adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7

MüBARƏK GüN

17411 | 2007-10-12 01:42
İnsanların birləşməsi üçün onların bərabər olmağı lazımdır. İnsanları birləşdirən və müvəqqəti də olsa, onların arasında fərqi qaldıran səbəblərdən biri də ümumxalq bayramları ola bilər. Sözün əsl mənasında bayram. Daha evdə yatmaq günləri yox. Əsl bayramda isə şahla təbəələri, bəylə gəda, ağa ilə nökər, varlı ilə kasıb arasında fərq aradan götürülməli, heç olmasa, əziz bayram günündə və ya bayram günlərində unudulmalıdır. Rəvayət görə, Ağa Məhəmməd Şah Qacar müzəffər ordusuyla Şuşaya daxil olanda Şuşa camaatı xonça-tabaqla, çala-çala, oynaya-oynaya onun qabağına çıxıblar. Bu şadyanalıqdan, bayram hay-küyündən Qacar özü də vəcdə gəlib, qalib kimi atın üstündə başını dik tutub camaatın alqışları altında yolunu davam etmək əvəzinə atdan enib, başlayıb gəda-güdə ilə çırtıq vurub oynamağa.
   
   Daha bir rəvayətdə deyilir ki, Qacar belə şənliklərdə camaata qoşulanda, Novruz bayramlarında adamlarla yumurta döyüşdürəndə, birdən əgər onun saray əyanlarından, yaxud sərkərdələrindən daha kimsə sevincək olub ona qoşulsaydı, məsələn, rəqs eləsəydi, yumurta döyüşdürsəydi, elə o andaca şah onun başını yumurta kimi əzərdi. Bunu, "qara camaat"a qoşulmağı, onların "səviyyə"sinə enməyi yalnız o, şah edə bilərdi. Aha! Deməli, burda artıq bərabərlikdən söhbət gedə bilməz. Burda bərabərlik yoxdur, məzələnmək var. Şah öz xalqı ilə məzələnəndə ətrafındakılardan heç kim ona qoşula bilməz. Bu o deməkdir ki, bayram yalnız üzdən rəhbərin, sultanın, şahın, prezidentin, xaqanın məzələnməsi üçün bəhanədir.
   
   Qədim Roma annallarında yazılır ki, Yuli Sezar bayram günlərində adamların arasında tanınmaz olardı. Çünki xalqdan bir-neçə yulisezarlar çıxıb onun geyimində, ona oxşar şəkildə oyununu göstərir, bəzən acı atmacalar deyir, ələ salır, tərsini çıxarırdılar. O dərəcədə bu sahədə peşəkarlaşmış adamlar olurdu ki, onları Sezardan ayırmaq belə olmurdu. Belə vəziyyətdə Sezar da məcbur olub onu tərsinə çıxaranlara cavab verir, atmacalar atır, özü öz oyununu oynamalı olurdu. Şərq xaqanlarından fərqli olaraq qədim Romada azca fərqi gözləmək şərtilə Sezara onun ətrafı, əshabələri də qoşula bilərdi. Kaliqula kef eləyəndə yan-yörəsi də ona qoşulurdu. Müəyyən məqamlarda onun öz ətrafı ilə fərq aradan qaldırılardı. Bəlkə elə bu səbəbdəndir ki, onlar bərabərliyə bizdən, şərq xalqlarından daha yaxındırlar. Bərabərlik ideyası, bərabərçilik nəzəriyyəsi də elə orda yaranıb.
   
   Avtoritar, yaxud totalitar cəmiyyət tərəfdarları bərabərlik ideyasına yetişməyi bir cür görür, buna yetişməyin bir yoluna üstünlük verir, liberal cəmiyyət tərəfdarları başqa yoluna. Məqsəd eynidir. Amma yollar fərqli olduğundan məqsədə də təsir göstərir.
   
   Bizim məmləkətə bərabərçilik gətirən XI qızıl ordunun dəstələri kəndlərə, qəzalara gedəndə, bəzi yerlərdə işğalçı kimi qarşılanıblar, bəziləri onların qarşısına dost kimi çıxıblar. Onların gəlişini bayram eləmək üçün məşhur aşıq Molla Cümə saz çala-çala qarşılarına çıxanda bədbəxt rus əsgərləri elə bilib ki, onun əlindəki tüfəngdir, elə uzaqdan onu vurub öldürüblər. Onlar nə bilsinlər ki, bu məmləkətdə müzəffər ordunun gəlişini bayram etmək adətləri də var. Təkcə burda yox. Bir çox yerlər var ki, orda hətta məğlubiyyətin də təntənəsini qeyd edirlər.
   
   1815-ci ildə Avropa Dövlətlərinin Vyana Konqresi keçirilirdi. Konqresdə əsas müzakirə olunan məsələ Avropanın Napoleondan sonra yenidən bölüşdürülməsi idi. Elə bu zaman Konqresə xəbər yetişir ki, Napoleon Elba adasından qaçıb. Konqres bu xəbərdən nə vəlvələyə düşdü, nə də işini dayandırdı. Tarixin yeni səhifəsi artıq açılmışdı. Napoleon isə əvvəlki səhifəyə nöqtə qoymamışdı, öz məğlubiyyətinin təntənəsini qeyd etməmişdi. Elə həmin il döyüşə başlayan Fransa imperatoru Vaterloo yaxınlığında öldürücü məğlubiyyətə uğrayır. Məğlubiyyətin təntənəsi qeyd olunur.Yüzminlərlə insanın tələfatı hesabına. Napoleon sonradan özü bu barədə deyirdi ki, mən yenidən taxttaca sahib olmaqdan ötrü yox, təslim olmaqdan ötrü bu döyüşə atıldım.
   
   1945-ci ildə İosif Stalin Qələbə nümayişi keçirdi. Həmin ilin may ayında Sovet Ordusu Berlinə daxil olub orda Sovet bayrağını ucaltmışdı. Bu qələbə idi. Amma bunu bayram etmək lazım idi. Bayramı-nümayişi Stalin müharibə dövründə yalnız bir dəfə keçirmişdi. Hitler isə ondan fərqli olaraq müharibəyə başlamazdan əvvəl nəhəng bayram nümayişləri keçirirdi. Hitlerin təntənəsi qələbəyə yox, müharibəyə hazırlıq idi. Stalinin bayram- nümayişi isə artıq qələbə demək idi. Qələbədən əvvəl keçirilən baryam-təntənənin düşər-düşməzi ola bilər. Hitlerin misalında buna tarixdən əmin ola bilərik.
   
   1991-ci ilin avqust ayında ruslar öz məğlubiyyətini bayram etdilər. Əgər doğrudan da o gün qələbə idisə, onda indiyə qədər bu bayram qeyd olunardı. Olunmur. Çünki ruslar bu bayramın məğlubiyyyət bayramı olduğunu anladılar. Bu təntənə fərdiləşmək uğrunda mübarizənin sonu idi. Fərdiləşmək uğrunda mübarizə aparanlar qalib gəldi. Amma onların qələbəsi ümumxalq bayramı ola bilməzdi. Çünki burda xalq məğlub olmuşdu.
   
   Allah insanları bərabər yaradıb. Birinin hündür, birinin alçaq, birinin gözəl, birinin çirkin olmasında asılı olmayaraq hamı bərabərdir və nəhayətdə yenə də bərabərliyin həqiqət olması hamıya gün kimi məlum olacaq. Həqiqət fərqdə yox, oxşarlıqdadır. Fərq yalnız oxşarlığı məlum etməkdən ötrü insana lazımdır. Fərq fərdiləşdirmək üçün deyil. Hər dəfə insan fərqliliyi adlayıb oxşarlığa çıxanda, bərabərlik həqiqətini müəyyən edəndə insanlar sevinir, dünya onların gözündə bayramlaşır. Onlar bir-birilə bayramlaşırlar.
   
   Fərqə görə bölünmə cəmiyyətdə bizdən asılı olmayaraq mövcuddur. İnsanların iradəsindən asılı olan odur ki, onlar fərqi aradan qaldırsınlar. Əgər o xalqın ki canında şahsevənlik var, o xalq ki özünün haqqını, yəni hər bir insanın başqalarından fərqlənmədiyini, əksinə, oxşar olduğunu anlamır, onda həmin xalqın yaşadığı var olduğu məkanda həmişə məğlubiyyyətin təntənəsi olacaq. Orda həmişə Rusiyada, Moskva şəhərində 1991-ci ilin avqust ayında keçirilən məzxərə, məğlubiyyətin ümumxalq təntənəsi təkrarlanacaq.
   
   Dini bayramlar bizim iki böyük hadisə arasında yaşadığımızı hər dəfə, hər il keçiriləndə yadımıza salır. Yaranış və Sonluq adlanan hadisələr arasında yaşadığımız bizə xatırladılır. Bu ki hadisə arasında baş verənlərin heç bir böyük həriflə hadisə sayıla bilməz.

TƏQVİM / ARXİV