adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7

Kapitalizmdə bolluq uzaq xəstəliyi

17229 | 2007-10-20 08:09

   
   1999-cu ilin sentyabr ayında Amerikada olarkən Kaliforniya ştatının Berkli şəhərində mənə dünyaşöhrətli alim Lütfi Zadədən müsahibə götürmək nəsib oldu. Berkli kiçik və olduqca maraqlı şəhərdir. Şəhərdə çoxlu universitetlər yerləşir. Sağlığında ikən artıq müxtəlif sahələrdə klassikə çevrilən, dünyanın ən nüfuzlu mükafatlarını alan, Nobel lauretları olan alimlər yaşayıb işləyir burada. Bura gələnə qədər mən də çoxları kimi Berklinin yalnız universitet binalarından ibarət tələbə şəhərciyi olduğunu düşünürdüm. Həqiqətən də burada universitet binaları çoxdur. Dünyanın bütün ölklərindən olan tələbə gəncləri daim şəhərdə görə bilərsən. Amma nədənsə şəhəri fərqləndirən, onun xarakterini yaradan bu iki amil deyildi. Bunlar elə bil hardasa fonda mövcud idilər, sakit və iddiasız. Şəhərdə əsas ovqatı yaradan, qaça-qov, tələskənlik, gərginliyin üzə çıxmasına mane olan, adama rahatlıq və təmkin gətirən nə idisə, onu anlaya bilmirdim. Müsahibədən sonra şəhəri piyada gəzərkən böyük həmyerlimiz bu şəhərdən danışarkən elə bil mənim gözümü açdı. Əlbəttə, baxmaq azdır, görmək lazımdır. Lütfi Zadə söhbət arası belə bir söz işlətdi:
   
    - Əgər mən yenidən Amerikaya ilk dəfə gəlmiş olsaydım və bu ölkədə hansı şəhərdə yaşamaq sualı qarşısında qalsaydım, yenə də Berklini seçərdim.
   
   İlk baxışda onun niyə belə dediyi aydın idi. Bütün ömrünü elmə həsr etmiş bir insan üçün bu şəhərdən daha yaxşı hansı ola bilərdi ki? Digər tərəfdən başqa sual da yaranırdı. Məgər Nyu-Yorkda və ya başqa bir şəhərdə yaşayıb elmlə məşğul olmaq mümkün deyil? Məgər belə alimlərin sayı azdır? Odur ki onun niyə belə düşündüyünün səbəbini öyrənmək istədim:
   
   - Niyə məhz Berkli?
   
   Cavab əvəzinə o, yaşı bəlkə də yüzü keçən ağacların sırası boyunca uzanan səkidə ayaq saxlayıb qarşıdakı qədim birmərtəbəli, kərpic sobası azca əyilən evi göstərdi:
   
   - O evə baxın. İndi isə bu yana baxın.
   
   Ardınca diaqonal istiqamətdə ucaldılan ultramüasir binanı göstərdi:
   
   - Berkli sintezdir, yalnız bir üslubun diktəsi deyil. Sən bu şəhərdə sərbəstsən. İstəsən bax o köhnə evlərin üzüaşağı gələn dar qəmbərlik yolu ilə piyada gəzərsən, istəsən bax bu tərəfdəki şosse ilə maşın sürərsən. İstəsən o bağlarda, parklarda səhərdən axşamacan gəzərsən. Üslublar burda müxtəlifdir. Bu şəhər məni seçim qarşısında qoyub öz diktəsini etmir. Mən "hə" və "yox" qarşısında qalmıram. Mənim bu illər ərzində heç ağlıma gəlməyib ki, üslubca, yaşam tərzinə görə burdan fərqlənən özgə bir şəhərə köçüm. Burda düşündüyün üslubların hamısı var.
   
   Bu sözlərdə mən qəribə, həm də çox ibrətamiz, əsl alim keyfiyyətinin şahidi oldum. Biz, yəni çəkiliş qrupu və mən belə güman edirdik ki, artıq müsahibəni yekunlaşdırdıq, suallarımız səsləndi və indi bunu arxada qoymuş kimi arxayın, asudə gəzib dolanmalıyıq. Amma sən demə, alim hələ də verdiyi cavablar barədə düşünürmüş. Sən demə, o, öz daxilində dönə-dönə dediyi sözlərin yanlış olmadığının təsdiqini axtarırmış. Şəhər haqqında söylənən bu fikir də bizim bir müddət əvvəl universitetdə, Zadənin kabinetində apardığımız müsahibədə deyilənlərə əlavə və əyani təsdiq oldu. Alim "hə-yox" məntiqini qəbul etmir. Bu məntiq əslində insan üçün tələdir. Bu məntiqin hesabına insanın başının üzərində dayanan qüvvə mütəmadi olaraq ona diktə edir. İnsanı həmişə öz iradəsi altında saxlayır. Ağlıma gəlməzdi ki, Amerikada, dünyaşöhrətli alimdən belə sözlər eşidəcəyəm. Buna görə də mən alimə belə sual verirəm:
   
   - Artıq demokratiya və liberal dünyagörüşü qalib gəldi. İndi insanlara, özü də Qərbdə yaşayan insanlara, onların başı üzərində dayanan (əgər varsa) hansı qüvvə öz diktəsini edə bilər?
   
    Alim mənim sualımı həm təbii, həm də müzakirəni daha maraqlı etmək üçün təəccüblə qarşıladı:
   
   - Necə, bəs reklam? Reklam bütün totalitar rejimlərdən daha qüdrətlidir və daha qüvvətli diktəyə malikdir!
   
   Söhbət əmtəədən, daha doğrusu, əmtəə fetişizmindən gedirdi. Artıq biz nəyisə arzu etmirik. Arzu etdiklərimizin, yaxud arzu edəcəklərimizin surəti bizim başımız üzərində dayanıb və öz diktəsini edir.

TƏQVİM / ARXİV