hacklink Adalet.az | MƏNİM YOL YOLDAŞIM Adalet.az | MƏNİM YOL YOLDAŞIM Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

MƏNİM YOL YOLDAŞIM

(jurnalistin xatirə dəftərindən)

31846    |   2007-10-12 01:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Səksəninci illərin əvvəllərində Bakı küçələrində vyetnamlı gənclərə tez-tez rast gəlmək olardı. Amma onlar indiki kimi çiyinlərində torba-heybə ilə şəhəri dolaşıb yoldan ötənlərə müxtəlif məişət əşyaları, təbii dərmanlar təklif etməzdilər. Sadəcə olaraq, ali və texniki peşə məktəblərində təhsil alardılar, dil öyrənərdilər. Həmin dövrdə onlar əsasən Neft və Kimya İnstitutunda oxuyardılar. Amerikalılarla uzun və üzücü müharibədən sonra Vyetnam Respublikası SSRİ-nin köməyi ilə iqtisadiyyatını gücləndirməyə, sənayeisi bərpa etməyə çalışırdı. lkənin cənub bölgələrində zəngin neft və qaz yataqlarının aşkarlanması, onların istifadəyə verilməsi insanları gələcəyə ümidli etmişdi. Suların dərinliyindən qara qızılın çıxarılmasında yüzlərlə azərbaycanlı mütəxəssis yaxından iştirak edirdi. Elə bu səbəbdən Sovet rəhbərliyi Vunq Tau şəhəri ilə Bakı arasında daimi əlaqələr yaratmağı nəzərdə tuturdu. Azərbaycandan Vyetnama ezam olunan rəsmi nümayəndə heyətinin tərkibinə Bakı Şəhər Partiya Komitəsinin ideoloji məsələlər üzrə katibi Ağalar Abbasov, Nizami Rayon Partiya Komitəsinin birinci katibi Həbib Fətəliyev, mədəniyyət idarəsinin rəisi Fərəh xanım Şəkinskaya və mən daxil idik. O zaman bu sətirlərin müəllifi Bakı Şəhər Partiya Komi-təsində təbliğat-təşviqat şöbəsinin müdiri vəzifəsində çalışırdı.
   
   
   
   İyirmi saat havada
   
   
   
   1984-cü ilin əvvəlində Şeremetyevo hava limanından Moskva-Hanoy marşrutu ilə "İl-69" təyyarəsində yola çıxdıq. Ümumilikdə iyirmi saatdan çox səmada olduq. Daşkənddə, Karaçidə enib-qalxdıq. Belə uçuşlar adamı cox yorur. Bir yandan da saat fərqi gecəni gündüzə qatır. Təyyarədə Həbib müəllimlə yerlərimiz yanaşı idi. Neçə vaxtdı bir sistemdə işləyirdik, tez-tez görüşürdük, səmimi münasibətlərimiz vardı. Amma üst-üstə hələ bu qədər danışmamışdıq. Adam göyün yeddinci qatında olanda gündəlik məişət qayğılarından uzaqlaşır, qısa muddətə də olsa dünyəvi dəyərlərə daha çox yer ayırır, elə fikirləşirəm ki, bu məqamda mənən də təmizlənir. Ayağı Yerdən üzüləndən sonra uzun-müddətli uçuşlarda hava yolçularının söhbəti də, niyyəti də məncə, daha səmimi olur. Bir yandan da hər an qəzaya uğraya bilmək qorxusu istər-istəməz beyinlərdə dolaşdığından, adətən uçuş zamanı kimi alkoqollu içki, kimi də sakitləşdirici dərman içir. Biz Həbib müəllimlə şirin söhbətləşərək yola nərdivan qoymağa çalışırdıq. Bacardıq da.
   
   
   
   Hanoyun köhnə
   
   məhəllələri
   
   orijinallığını saxlamışdı
   
   
   
    1954-cü ildən Hanoy Vyetnam Respublikasının paytaxtı idi. Çox da böyük olmayan bu şəhərdə ilk növbədə diqqəti cəlb edən küçələrdə velosipedlərin çoxluğu idi. Əsas nəqliyyat növü olan velosipeddən cavanlar da, yaşlılar da məmnuniyyətlə istifadə edirdilər. İki gün bu şəhərdə qaldıq. Rəsmi görüşlərlə yanaşı, gəzməli-görməli yerlərlə də tanış olduq. Müharibə zamanı hava hücumundan böyük dağıntılara məruz qalan Hanoy öz simasının əsas cizgilərini saxlaya bilmişdi. Yaşıllığa qərq olmuş bu şəhərdə milli-memarlıq ənənələrinə, tarixi abidələrə diqqətlə yanaşılırdı. Xüsusən köhnə məhəllələr necə varsa, eləcə də bərpa edilmişdi. Rəsmi dairələrdə, qabaqcıl müəssisələrdə, mədəniyyət və təhsil ocaqlarında görüşlərdə olduq. lkənin ilk prezidenti Xoşiminin mavzoleyini ziyarət etdik. Müharibənin acı xatirələrini, xalqın qəhrəmanlıq tarixini özündə əks etdirən Hərbi Muzeylə tanışlıq bu mübariz və son dərəcə zəhmətkeş, gülərüz insanlar barədə bizdə daha dolğun təsəvvür yaratdı.
   
   
   
   lkəni "Volqa"
   
   markalı maşınlarla
   
   dolaşdıq
   
    Səfərimiz son dərəcə maraqlı keçdi, bir çox məqamları ilə yaddaqalan oldu. Hanoy, Sayqon, Vunq Tau kimi şəhərlərlə yanaşı, neçə-neçə kiçik qəsəbəni də gördük. Bizimlə görüşlər keçirilirdi, çıxışlarımız olurdu. Yerli sakinlərin, eləcə də mətbuat nümayən-dələrinin müxtəlif suallarına cavab verirdik.
   
   lkə daxilində bir şəhərdən o birinə maşınla gedərdik. Müharibədən çıxmış məmləkətin yolları necə olar bilərdi? İçməli su problemi o vaxt bir çox bölgədə ciddi problem olaraq qalırdı. Tozlu-torpaqlı yollarla səfər etdikcə qəribə əhvalatlar başımıza gəlirdi. Səfər günlərində Həbib müəllimi özümüzə ağsaqqal seçmişdik. Hər nə oldu onu qabağa verərdik. Onun təmkini, səbri, həyat təcrübəsi hər vəziyyətdə düzgün qərar çıxarmağa kömək edərdi. Vyetnam mətbəxində qurbağa, tısbağa, ilan, meymun, it, göyərçin ətindən hazırlanan yeməklər xüsusi yer tutur. İlan, kərtənkələ arağı onların dediyinə görə, min bir dərdin dərmanıdır. Qonaqpərvər ev sahibləri bu delikatesləri nuş etməyi bizə məsləhət görərdilər. Həbib müəllim deyirdi ki, necə edək ki, nə şiş yansın, nə kabab? Yəni həm ev sahiblərinin xətrinə dəyməyək, həm də mədəmizi adət etmədiyimiz yeməklərlə əziyyətə salma-yaq. Hər dəfə bir bəhanəylə vəziyyətdən çıxardıq. Sonralar o günləri xoş xatirə tək tez-tez yad edərdik.
   
   
   
   Vunq Tauda "Bakı" küçəsi var
   
   
   
   Vunq Tau Vyetnamın ən cənubunda yerləşir. Olduqca səfalı yerdi. Təbiəti gözəl, iqlimi mülayim, mənzərəsi füsunkarg Məşhur Kondau adaları da onun yaxınlığındadır. Bütün bunlar Vunq Tauya turistləri cəlb edərdi. Yeri gəlmişkən deyim ki, Vyetnamda 3000-nə yaxın irili-xırdalı ada var. Vaxtilə fransızlar, daha sonra amerikalılar əsasən Sayqonda, Vunq Tauda dincəlməyə, əylənməyə üstünlük verərdilər. Cəmi 100 minə yaxın əhalisi olan Vunq Tau əvvəllər turistlərin hesabına dolanardı. Balıqçılıq da burada geniş inkişaf etmişdi. Sahil boyunca çoxsaylı vətəgələr nəzəri cəlb edirdi. Könlü balıq istəyənə sahildəki eqzotik kafe və restoranlarda həmişə yer, çeşidli dəniz məhsulları tapılardı. Deyilənə görə, amerikalı dəniz piyadaları bu yerlərə çox alışmışdılar. Vyetnamda döyüşən axırıncı Amerika hərbçiləri də 1973-cü ildə elə Vunq Tau limanından gəmilərlə evlərinə dön-müşdülər.
   
   Həmin günlərdə Bakı ilə Vunq Tau şəhərləri arasında işgüzar əlaqələri tənzimləyən ayrıca sənəd imzalandı. Şəhərin əsas küçələrindən birinə "Bakı" adı verildı. Bu münasibətlə böyük mərasim keçirildi. Açıq havada konsert verildi. SSRİ-nin Vunq Tau şəhərindəki Baş konsulluğunda bizim nümayəndə heyətinin şərəfinə ziyafət olacaqdı. Bu tədbirə şəhərin rəhbərləri, iş adamları, diplomatlar, mətbuat nümayəndələri dəvət olunmuşdu.
   
   
   
   Əbədiyə qəh-qəh çəkir əbədi dünya...
   
   
   
   Konsulluğun gözəl binası, səliqə-səhmanlı bağçası indiki kimi yadımdadır. İçəri girər-girməz Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinın Baş katibi K.U. Çernenkonun iri portreti nəzərə çarpırdı. Salonda bol nemətli, yaraşıqlı bir süfrə açılsa da burada hökm sürən sükutdan əsla qonaqlıq ab-havası duyulmurdu. İşçilər bir qədər qaşqabaqlı və həyəcanlı görünürdülər. Həbib müəllim dedi ki, bəlkə ruslar "Moskva" deyil, "Bakı" küçə-sinin belə təmtəraqla açılmasına daraldılar? Sonra baxdıq ki, binanın önünə yavaş-yavaş ağ pencəkli adamlar yığışır. Dedik, yəqin ziyafətə dəvət olunanlardı. İçəridə hələ ki bizdən və konsulluğun əməkdaşlarından başqa kimsə yox idi. Bir qədər sonra bizi Baş konsul Bakalonun otağına dəvət etdilər. O dedi:
   
   - Bağışlayın, gördüyünüz kimi, bir qədər həyəcanlıyıq. Bizim uşaqlar Amerika radiosundan eşidiblər ki, Baş katibimiz vəfat edib. Moskva radiosu isə bu barədə heç nə demir, bayaqdan klassik musiqi verməyə başlayıb. Hanoya zəng edib səfirliklə əlaqə saxlamışıq. Onlarda da rəsmi məlumat yoxdur. Amma deyəsən, yerli hökumət nümayəndələrinin qulağına nəsə xəbər dəyib. Yoxsa, ağ kostyum geyməzdilər.
   
   Sən demə, vyetnamlılar matəm olanda ağ geyinirlər. Daha sonra Bakalo əlavə etdi:
   
   -Gəlin, bir qədər gözləyək. Nə edəcəyimi özüm də hələ tam təsəvvür etmirəm. Əgər məlumat təsdiqlənsə, ziyafət verməyimiz siyasi səhv olar.
   
   Bu söhbətdən bir saat sonra Çernenkonun rəhmətə getməsi barədə Baş konsula rəsmi məlumat gəldi. Təcili olaraq binanın önündəki bayrağa qara lent bağlandı. Konstantin Ustinoviçin iri ölçülü portretini isə iki nəfər güclə yerə endirdi. Onu da qara lentlə sarıdılar. Həbib müəllim konsulluğun işçilərindən birinə yaxınlaşıb rəsmin müəllifinin kimliyi ilə maraqlandı. Məlum oldu ki, bu portretin qəribə taleyi varmış.
   
   -Əslində, o, əsl muzey malıdı, - deyə yaşlı diplomat ürəyini boşaltmağa başladı:
   
   - Vaxtilə bu kətan üzərində Brejnevin portreti çəkilmişdi. Onu Moskvadan göndərmişdilər. Leonid İliç vəfat edəndə şəkli çıxarıb anbara qoydular. Necə olsa inventardı axı. Yeni Baş katib Andropovun portreti üçün Xarici İşlər Nazirliyinə sifariş verdik. Neçə ay keçdi, şəkil gəlib çıxmadı. Bir gün eşitdik ki, kişi qəflətən rəhmətə getdi. Konstantin Ustinoviç Baş katib vəzifəsinə gələndə fikirləşdik ki, yenə sifariş verib bir neçə ay gözləməli olacağıq. O vaxta qədər də kim bilir nələr baş verəcək. Vunq Tauda bir tümenli neftçi işləyirdi. Az-maz rəssamlığı da bacarırdı. Onu Baş konsulluğa çağırıb ciddi partiya tapşırığı verdik. Brejnevin anbardakı şəklini göstərib dedik ki, buna baxıb Çernenkonun şəklini çəkməlisən. Əvvəl bir az nəm-nüm etdi ki, bacarmaram. Birtəhər razı saldıq. Düz bir həftə işlədi. həmin portretdə Leonid İliçin baş təsvirini pozub yerinə yeni rəhbərimizin sifətini çəkdi. Əynindəki pencəyə isə heç toxunmadı. Zarafatla dedi ki, Siyasi Büro üzvlərinin hamısı bir dükandan alış-veriş edirlər, kostyumları da eyni olur. Mən yalnız pencəyin yaxasındakı ulduzların sayını azaltmışam. Brejnevin ordenləri çox idi.
   
   Doğrudan da, diqqətlə baxanda üstü qaralansa da pencəyin keçmiş sahibinin qızıl ulduzları nəzəri cəlb edirdi.
   
   Qonaqlıq təxirə düşdü, bizim nümayəndə heyətinin üzvləri də Bakaloyla birlikdə Baş konsulluğa gələn rəsmi şəxslərdən Baş katibin vəfatı ilə əlaqədar başsağlığı qəbul etdilər.
   
   Ey dünya, sən doğrudan da kimsəyə qalan deyilsən. Bunu bilə-bilə dünyaya hökm etmək istəyənlər öz nəfslərinə niyə hakim kəsilə bilmirlər? Axı, bir çox savaşların, daha böyük bəşəri bəlaların kökündə elə nəfs dururg Məmməd Araz demişkən, "Əbədiyə qəh-qəh çəkir əbədi dünyag"
   
   
   
   O da belə yadda qaldı
   
   
   
   Dediyim kimi, səfərdə yaddaqalan çox şey olmuşdu: Vunq Tauda mərkəzi küçələrdən birinə, eləcə də bir mehmanxanaya "Bakı" adının verilməsi, Vyetnamın ən cənub nöqtəsində yerləşən, vaxtilə ölümə məhkum edilmiş siyasi məhbusların saxlanıldığı Kondau adasındakı muzeydə təsadüfən Səməd Vurğunun "Zəncinin arzuları" poemasına rast gəlməyimiz, vətəndən çox uzaqlarda neftçi dostum Rauf Məmmədovun evində qonaq olmağımız, onun həyat yoldaşı Rəna xanımın məharətlə hazırladığı milli xörəklərimiz, Vyetnam bazarlarında gördüklərimiz... Bu səfərdən sonra Həbib müəllimlə yaxın tanışlığımız möhkəm dostluğa çevrildi. 1998-ci ildə Əbdürrəhman Vəzirovun hakimiyyəti dövründə müəyyən subyektiv motivlər əsasında bir çox rəhbər işçilər, o cümlədən mən vəzifədən kənar ediləndən sonra "dostların", "yaxınların" qapısı üzümüzə bağlandı. Vaxtilə bərabər çalışdığımız vəzifəli adamların çoxu telefonda səsimizi eşidəndə "yanımda yoldaşlar var, bir azdan zəngləşərik" deyib dəstəyi yerə atardılar. Bizim günlərin partiya çoxluğunda yetişən nəsil bunu çətin başa düşə. O zaman yeganə kommunist partiyası vardı və bu partiyadan çıxarılanlardan, rəhbər işdən azad edi-lənlərdən, vəzifədə kiçidilənlərdən hər ehtimala qarşı mümkün qədər uzaq durmağa çalışardılar. Təklənmə, cəmiyyətdə yalqızlanma hər zaman insanlar üşün mənəvi əzaba çevrilir. O vaxt Həbib Fətəliyev Bakı şəhər Soveti İcraiyyə Komitəsinin sədr müavini idi. Əlindən gələn köməyi dostlarından əsirgəməzdi, vəzifəsiz dostlarına qarşı həmişə daha diqqətli olmağa çalışardı. Haqqı tapdananlara bəlkə də haqq etdiklərindən daha çox ehtiram gös-tərərdi. Çünki Həbib Fətəliyev haqsız əzilməyin nə olduğunu yaxşı bilirdi. O, dosta-tanışa vəzifəsinə, sərvətinə, arxasında duranlara görə yox, qəlbinə, ağlına, vicdanına, səmimiyyətinə görə münasibət müəyyənləşdirərdi. Həbib müəllim iclaslarda hirslənən, çığıran, bəziləri kimi, ağzının cilovunu itirən rəhbərlərdən deyildi. O, işini bilən tələbkar məmur, vəzifə borcuna sadiq bir insan idi. O, özəlləşmiş obyektləri ilə tanınmadı, obyektivliyi ilə yaddaşlarda qaldı.
   
   
   
   Ora bilet
   
   təktərəfli kəsilirg
   
   
   
   ...Sən taleyin işinə bir bax: 1984-cü ildə biz Binə hava limanından Moskvaya, oradan da Vyetnama uçmuşduq. Həmin səfərdən on beş il sonra yenə Binədəydik: Həbib müəllim, Fərəh xanım, Ağalar müəllim və məng bir də yüzlərlə onu istəyən əzizləri, doğmaları. Bu dəfə o, səfərə tək gedəcəkdi. Biz onu yola salmağa gəlmişdik. "Əlvida" deyərək ayrıldıq bir-birimizdən. Böyük hüznlə, ürək ağrısıyla, inanın! Çünki bura Binə hava limanı yox, Binə məzarlığıydı. Burada biletlər təktərəfli olur, qardaş. Bu yolçuluğun geriyə dönüşü yoxdur. Gedənləri yaşatmağın yalnız bir yolu var: onları yad etməkg Dünən yenə arxivimdəki foto şəkillərə baxırdım. Vyetnamda çəkdirdiyimiz rəsmlərin nə rəngi solub, nə mənası dəyişib. O qədər səni yad etdim ki, Həbib müəllim, bu Ramazan gecəsində dəg Bilirəm, nə ad günündü, nə dünyanı dəyişdiyin gün. Ədalətli bir insan haqqından ürəyimdən keçənləri "Ədalət" qəzetinin oxucularıyla bölüşmək üçün yazdım bu xatirəni. Bu bayram axşamında ruhun şad olsun, Həbib müəllim. Biz dost idik, bir yolun yolçusuyduq, amalımız da bir idi. Sən yenə də mənim yol yoldaşımsan, sadəcə olaraq sonsuzluğa gedən bu yolda bir qədər qabaqdasan...
   
   


YAZARIN ARXİVİ

2010-06-05 : NƏ ETMƏLİ?
2009-12-19 : GİLAN ƏFSANSİ
2008-11-01 : BÖYÜK FATEH
2008-07-12 : GÜNAHSIZ MARKS
2008-05-31 : KÖLGƏSİZ ADAM
2007-12-01 : Ə Q İ D Ə
2007-10-06 : Baxan yoxdur...
2007-09-15 : GƏNC DOSTUMA
2007-05-05 : Tarix
SON XƏBƏRLƏR
2019-12-14
2019-12-13


VİDEO