AVTOBUSLAR NİYƏ TƏMİZ SAXLANILMIR?

FAİQ QİSMƏTOĞLU
68571 | 2014-09-26 01:12
Hər bir sərnişin avtobusa minərkən istər-istəməz onun salonuna diqqət yetirir və oturacaqlara baxır. Əgər avtobusun salonu təmizdirsə və oturacaqlar səliqəlidirsə, sərnişin həmin yerdə rahat əyləşir və mənzil başına heç bir çətinlik yaşamadan çatır. Düzdür, bəzən bəzi sürücülər ağına-bozuna baxmadan avtobusları yüksək sürətlə idarə edirlər və sərnişinlərə qorxulu anlar yaşadırlar. Ancaq gəlin razılaşaq ki, ictimai nəqliyyat vasitələrindən biri olan avtobusları da normal idarə edən sürücülər var.
Budəfəki yazımızda ayrı-ayrı avtobus sürücülərinin bir-birilə ötüşməsi, harda gəldi maşını saxlaması və yol hərəkəti qaydasını kobud surətdə pozması haqda deyil, sərnişinləri daşıyan bu maşınlarda təmizlikdən, səliqə-səhmandan danışmaq istəyirik. Təbii ki, bayaq dediyimiz kimi, sərnişin öncə avtobusa əyləşən kimi avtobusa nəzər yetirir və bundan sonra hər hansı oturacaqda yer varsa əyləşir.
Gəlin onunla razılaşaq ki, Bakıda müxtəlif marşrutlarda sərnişinləri daşıyan avtobusların heç də hamısının salonunda səliqə-sahman, təmizliyə fikir verilmir. Məsələn, metronun "Neftçilər" stansiyasından Yeni Günəşli qəsəbəsinə işləyən 50 və 64 saylı saylı marşrutlarda əksər vaxtı avtobusların salonunda səliqə-sahman olmur. Yayın istisində bu avtobusların salonunda toz əlindən tərpənmək olmur, qışda isə palçıqdan. Hətta bu barədə sürücülərə sərnişinlərə irad tutanda onlar bildiriblər ki, hər gün səhər saatlarında maşın yuyulur, salon təmizlənir, oturacaqlarda səliqə-sahman yaranır. Əgər maşın yuyulubsa bəs onda bu toz-torpaq hardandır?
Bir çox ekspertlər bildirirlər ki, avtobusların salonu mövcud qaydaya əsasən hər gün yuyulmalı və təmizlənməlidir. Bu ən azından ona görə edilməlidir ki, avtobusun salonunda əyləşən sərnişinlər isti yay günlərində toz-torpaq udub müxtəlif infeksion xəstəliklərə düçar olmasınlar. Hətta mövcud qaydalara görə sərnişin daşıyan avtobusların tutacaqları da yuyulmalı və dezinfeksiya edilməlidir. Bu dezinfeksiyadan sonra avtobusun salonunda olan müxtəlif təhlükəli viruslar məhv olur. Ekspertlər onu da bildirirlər ki, Bakıdakı marşurtlardan çox az hissəsi bu metoddan istifadə eləyir. Yəni hər səhər avtobusların salonları yuyulur və dezinfeksiya olunur.
Onda belə bir məntiqi nəticəyə gəlmək olar ki, ayrı-ayrı marşrutların sahibləri heç də sərnişinlərin taleyi barədə bir o qədər də dərindən düşünmürlər. Əgər dərindən fikirləşsəydilər onlar marşrutda işləyən avtobusların vaxtlı-vaxtında təmizlənib yuyulmasına və dezinfeksiya edilməsinə diqqət edərdilər. Bilmirəm siz şəhərin mərkəzində əyləşən 65 saylı marşrutdan istifadə eləmisiniz, ya yox? Amma bir sərnişin olaraq həmin marşruta bir neçə dəfə əyləşmişəm, həm səliqə-sahmanın şahidi olmuşam, həm də sürücülərin təcrübəsinin, həm də yüksək mədəniyyətə sahib olmasını. Deməli, şəhərdə nümunəvi fəaliyyət göstərən marşrutlar var.
Amma bu sözləri 102 nömrəli marşrut barəsində demək olmaz. Çünki bu marşrutlarda fəaliyyət göstərən avtobusların hamısı orta tutumludur. Üstəlik də oturacaqlar çox pis gündədir. Görünür bəzi oturacaqları çıxarıb yerinə kustar üsulla hazırlanmış oturacaqlar qoyublar. Təbii ki, bu da qanuna zidd əməldir. Ona görə bəzi marşrut sahibləri belə bir addımı atır ki, avtobusda daha çox sərnişin aparsın. Qeyd etdiyimiz marşrutda səliqə-sahman da lazımlı tələblərə cavab vermir. Avtobusun salonuna əyləşən kimi hiss edirsən ki, səhər saatlarında salon yuyulmayıb və təmizlənməyib. Üstəlik də oturacaqlar da çox pis gündədir.
Amma hansı marşrutun sahibi ilə söhbət eləsən deyəcək ki, bizim avtobuslarda hər cür səliqə-sahman var. Avtobuslar səhər-səhər yuyulub təmizlənir. İnanan daşa dönsün!
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov avtobusların yuyulub-yuyulmaması ilə bağlı məsələyə öz münasibətini bildirdi. Polkovnik-leytenant V.Əsədov dedi ki, mövcud təlimata əsasən hər gün səhər saatlarında avtobuslar texniki baxışdan keçməli, onun salonu yuyulub təmizlənməli və sürücülər həkim müayinəsindən keçməlidirlər. Bütün bu tədbirlərdən sonra sürücü sükan arxasına əyləşməli və müəyyənləşmiş marşrut üzrə avtobusu idarə etməlidir. Sizin toxunduğunuz məsələ çox aktual və vacib bir problemdir. Keçirdiyimiz reydlər zamanı avtobusları natəmiz saxlayan və səhər saatlarında texniki baxışdan keçməyən, eyni zamanda həkimin də arayışı olmayan neçə-neçə sürücülər aşkar etmişik. Bu faktların özü bir daha göstərir ki, müxtəlif sahibkarlara məxsus olan marşrutlarda nizam-intizam və səliqə-sahman günün tələblərinə cavab vermir. Aydındır ki, biz Nəqliyyat Nazirliyi ilə bu problemin qarşısını almağa hər an səy göstəririk. Ancaq gərək aidiyyatı qurumlar da öz vəzifə məsuliyyətlərini dərk etsinlər və bu işə diqqətlə yanaşsınlar. Bax onda şəhərimizdə işləyən avtobuslarda təmizlik və səliqə-sahman olar.
Yazımızın əvvəlində qeyd etmişdik ki, hər bir sərnişin səliqəli avtobusa əyləşib mənzil başına getmək istəyir. Deməli, sahibkarlar bu məsələləri və problemləri diqqət mərkəzində saxlamalı, tabeliyində olan marşrut avtobuslarının təmizliyinə, səliqə-sahmanına diqqət yetirməlidir. Əgər belə olarsa sərnişin yayda avtobusun salonunda tozdan, qışda da palçıqdan gileylənməz və müxtəlif infeksion xəstəliklərə yoluxmaz.

TƏQVİM / ARXİV