adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
26 Sentyabr 2014 01:08
11883
LAYİHƏ
A- A+

MÜASİRLƏŞƏN MELİORASİYA VƏ İRRİQASİYA SİSTEMLƏRİ

(əvvəli ötən saylarımızda)

Dövlətimzin başçıı Samur-Abşeron kanalını qidalandırmaq üçün şimal çaylarında sugötürücü və nəqletmə qurğularının tikintisi, Şabran, Sİyəzən, Xızı rayonları üzrə suvarılacaq torpaq sahələrinin planı, Samur-Abşeron suvarma sistemi zonasında həmin rayonlardakı mövcud suvarılan torpaqlarda su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi, həmçinin Samur-Abşeron kanalı sistemi üzrə mövcud və yeni suvarılan torpaqların planı ilə tanış olub.
"Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə prezident İlham Əliyevə məlumat verib ki, Taxtakörpü su anbarının istifadəyə verilməsi ilə əlaqədar layihə zonasında yerləşən rayonlarda yeni suvarılan torpaqların müəyyənləşdirilməsi ilə bağlı dövlətimizin başçısının verdiyi tapşırıqların icrasına əsasən aparılan araşdırmalar nəticəsində "Samur-Abşeron Suvarma sisteminin yenidən qurulması" layihəsi zonasında 30 min 153 hektar, o cümlədən Şabran rayonunda 13 min 678, Siyəzən rayonunda 7962 və Xızı rayonunda 8513 hektar yeni suvarılan torpaq sahələri müəyyən edilib.
Beynəlxalq məsləhətçilər tərəfindən "Samur-Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinin davamı olaraq Xızı, Siyəzən və Şabran rayonlarında yeni suvarılan topaqların istifadəyə verilməsi üçün mütərəqqi suvarma texnikasının tətbiqi ilə meliorativ tədbirlərin, eləcə də mövcud suvarılan torpaqların su ərazisi üzrə yeni suvarılan torpaqların istifadəyə verilməsi üçün meliorativ tədbirlərin layihə sənədləri tamamlanaraq tikintiyə hazırlıq işlərinə başlanılıb.
Layihəyə əsasən Xızı rayonu üzrə yeni suvarılan torpaq sahələri dəqiqləşdirilərək, onun 9609 hektar və su təminatı yaxşılaşdırılacaq mövcud əkin sahələri 2970 hektar olmaqla cəmi 12579 hektar müəyyən edilib. Layihədə yeni inşa olunmuş Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun mövcud və yeni suvarılan torpaq sahələrinə verilməsi üçün ümumi uzunluğu 261, 4 kilometr, o cümlədən 194,5 kilometr qapalı və 66,9 kilometr açıq suvarma şəbəkələrinin tikintisi nəzərdə tutulur. Torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə 6300 hektar sahədə qapalı drenaj şəbəkəsi layihələndirilib.
Cari ildə Dövlət Neft Fondundan "Samur-Abşreon suvarma sisteminin yenidən qurulması" layihəsinə ayrılmış vəsait hesabına Xızı və Siyəzən rayonlarında yeni suvarılan torpaqlarda meliorativ tədbirlərin aparılmasına başlanılıb. Birinci mərhələdə Xızı rayonunun 3396 hektar yeni suvarılacaq torpaq sahələrində bu işlərin tamamlanması nəzərdə tutulur.
Eyni zamanda, Dövlət Neft Fondunun vəsaiti heasabına Samur-Abşeron kanalının 50-ci kilometrliyində yerləşən Qusarçay, Qudyalçay, Quruçay, Ağçay, Qaraçay və Saqacuqçay şimal çaylarından sugötürücüsü nəqledici kanalların tikintisinin layihə sənədləri hazırlanaraq cari ildə Qusarçay və digər iki çayda tikinti işlərinə başlanılıb. Bu tədbirin başa çatması ilə Samur-Abşeron kanalına orta sulu illərdə əlavə 322 milyon kubmetrdən çox suyun verilməsinə, bununla da bu çayların zonasında yerləşən mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılmasına imkan yaranacaq.
Prezident İlham Əliyev Taxtakörpü-Ceyranbatan kanalından suvarma suyunun yeni suvarılan torpaqlara verilməsi üçün suburaxıcı qurğunun təməlini qoydu.
Dövlətimizin başçısı bölgə üçün çox mühüm əhəmiyyət kəsb edən layihənin yüksək səviyyədə icrası ilə bağlı tapşırıq və tövsiyələr verib.
Göründüyü kimi, ölkə boyu aparılan yeni quruculuq işlərinin mühüm sahələrindən biri də "Meliorasiya və Su Təsərrüfatı" ASC-yə aiddir. Sevindirici haldır ki, digər sahələrlə yanaşı, bu istiqamətdə də xeyli uğurlu nəticələr qazanılır.

Məzahir ƏHMƏDOĞLU
AzƏrbaycan Respublikasının Prezidenti yanında kütlƏvi informasiya vasitƏlƏrinin inkişafına dövlƏt dƏstƏyi fondunun maliyyƏ yardımı ilƏ