adalet.az header logo
  • Bakı 19°C

BELƏ TOY OLAR?!

FAİQ QİSMƏTOĞLU
67937 | 2014-09-25 01:05
Adam toya getməyə də peşman olur. Bilmirsən canını toydakı hay-küydən, səsdən xilas edəsən, yoxsa stolun üstünə düzülmüş otuz cür soyuq qəlyanaltıdan və on beş cür isti yeməklərdən. Hələ bu harasıdır, elə ki əlini süfrəyə uzadırsan, bu otuz cür soyuq qəlyanaltıdan bir dənə təzə, dadlı yemək tapıb yeyə bilmirsən. Amma bəzən adama tamah güc gələndə həmin yeməklərin çoxunu yemək istəyir. Yeyəndən sonra da başlayır qarnını qucaqlamağa və içində ağrı hiss etməyə...g
Təbii ki, belə anlarla çoxlarımız üzləşirik. Çünki toy elə bir şeydir ki, hamının qohum-əqrəbasında bu xeyir iş olur. Son vaxtlar da bizim kənddə sünnət toyu lap həddindən çoxdur. Yəni kimin bir balaca əli aşağıdı, ya ev tikmək istəyir, ya da maşın almaq istəyir, bax, onda yadına düşür ki, sünnət toyu eləmək lazımdır. Yaxşı, bunu başa düşürük, amma onu başa düşmürük ki, övladını müsəlman eləyən insan bu məclisdə cürbəcür spirtli içkiləri stolun üstünə niyə düzür? Müsəlmançılıq hara, araq içmək hara? Hansı ki ::::Qurani-Kərim::::in üç surəsində şərab içmək müsəlmana haram buyrulub. Amma biz müsəlmanlar isə şərabsız toy dünya dağılsa da eləmərik.
Düzdür, son vaxtlar bəzi insanlar övladına toy edəndə şərab vermirlər. Məsələn, bu yaxınlarda mənim yaxın dostum olan Elmin bəy qızına ::::Xarı bülbül:::: şadlıq sarayında toy edəndə stolun üstünə şərab qoydurmamışdı. Şəxsən bu mənə o qədər ləzzət elədi ki, axıra qədər o məclisdə əyləşib gözəl müğənnilərin və xanəndələrin ifalarına qulaq asdım. Şərab elə bir bəladır ki, onu toyda içən bəzi adamlar özlərini apara bilmir, oturuşuna-duruşuna fikir vermir və axırda da dava salırlar. Bu davada elə çox vaxt həmin adamlar şillə-təpiyin altına salınır. Gərək belə anlarda məclisdə iştirak edən ağsaqqallar və böyüklər araq içib özünü apara bilməyən adamları yerində oturda bilsin. Təbii ki, yaxşı ağsaqqal olan məclisdə hər hansı cavan nə qədər araq içsə də ona yolunu azmağa imkan vermirlər. Uzaqbaşı, qırağa çıxarıb onu başa çalırlar və deyirlər ki, məclisdə şuluq salma!
Elə bil bir qədər mətləbdən uzaq düşdük. Toydan danışırdıq. Toydakı israfçılıqdan, toy sahiblərinin ziyana düşməsindən çox yazılar yazılıb. Təəssüf ki, indiyə kimi buna heç bir əncam çəkilməyib. Yaslarla bağlı artıq bir aya yaxındır ki, yüksək səviyyədə verilmiş tövsiyyələr qəbul olunub. Yəni əksər rayonlardakı yas məclislərində demək olar israfçılığın qarşısı tamamilə alınıb. İndi yaslarda çay, xurma, limon və halva verirlər. Buna da daha bir söz deyən yoxdur.
Ancaq toylarda isə hər şey əndazəsini aşıb. Başa düşmək olmur, bu toylarda bir qayda-qanun yaradan tapılacaq, ya yox? Bu yaxınlarda əmim oğlu ::::Bakı gecələri:::: şadlıq sarayında övladına kiçik toy edirdi. Soruşdum ki, əmioğlu, bir adamın yemək xərci nə qədərdir? O da dedi ki, 33 manat! Belə baxanda stolun üstündə hər şey vardı, çoxlu sayda soyuq qəlyanaltılar, salatlar və isti yeməklər. Amma o yeməklərdən çox adam əlini dala çəkdi. Çünki salatların əksəriyyəti köhnə idi. Üstəlik də verilən toyuq əti və digər yeməklər də bir o qədər də keyfiyyətli deyildi.
Lap məəttəl qaldıq. Belə də toy olar? Axı toy sahibi nə qədər xərc çəkir pul xərcləyir ki, qonaqları razı getsin. Amma sizi inandırım ki, bu cür keyfiyyətsiz yeməkləri yeməkdənsə, elə şirin çayla pendir yemək daha rahat idi. Mən də eləmədim tənbəllik, şirin çayla pendir yedim.

Toyda sona qədər əyləşdik. Əksər yeməklər stolun üstündə qalmışdı və əl vurulmamışdı. Aydındır ki, həmin yeməklər şadlıq sarayında qalacaq və onun dəyəri əmim oğlumdan alınacaqdı. Deməli, qalan yeməklər növbəti toyda stolun üstünə düzüləcəkdi. Bizcə bundan böyük cinayət yoxdur. Başqa sözlə demiş olsaq, bu ::::toy terrorudur::::. Təəssüf ki, hamımız buna göz yumuruq və gözləyirik ki, yas məclislərində olduğu kimi toylarda da bir qayda-qanun yaradılacaq.
Kim bir toyda 50 manatlıq, 100 manatlıq, 150 manatlıq, 250 manatlıq yemək yeyə bilər? Ancaq Bakıda şadlıq saraylarının əksəriyyətində 50 manatdan tutmuş 250 manata qədər qiymətlər var. Hansı bir adam stolun üstündəki o qədər yeməyi yesə, yüz faiz partlamaya düşəcək. Adamın ürəyini o ağrıdır ki, toy sahibləri əzab-əziyyətlə qazandıqları pulların hamısını axırda şadlıq saraylarında qoyub gedir.
Yas məclislərində belədir ki, ora yığılan pulla rəhmətə gedənin bütün dəfn xərclərini və eləcə də qəbirüstü abidələrini düzəltmək olur. Elə bizim kəndin özündə əvvəllər yas məclisində iki cür isti yemək verilsə də yığılan pulla bütün məsələlər öz həllini tapırdı. Hələ bir az da pul qalırdı. İndi yeniliklər edildiyinə görə, əvvəllər yas məclisinə 20 manat yazdıranlar bu gün 5 manat, uzaqbaşı 10 manat pul yazdırır. Çünki fikirləşir ki, yas sahibi daha əvvəlki kimi xərc çəkib ehsan vermir.
Yaxşı, bəs onda bu toylarla bağlı niyə konkret qərar qəbul edilmir? Məgər Mədəniyyət və Turizm Nazirliyi Dini İşlər üzrə Dövlət Komitəsi kimi ciddi addımlar atıb öz tövsiyələrini verə bilməzmi? Bəlkə də bu məsələ çox çətin və qəliz bir işdir. Çünki şadlıq saraylarının əksəriyyəti vəzifəli və imkanlı adamlara məxsusdur. Düzdür, bəzi sənədlərdə həmin adamların adı getmir, hansısa qohumununun, yaxud da yaxınının adına sənədləşdirilib həmin şadlıq sarayları. Amma nə olsun, bunun da bir çıxış yolu var. Axı nə vaxta qədər camaat toyda yığdığı pulların hamısını keyfiyyətsiz və köhnə yeməklər verən şadlıq saraylarına qoyub gedəcək?
Əgər hər hansı şadlıq sarayının sahibinin 100 manat, 200 manat pulunu verməsən o elə bir həngamə qoparar ki, aləm bir-birinə dəyər. Lakin şadlıq saraylarının sahibləri toy edənlərin külli miqdarda pullarını basıb yeyirlər, buna görə heç kəs onlara ::::gözün üstə qaşın var:::: demək istəmir və deyə bilmir. Çünki həmin şadlıq saraylarına heç bir tapşırıq və göstəriş verilməyib ki, camaatın ciblərini soymasınlar.
Balam, nə vaxta qədər bu şadlıq sarayları toy sahiblərini ::::hərifləyəcək::::, onların pulunu əlindən alacaq, köhnə və keyfiyyətsiz yeməklərlə insanların başını aldadacaqlar. Qısa zaman kəsiyində toylarla bağlı da dövlət səviyyəsində tövsiyələr verilməli və insanlar ::::toy terrorundan:::: xilas olunmalıdırlar. Bu addımı kim atsa həmişə onun ölənlərinə çoxları rəhmət oxuyacaq.


TƏQVİM / ARXİV