adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

MüSTƏQiLLiYiN VERDiKLƏRi VƏ ALDIQLARI

OQTAY SALAMOV
20058 | 2007-10-19 12:33
Nə olsun ki, Müstəqillik Günümüz iş günü elan olunub. Bəlkə də belə daha yaxşıdı, bunu bayram sayıb-saymayanlar gözünün qabağında olur. 4 gün istirahətdən sonra biri verdiyi fitrə-zəkatın miqdarını çoxaldır, o biri elə bayram günü toya dəvətnamə aldığını, 4 günün dördünü də toyda keçirdiyini - "sökülüb-dağıldığını" söyləyir. Babal yumuram, amma bəlkə də gop eləyir. Müstəqillik Günü isə hamı işdədir (əlbəttə işi olanlar), sevinən də açıqda sevinir, etinasız da öz ampluasındadır.
   
   Köləlikdə, boyunduruqda qaldığımız vaxtla müqayisədə müstəqilliyimiz, özgürlüyümüz o qədər cavan, o qədər təcrübəsizdi ki, hələ onun ləzzətini, bizə nəyi verib nəyi aldığını sonacan dərk və həzm edə bilməmişik. Dünya xalqlarının mübarizə tarixindən oxuduqlarımız, öyrəndiklərimiz müstəqilliyin çox böyük nemət olduğunu, azadlığın qiymətinin onu itirəndə anlaşıldığı hələ bizim nəzəri bildiklərimizdir. Sistemin dəyişilməsi, köhnənin sındırılması, təzənin isə hələ qurulmaması istənilən qədər neqativlər yaradırsa da, millətin ağlına, təpərinə, müdrikliyinə olan inam çətinliklərin uğurla aradan qaldırılacağına, obyektivlərin qələbəsinin qaçılmaz olacağına əminlik yaradır. Amma insan elə bir varlıqdır ki, "hər şeyi buradaca və indi" istəyir.
   
   Söylədim ki, müstəqilliyimizin bizə verdiklərini hələ tam dərk və həzm edə bilməmişik. Bizim ideoloqlarımızın, politoloqlarımızın özləri hələ baş verənləri tam anlaya bilməyiblər, ona görə də bizim çaşqınlığımız tam təbiidir. Ümumiyyətlə, dünyada inqilablardan, formasiya dəyişikliklərindən sonra ilk vaxtlar onun nəticələrinin qətiyyən gözlənilən kimi olmaması cəmiyyətdə, fardlərdə bir məyusluq, apatiya doğurur. Hətta hadisələrin gedişində xüsusi eyforiya keçirənlər də nəticə alınandan sonra bir boşluq və edilənlərdə ...mənasızlıq olduğunun fərqinə varırlar. Bunları söyləməkdə məqsədim müstəqilliyin verdiklərini inandırıcı şəkildə izah edə, sadalaya bilməməyimi etiraf etməkdir. Amma müstəqilliyimizin bizdən aldıqlarını çox rahatca sadalaya bilərəm. İnsan çox vaxt yaxşıdan daha çox pisi görür...
   
   Müstəqillik bizim intimimizi, mübhəmimizi və haradasa abırımızı əlimizdən alıb. Kim nə deyir desin, fransıza oxşamaq istəyən azərbaycanlı azərbaycanlıya oxşamaq istəyən fransız qədər ağılsız və gülməlidir. Bir çox yerlərdə təbii qəbul edilən hərəkətlər və davranışlar Azərbaycanda vulqar görünür. Müstəqilliyimizin ilk və təcrübəsiz dövrü bizə bu vulqarlığı görə bilməmək "həyasızlığı" verib, daha doğrusu, həyamızı əlimizdən alıb.
   
   Tibbdə belə bir qanun var, ac adama birdən çoxlu yemək verməzlər, ölə bilər. Bizə azadlığı tədricən yox, birdən-birə və çox yüksək dozada verdilər. Ona görə də dinə tərəf getdik - ifrat getdik, əndazəni, dinin müqəddəsliyini çərçivədən çıxardıq, dilimizi azad etdik- efirdə, mətbuatda söyüş söyməyə başladıq, kimi isə tərifləmək ehtiyacı yarananda bunu sovet vaxtından daha ifrat, daha eybəcər yaltaqlıqla etməyə başladıq. Kimisə tənqid etmək lazım olan yerdə təhqirlərə keçdik, bir sözlə, hər şeydə normanı, əndazəni unutduq.
   
   Kütləvi İnformasiya Vasitələri kriminalla doludur. Bir səbəbi belə hadisələrin sayının artmasıdırsa, çox böyük bir səbəbi isə kriminalı oxunaqlı material kimi lazım gəldi-gəlmədi təqdim etməkdir. İki gündür televiziyalar, qəzetlər Qax rayonunda 16 yaşlı bir əclafın 9 yaşlı qızcığazı zorlamasını az qala manşetə çıxarıblar. Başa düşürəm, məlumatı çatdırmaq lazımdır, amma daha bunu sensasiya eləyib az qala milli faciə səviyyəsinə qaldırmağa, bəzən də sezilən sevinclə, ikrah doğuran bir ləzzətlə səhifəyə, ekrana çıxarmağa lüzum varmı?
   
   Müstəqilliyin ilkin mərhələsi ən çox mənəviyyatdan nələrisə alıb, qoparıb. Toylarda ZAQS işçisinin kloun kimi məclisə gətirilməsi, nikah oyununu hamımız görmüşdük. Amma bu yaxınlarda molla nikahının da məclisdə, şampan şəlaləsinin ətrafında bağlandığını görəndə "müasirliyimizə və sarsaqlığımıza" acıdım. Yaxşıda da, pisdə də ifratçılıq bizi məhv eləməsə yaxşıdır, "qızıl orta" itəndə cəmiyyətin nizamı da itir.
   
   Vaxtilə çörək bişirənəcən, maqazin açılanacan qonşudan bir çörək borc istəyəndə utandığından girməyə yer axtarırdın. İndi dilənmək az qala prestijli bir işə çevrilib. Hara getdi qürurumuz, hara getdi özünəhörmətimiz? Bəla burasındadır ki, indi dilənən qüruruna, özünəhörmətinə xələl gəlməsi fikrinin özünü belə qəbul eləmir, söyləsən hələ səni təhqir də edər. Əli-ayağı sağ adamın, ümumiyyətlə, adamın zibil yeşiyindən ərzaq yığması kasıblığın yox, rəzilliyin əlamətidir.
   
   Müstəqillik bizi ələbaxım, fırıldaqçı, şantajçı eləyib. Müstəqillik bizi tənbəl, ətalətli, passiv eləyib. İndi yalan danışmaq, vədə xilaf çıxmaq, kimisə aldatmaq qəbahət sayılmır. İndi bir olaya bir tərəfin "əladan əla", digər tərəfin "pisdən pis" deməsi də əbləhcəsinə adi qarşılanır. Adına da fikir plüralizmi deyib hələ nadanlıqlarını savadlı adı altında gizlətməyə də çalışırlar.
   
   70 il sovet hakimiyyəti bizi ateist eləyə bilmədi. Ona görə də adam ümid etmək istəyir ki, gec-tez müstəqilliyin başlanğıcında olan bu hərc-mərclik, özbaşınalıq, hərki-hərkilik... daimi olmayacaq, balalarımız, nəvələrimiz əsl müstəqilliyin bəhrəsini dadacaqlar. Bəlkə də elə buna görə Müstəqillik Günü iş günü sayılır. Hər bir halda
   
   BAYRAMINIZ MÜBARƏK!
   
   
   
   

TƏQVİM / ARXİV