adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7

NƏ TORPA

VƏSİLƏ USUBOVA
23082 | 2007-10-12 01:43
İstəyirəm burda dərindən bir nəfəs alıb təzədən kəndimizə dönəm... Daha nə kolxoz var, nə kənd Soveti. Kənd ərazi nümayəndəlikləri və başımızı başlara (avropalıların başına) qoşub seçdiyimiz (əslində seçdirilən) bələdiyyələr var. Və kənddə heç nə dəyişməyib. Abad kənd yolundan bilinər, deyiblər. Hələ ki, nə kəndimizə qədər, nə də kəndarası yollarda bir abadlıq, rahatlıq görmürəm, Kəndə getmək istədiyimi deyəndə yollarımıza bələd olan sürücülərin sir-sifəti bir şəkil alır ki, dediyimə də peşman oluram. Qış aylarında çox vaxt kəndimizə ya Əli Bayramlıdan, ya da Qarasudan fırlanıb gedirəm. Heç Sovet dövründə də kəndimizə qaz çəkilməmişdi. İndi də yoxdur. Gələcəkdə Allah bilir.İşıqlar da ki, qalıb öz insaflarına.Vaxtilə Ümumittifaq zərbəçi tikintisi elan edilmiş Kür-Abşeron su kəməri qonşu kənddə yerləşir və kəndimizə də işıq oradan verilir.Dörd-beş il bundan qabaq evbaşına 100 min manat (köhnə pulla) pul yığdılar ki,işığınız sönməyəcək. Ancaq il keçməmiş yenə oldu köhnə hamam, köhnə tas. Kəmərin rəhbərliyi kəndlərə işıq verilməsində ayrı-seçkilik edir. Keçmə bizim bu "özəlliyimiz"dən... Kənd adamı tez-tez su qıtlığından əziyyət çəkir, Bağ-bostan yanıb tələf olur. Necə deyərlər, Kürün beş addımlığında yaşayan camaat bəzən suyu pulla alır.
   
   Kəndin qız-gəlinləri daha qızmar günəş altında alaq vurub pambıq yığmasalar da, rahat da deyillər.Yağışdan çıxıb yağmura düşüblər. Məsələ burasındadı ki, kəndin kişilərinin əksəriyyəti Rusiyadadı. İndi də fərdi təsərrüfatın bütün ağırlığı qadınların üstündədi. Müharibədə olduğu kimi, kənddə əsas işləri qocalar, qadınlar, bir də uşaqlar görürlər. Qadınlar bağ-bostan becərir, məhsulu aparıb satır, ot çalır, mal-qaranı örüşə ötürürlər. Üstəlik də ev işləri. Evlər kişisiz, qadınlar ərli ikən ərsiz qalıblar. Uşaqlar atalı ikən atasız böyüyürlər. Kənddə ölüm-itim olanda on-on beş kişi ancaq gözə dəyir. Ailə başçıları vaxtaşırı evlərinə pul, pal-paltar göndərsələr də həyət-bacalarda kişi nəfəsi, ata istiliyi çatışmır. Bir tərəfdən də dünyaya sağlam, gözəl-göyçək uşaqlar gətirməli olan cavan qadınların böyrü boş qalıb. Bu millətə niyə qəsd olunur belə?!.
   
    Qardaşlarımı hər gələndə danlayıram: "Niyə oturmursuz öz ev-eşiyinizdə? Qocalıb beli büküləndən sonra kimə lazım olacaqsız? Onda gəlib oturacaqsız ocaq başında. Əgər qoysalar..." Sualıma sualla cavab verirlər: "Bəs necə dolanaq, burda necə pul qazanaq?" Həm haqlıdırlar, həm də yox. Ona görə haqlıdırlar ki, indi, doğrudan da, iş tapmaq çətindi. Haqsızdılar ona görə ki, özlərindən də çox şey asılıdı. Uzaq yerdə pul qazanmağın elə astarı üzündən baha başa gəlir. Nahaq yerə deməyiblər ki, uzaq yerin buğdasından yaxın yerin arpası yaxşıdı. Bir də sirr deyil ki, kişilərimizi Rusiyaya çəkən təkcə pul qazanmaq həvəsi deyil, axı... Bu durum onların çoxuna əlverişlidi. Yenə də bir atalar sözü yerinə düşür: "Pişiyin könlü samanlıqdaydı, it də vurdu saldı samanlığa".
   
   Müstəqilliyin bir anlamı da başıpozuqluq imiş, sən demə...
   
   Vaxtilə pambıq əkilən yerlərdən camaata pay torpaqları veriblər. Yetişən pomidorun biri az qala yarım kilo gəlir. İçərisi də qlobusa oxşayır. Damar-damar. Bu torpağın zəhəri hələ yüz il təmizlənməyəcək!
   
   Elə adamlar özləri də torpağa gübrə verirlər. Nə veclərinədi ki... Təki cibləri dolsun. Bu da qanımızın zəhəri...
   
   Son on-on beş ildə kəndimizdə 7-8 qız-gəlin döş xərçəngindən vəfat edib. Bizim südümüz də zəhərlənib...
   
   Deyəsən, oxucu yenə də üz-gözünü turşutdu: "Axı, xərçəngin nədən yarandığı bilinmir"... Bəlkə də. Onda bəs, 70-80 yaşınadək ağca mayanı xatırladan nənələrimiz niyə döş xərçəngini tanımırdılar?!
   
   Kənd adamlarının qərəzsiz, hiylədən, riyadan uzaq, ancaq torpaq, məişət qayğılarına söykənən söhbətləri çox mətləblərin üstünə işıq salır. Onların torpaq, kredit, fermer və təsərrüfat başçılarına verilən yardımlar, edilən köməklər barədə fikirləri bugünkü kəndin problemlərinin hələ uzun müddət çəkəcəyini aydınlaşdırır. Bir də onu aydınlaşdırır ki, kəndlərimizdə də nə dünənimizə, nə də bu günümüzə münasibət birmənalı deyil.
   
   Sovet epoxası bitdi. Adamlar də dəyişdi, talelər də. Kimi dirçəldi, kimi tənəzzülə uğradı. O dövrü kimi yaxşı, kimi pis, kimi də həm yaxşı, həm də pis dövran kimi xatırlayır. Elə bilirəm ki, hər üçü haqlıdı...
   
   P.S. Qardaşım qızı Reyhan deyir ki, mən də jurnalist olacağam. İnşallah! Yəqin ona qədər kəndimizdə çox şeylər dəyişəcək. O zaman bu yazının üçüncü hissəsini o yazacaq...
   
   
   
   
   
   

TƏQVİM / ARXİV