən, saxsıdan, keramikadan, qiymətli metallardan, tekstil məmulatlarından hazırlanıb. Hər birinin öz tarixi, öz taleyi var. İngiltərə "pasportu" almaları da müxtəlif şəraitdə, bəzən hətta müəmmalı şəkildə baş verib. Amma mütəxəssislərdən fərqli olaraq muzeyə gələnlərin əksəriyyətini bu gözəlliyin özü onun tarixçəsindən daha çox maraqlandırır. Bu sənət xəzinəsinə gün ərzində səngiməyən insan axını dediklərimə sübutdur. Orta əsr milli xalı sənətimizin incisi sayılan "Şeyx Səfi" Viktoriya və Albert muzeyində saxlanılır. Sənətşünasların dediyinə görə, 1530-cu ildə Ərdəbil şəhərində Şeyx Səfi məscidi üçün məxsusi toxunmuş eyni adlı nadir sənət əsəri dünyanın ən böyük və qədim xalçası sayılır. Onun ornamentləri, sıxlığı, rəng çalarları insanı valeh edir. Maraqlıdır ki, "Şeyx Səfi" möhtəşəm muzeyə sığışmır. Xalının ölçüləri müdhişdir: uzunluğu 10,51 metr, eni 5.34 metr, ümumi sahəsi 56,2 kvadratmetr. Sərgi salonunda onu uzununa deyil, eninə asmışlar. zü də muzeyə təşrif buyuranlar bu əsəri yalnız şüşə arxasından seyr edə bilərlər. Bəli, "Şeyx Səfi" İngiltərə muzeyində şüşə arxasında saxlanılır. Həmin salonda nümayiş etdirilən eksponatlar içərisində Təbriz müniatür məktəbinə aid nadir rəsmlər də diqqətimi çəkdi. Təəssüf ki, bütün bunlar İran mədəniyyəti nümunələri kimi təqdim olunur. Muzey rəhbərliyindən icazə alıb içəridə video-çəkiliş apardım. Bəlkə də Azərbaycan tamaşaçısı ilk dəfə "Şeyx Səfi" xalçasını 1993-cü ildə mənim Londondan hazırladığım verilişdə görmüş oldu.
   
   
   
   London küçələrində polislər silahsız dolaşır
   
   
   
   Londonda polisin bir özəlliyi odur ki, şəhərdə heç kim silah daşımır. Silah yalnız xüsusi təyinatlı dəstələrdə olur. Yollarda da addım başı nə polis maşını, nə yol nəzarətçisinə rast gəlməzsən. Bu qədər paqonlu adamı saxlamağa ancaq bizim məmləkətdə pul tapılar. Amma bir bədbəxt hadisə baş versə, yol hərəkəti qaydaları azacıq pozulsa polislər anında başının üstünü alacaq. Heç kəs polislə höcət etməz, onu dilə tutmağa cəhd göstər-məz. Çünki hər kəs yaxşı bilir ki, bu əbəsdir. İngiltərədə dilə tutmaqla ipə-sapa yatanı, ələ baxanı polisə işə almırlar. Qayda qanunu pozdunsa, kim olursansa ol, cəzalanmalısan, vəssalam. Cərimə haqları yüksəkdir. Onu bilərəkdən demirəm. Təsadüfən eşidib bizdə də qeyri-rəsmi müəyyən olan taksanı artırarlar ki, Azərbaycan dünya ölkələrindən geri qalmasın. Biz də çox istəyirik Azərbaycan dünya ölkələrindən geri qalmasın, azərbaycanlılar Avropanın inkişaf etmiş dövlətlərindəki kimi çalışsınlar və bunun müqabilində haqq etdiyi qazancı ala bilsinlər. Onda millət sıxıntı çəkməz, vergilərdən qaçmağa can atmaz, kommunal xərcləri vaxtında ödəyər. Yoxsa, ali təhsilli müəllim, həkim, mühəndis öz maaşına ailəsinin elementar ehtiyaclarını tam ödəyə bilmirsə, onun dünya standartlarına uyğun heç bir şeyi yoxdursa, cəriməsi və ya rabitə xidməti haqqı, enerji pulu niyə bu ölçülərlə müəyyənləşməlidir? İllik qazancıyla ildə bir dəfə haqq etdiyi kimi məzuniyyətini keçirə bilmirsə, onu addım başı nədəsə suçlamaqdansa, həyat şəraitini dəyişməyə, güzəranını yaxşılaşdırmağa, sosial müdafiəni təmin et-məyə çalışmaq lazımdır.
   
   
   
   Yer altındakı London
   
   
   
   Londonda metronun mövcudluğunu, onun dünyanın qədim yeraltı nəqliyyat vasitəsi olduğunu bilirdim. 1863-cü ildə ilk dəfə istifadəyə verilən London metrosunun indi 275 stansiyası var. Xətlərin ümumi uzunluğu 3000 kilometrdən çoxdur. Şəhərin əksər hissəsini əhatə etdiyindən nəqliyyat probleminin həllində müstəsna rol oynayır. Bakı sakinləri buna altmışıncı illərdən alışqan olsalar da indinin özündə belə dünyanın bir çox böyük şəhərlərində metro yoxdur. Bakıya nisbətən London metrosunun stansiyaları daha mütəvazidir. Qatarlar da yığcamdır. Burada reklamlardan geniş istifadə olunur. Reklam işinin düzgün qurulması nəticəsində hər il on minlərlə funt-sterlinq gəlir götürülür. Metro girişlərində, keçidlərdə dilənçilər gözümə dəymədi. Amma küçə musiqiçiləri yer altında "səhnəni" paylaşıblar. Onlar nə qatarların , nə də sərnişinlərin hərəkətinə maneə yaratmır, heç bir narahatlıq törətmirlər. Hökümət də onların fəa-liyyətinə əngəl açmır. İmkanı olanların, kimlərinsə mərhəmətinə, səxavətinə ümid bəsləyən bu musiqiçilərin özü də metro deyilən yeraltı səltənətə bir özəllik gətirir. Metroda gediş-gəliş hücrəti standart deyil. Bir səfərlik, günlük və ya aylıq biletlər satılır. Biletlərin qiyməti bizimkindən bahadır. Onu da deməyəcəm, çünki eşidib özlərini ingilislərə oxşatmağa çalışarlar. Kaş daha mühüm işlərdə ingilislərdən dərs almağı öyrənəydik... Həvəskar ifaçılara təkcə metro stansiyalarında deyil, şəhərin küçə və meydanlarında da tez-tez rast gəlmək olar. Yoldan ötənlər, xüsusən də turistlər könüllü yardımları ilə bu adamların maddi və mənəvi dayağıdır. Mənim müşahidəmə görə cibləri boş olsa da gözləri tox idi bu adamların. Axı, necə olsa onlar sənət aləminin, musiqi dünyasının adamlarıdır. Musiqi onunla təmasda olanları həmişə mənən saflaşdırar, ayaqda tutar.
   
   ***
   
   
   
   İngiltərəylə bağlı səfər təəssüratlarım coxdur. Bunların bir qismini "Londonda görüşdüyüm Ceymsin soyadı Bond deyil, Oldric idi" yazısında "Ədalət" qəzetinin oxucuları ilə bölüşmüşdüm. Bu yazıda cib dəftərimdəki bəzi qeydləri təqdim etdim. Paylaşılası xatirələrsə hələ çoxdur...
   
   
   
   (Ardı var)
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-11
2019-12-10


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Yəhudilərin ofisi. Bir yəhudidən soruşurlar:

- Hara baxırsan, yəhudilər - ABŞ, Fransa, İngiltərə, Polşa, Rusiya, hətta Almaniya. Bu qədər çoxsunuz, böyüksünüz, bəs, niyə İsrail bu qədər balacadı?

Yəhudi deyir:

- Ora bizim ofisimizdi.





digər lətifələr
ARXİV
FACEBOOK