adalet.az header logo
  • Bakı 18°C
26 Sentyabr 2014 13:35
12403
GÜNDƏM
A- A+

Cinsi azlıqları fəallaşdıran səbəblər

Ötən əsrin sonlarında baş vermiş cinsi azlıqların inqilabından sonra, əslində ta qədimdən bəri mövcud olan eynicinsli münasibətlər açığa çıxarılmağa başladı. Bu məsələnin niyə gün işığına çıxarıldığı, sözügedən inqilabın özü haqqında sosioloqlar, psixoloqlar, ümumiyyətlə peşəsinə aid oldu-olmadı istənilən düşüncə sahibi fikir söylədi. Ənənəvi cinsi ilə razılaşmayan azlıqları "xəstə”, "fərqli”, "müstəqil seçim hüquqlu”, "üzdəniraq”  və.s kimi söz ehtiyatımızda olan-olmayan ifadələrlə səciyyələndirdilər. İctimai qınaq çoxluq təşkil etsə də bu hərəkata onun təsiri yel qayadan apara biləcəyi qədər oldu. Və nəhayət cinsi azlıqlar özlərini cəmiyyətə qismən də olsa qəbul etdirib, normal münasibətə yaxınlaşa bildilər. İndi hər birimizin işlədiyimiz, yaşadığımız, oxuduğumuz yerlərdə dəyişik oriyentasiyalı tanıdıqlarımız var, buna görə onları gizli-aşkaq qınasaq da, hər halda "gözün üstə qaşın var” demirik.

Amma dəmirə düşmüş pas əvvəl-axır dəmiri tamamilə "yediyi” kimi, cəmiyyətdə olan bu "fərqli”lər artıq artmağa, yayılmağa başlarsa, o dəmir əlbəttə ki, çürüməyə məruz qalacaq. Sonucda isə məşhur tamaşada deyildiyi kimi,  çürüntülü "cəmiyyətimiz turş dadmağa” başlayacaq.   

Həyəcan siqnalının düyməsinə əlimi uzadanlardan biri kimi deməliyəm ki, son zamanlarda cinsi azlıqların fəallaşması, onların məlum inqilablarından bu yana ən aktiv günlərini yaşayır. Son bir həftədə Azərbaycanda iki eynicinsli cütlüyün münasibətlərinə nişan və toy mərasimi ilə "ad verməsi”, onların daha sıx bir araya gəlməsini müşahidə etdik. Əvvəlcə qeyri-ənənəvi nişan mərasiminin təşkil edilməsi barədə xəbər yayıldı. Belə ki, Nəfəs LGBT (lezbiyan, gey, biseksual, transeksual) Azərbaycan Alyansının prezidenti Atilla Bəy Cavid eynicinsli "sevgilisi” ilə nişanlandığını şəxsi facebook səhifəsində bəyan etdi.  Onun kimi cəmiyyəti "homofob” adlandıran digər cütlüyün "xeyir iş” xəbəri isə balıqçıdan gəldi. Yox, bu Puşkinin balıqçısı olmasa da, toruna qızıl balığı salıb arzularından birini, bəlkə də ən böyüyünü həyata keçirə bilib – eynicinsli sevgilisi ilə toy eləməyi planlaşdırır. "Qızıl balıq” isə 23 yaşlı Nigar adlı qızdır. Təxminən 30 yaşı olan Samirə adlı qadın onu qaçırıb və 3 aya yaxındır birgə yaşayandan sonra toy etmək qərarına gəliblər. Samirə Nabranda balıqçılıqla məşğuldur və hər kəs onu "balıqçı Samirə” kimi tanıyır.

Sevgidə cins tanımayanlardan bir xəbər də elə ötən gün Türkiyədən gəldi. Ekin Kəsər və Əmrullah Yavuz adlı oğlanlar sentyabrın əvvəlində toy eləsələr də, bu toyun səsi ötən gün çıxıb (həm də azəri həmfikirlərinin toy-nişan günlərində!) 

Maraqlıdır ki, bənzər xəbərlər məhz bu ay sürətlə yayılmağa başlayıb. Bilmirəm, bu fəsil dəyişimindəndimi, Payız romantikasıdımı, hər halda sentyabr homoseksuallar üçün düşərli olub. (məhsul bolluğu fəslidir axı!)

Elə qardaş Türkiyəylə bağlı daha bir xəbər də diqqətimi çəkdi: deməli, Türkiyənin Manisa bölgəsindəki kəndlərdən birində qadın paltarında gəzən və xalq arasında "Ehsan xala” adı ilə tanınan kişidən söz açılır. Elə hərtərəfli qadın işləriylə (cinsi, fiziki, məişət) məşğul olan bu kişi haqqında danışılarkən, yerli camaatın onu necə sevdiyini, ailələrinin üzvü olduğunu, bir sözlə "xalanın həmin kənddə mövcudluğundan "mutlu” olduqlarını dilə gətirirlər.

Qaynar su vedrəsi effekti verən daha bir məlumat isə Rusiyadan gəldi. Elə cinsi azlıqların tərəfində olan bəzi cinsi çoxluqların vasitəsilə Rusiyadakı homoseksualların manifesti ortaya atıldı. Manifestdən çox hədə-qorxuya bənzəyən bu yazılı müraciətdəki bəzi abzasları diqqətinizə çatdırıram:  

"Biz dünyanı dəyişəcəyik: homoseksuallar haqqında şeirlər, romanlar yazılacaq, mahnılar bəstələnəcək, filmlər çəkiləcək. Yeni nəsil orta və aşağı təbəqə tanımayacaq. "Mavi qanlı” kübar homoseksuallar dünyanı idarə edəcəklər. Dini məbədlər ləğv ediləcək. Tək allahımız simvolik gənc və gözəl kişi olacaq. Bizə qədər olan tarixdən hetereseksual üstünlük silinəcək. Qalib biz olacağıq”. (P.S Bu hələ təmizlənmiş, "abıra salınmış” bir hissədir.)

Digər Xəbərlər