adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
24 Sentyabr 2014 14:00
16450
GÜNDƏM
A- A+

Qurban bayramında maraqlı təsadüf

İslam aləmində ən müqəddəs bayramlardan biri olan Qurban bayramının ərəfəsindəyik. İnsanları halallığa, paklığa, xeyirxahlığa səsləyən Qurban bayramının əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini imkansız bəndələrlə bölüşmək, onları sevindirmək dayansa da, biz müsəlmanlar yanlış əməllərimizlə burda da Allahın etimadını doğrultmuruq. Xüsusilə qurbanlıq heyvanların yanlış kəsimi, dini qaydalara düzgün əməl olunmaması, kəsilən heyvan cəmdəklərinin yolboyu "sərgi"si, üstəlik natəmizlik və daha nələr, hər il bayram ərəfəsində gündəmə gətirilsə də, bunun qarşısının alınmasında müxtəlif tədbirlər görülsə də nəticə qənaətbəxş olmur. Səbəb isə, əslində, sadədir: əksər "müsəlmanlar” Qurban bayramını Allah və onun ehtiyaclı bəndələri üçün deyil, öz nüfuzunu, zənginliyini nümayiş etdirmək üçün edirlər. Üstəlik bıçaq altındakının da can olduğunu unudurlar.

Bu il də Qurban bayramı ilə əlaqədar müzakirələr, mülahizələr artıq başlayıb və bayram bitənədək  də, güman ki, davam edəcək. Amma bu dəfə digər bayramlardan fərqlənən bir məsələ diqqəti çəkir. Buna inanılmaz təsadüfmü deyək, Allahın bəndələrinə bir işarəsimi, bilmirəm: bunu şərh etməyi artıq sizlərin ixtiyarına buraxıram. Məsələ burasındadır ki, bu il Qurban bayramının ilk günü – oktyabrın 4-ü Dünya Heyvanları Qoruma Gününə təsadüf edir! Bəlkə də Allahın vəhşiliyə yol verən, dini şərtlərdən kənara çıxan bəndələrinə çağırışıdır?! 

Heyvansevərlər və onların haqlarını qoruyanlar da bayramın belə bir günə düşməsini fürsət bilərək rastlanacaq (!) xoşagəlməz görüntüləri önləmək üçün artıq Türkiyədə hərəkətə keçiblər: təbliğat, maarifləndirmə işləri aparır, qəssablıq peşəsi olmayanların heyvan kəsimindən uzaqlaşdırılmasını, uşaqların qurban kəsilən ərazilərdən kənar tutulmasını tələb edirlər.  

Qeyd edək ki, heyvan haqları 83 ildir ki, qorunur. Dünya heyvansevərləri ilk dəfə 1931-ci ildə bir araya gələrək oktyabrın 4-nü Heyvanları Qoruma Günü olaraq təyin ediblər.  

Türkiyənin Diyanət İşləri və Heyvan Haqları Federasiyası (HAYTAP) qurban kəsiminin bir dini şərt və inanc olduğunu qeyd edərək, kəsimlərdə mümkün qədər heyvanlara əziyyət verilməməsini ölkə əhalisindən xahiş edib. "İbadət vəhşətə çevrilməməli” çağırışı ilə xalqa müraciət edən HAYTAP Qurban bayramına əsla qarşı çıxmadıqlarını, sadəcə olaraq insanları İslamın şərtlərinə doğru riayət etməyə və heyvanın da bir can olduğunu unutmamağa çağırıb: "Vicdan sahibi olan hər kəsi İslama yaraşmayan, gözəl dinimizə ləkə salan görüntülərdən və vəhşilikdən uzaq olmağa səsləyirik. İbadət adı altında heyvanları diriykən qarmaqdan asan, qaçmasın deyə qabaqcadan yaralayan, uyğun olmayan yerlərdə kəsən naşı, rəhmsiz qəssablar, Allah qəzəbindən qorxun və İslama kölgə salmayın!”

Yeri gəlmişkən, Azərbaycan dindarları da Qurban bayramı münasibətilə öz tövsiyələrini veriblər. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası yaydığı açıqlamasında Azərbaycan xalqını və bütün müsəlmanları təbrik edərək vurğulayır ki, Müqəddəs Qurban bayramı əsrlər boyu insanların həmrəyliyinə, mənəvi saflaşmasına və imanlarının kamilləşməsinə xidmət edir.

QMİ-nin Qazılar Şurası tövsiyə edir ki, bu müqəddəs bayram günlərində kəsilən qurbanlıqları baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin qurbanların uşaqların gözü qarşısında kəsilməməsi məsləhətdir.

Həmçinin diqqətə çatdırılır ki, Qurban ətinin satılması haramdır. Bir qayda olaraq, qurban kəsərkən heyvanı üzü qibləyə uzatmaq lazımdır. Heyvanın boğazına qoyulan bıçaq iti olmalıdır. Heyvan kəsilərkən "Bismillahi və billahi vəllahu əkbər” deyilməlidir. Daha yaxşı olar ki, Qurban duası oxunsun.

P.S Allah qarşısında öz borcundan ləyaqətlə çıxan, ibadətdən öz nüfuzu üçün istifadə etməyən bütün həqiqi müsəlmanların kəsdiyi qurbanlar qəbul olunsun, inşallah!