adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7

KiMLƏRƏ QALDI DüNYA...

ƏBÜLFƏT MƏDƏTOĞLU
28399 | 2007-10-11 03:54
Hər dəfə elin-obanın, millətin sayılıb-seçilən ağsaqqalları, işıqlı adamları dünyanı tərk edəndə, nədənsə mənə elə gəlir ki, dünyanın harasındasa bir ağac qurudu... bir qaya uçdu... bir bərəni sel apardı.... bir ümid söndü... bir el arxasız... bir ev böyüksüz qaldı... Amma sonra görürəm ki, yanılmışam, daha doğrusu, yanlış fikrə düşmüşəm. Bilirsiniz niyə?
   
   Bütün zamanlarda el-oba ağsaqqalı ilə, ev böyük-kiçiyi ilə tanınıb. Hər kəs öz yerini, öz qibləsini biləndə xeyir-bərəkət olur, ruzi olur və nəticədə el urzalı, ev çörəkli sayılır. Bu mənada həmin o dedyimi ağsaqqalın, işıqlı adamın dünyasını dəyişməsi böyük bir niskilə, böyük bir üzüntüyə, ağrıya çevrilsə də, amma el nəfəsi, el səsi, elin dilindən qopan rəhmət duası o kəsilən, üzülən yerə məlhəm olur, sığal çəkir, təskinlik verir. bax bu mənada el deyir ki, "oğul eldən getdi, amma eli qaldı, evi qaldı. Yurdunun işığı, ruzisi əskik olmasın".
   
   Bəli, Hüseyn Allahverən oğlu Abbasov Qarabağda sayılıb-seçilən məclis ağsaqqalı, bölgə nüfuzlusu, camaat arasında xətirli-hörmətli insanlardan biri idi. Təsadüfi deyil ki, ilk əmək fəaliyyətinə Bərdədə 11 nömrəli dəmir-beton zavodunda mühəndis, baş mühəndis vəzifələrində çalışmağa başladığı gündən ömrünün sonuna qədər Hüseyn kişinin adı həmişə xeyirxahlar, əməksevərlər, qayğıkeşlər, bir sözlə, əsl kişilərlə bir sırada çəkilib. Buna görə də 1969-cu ildən 1990-cı ilə kimi doğulduğu Ağdam rayonundakı Əfətli kəndində kolxoz sədri işləyib və rəhbərlik etdiyi "Komsomol" kolxozunun onun bu vəzifəyə seçildiyi gündən demək olar ki, həm təsərrüfat həyatında, həm də camaatın güzəranının yaxşılaşdırılmasında sanballı dəyişikliklər baş verib. Hüseyn Abbasov kolxoz sədri olduğu 21 ildə "Komsomol" kolxozunun göstəriciləri rayonun, respublikanın ən qabaqcıl təsarrüfatları ilə yanaşı dayanıbdı. Həmin illər ərzində Əfətli kəndində 800 şagirdin oxuya biləcəyi məktəb binası, klub, kitabxana, müasir məişət evi, poçt binası, idarə heyətinin inzibati binası, qonaq evi, bir sözlə, xeyli abadlıq və tikinti işləri aparılmış, kənddə adamların şəxsi minik maşınlarının alınmasında, həyətyanı təsərrüfatların inkişaf etdirilməsində əməlli-başlı bir canlanma yaranmışdı.
   
   Elə buna görə də Hüseyn kişinin adı Əfətli camaatı arasında xüsusi hörmətlə çəkilmiş, onun ayağını "bərəkətli, ruzili" insan kimi, xüsusi ehtiramla dəyərləndirmişdilər. Və hər kəs etiraf etmişdi ki, bu kənddə görülən bütün işlərin müəllifi, icraçısı Hüseyn Abbasov olub.
   
   1990-cı ildən yenidən Bərdəyə qayıdan Hüseyn Abbasov burada Təsərrüfatlararası Kökəltmə Birliyinin direktoru təyin olunmuşdu. 2000-ci ildən isə həmin birliyin bazasında fermer-kəndli təsərrüfatı yaratmışdı və "Hüseyn" kəndli fermer təsərrüfatı qısa bir müddətdə öz uğurları ilə özəl sektorun inkişafına töhfələr vermişdi. Bu təsərrüfatda 50 nəfərdən artıq qaçqın ailəsi iş yeri ilə təmin olunmuş, özünə gün-güzəran qurmuşdu. Odur ki, Hüseyn kişinin vəfatı elinin-obasının, qayğısına qaldığı insanların hüznü ilə yanaşı, onu tanıyan çoxsaylı adamlara da bir qəm, bir kövrəklik gətirmişdi, amma Hüseyn kişinin yaxın dostu Tahir Bəşirovun dediyi kimi, o, ailəsindən, nəslindən deyil, bütün Qarabağdan, bütün eldən gedən bir kişi oldu. Şükürlər ki, yurdunda Elgiz və Elbrus kimi layiqli övladları var. Necə deyərlər, ot kökü üstündə bitib. Bu oğullar da atalarına layiq övlad olmaq üçün onun bütün əməllərindən yaxşı nümunələr götürmüş, ondan həyat dərsi almışdılar.
   
   ... Hüseyn Abbasovun bizdən ayrılıb haqq dünyasına qovuşmasının 40-cı günü tamam olur. Bu 40 gündə bizlər neçə-neçə xatirələri çözdük, neçə-neçə xatirələri təzələdik. Yaddaşımızda şirinli-acılı məqamlar canlandı. Amma bütün olanların ən dəyərlisi, ən gözəli xoş təsəllidi. O təsəlli ki, Hüseyn Abbasov sağlığında qazandığı rəhməti ilə özünün böyüklüyünü sübut etmişdir. Bundan böyük savab, bundan böyük təsəlli məncə yoxdu...
   
   P.S. Zaman elədi ki, hər yerə, hər tədbirə çatdırmaq mümkün deyil. Bu mənada mənim üçün də xətri əziz olan Elbrus dostumun, eləcə də Elgiz müəllimin ata itkisinə bir könül ağrısı ilə qoşulub onlara Allahdan səbr diləyirəm. Düşünürəm ki, hamımız üçün yazılmış bir tarix var, onsuz da o tarixə gəlib çatacağıq, sadəcə xoşbəxt o insandı ki, övlad çiynində son mənzilə gedir. Özü də layiqli övladların çiynində. Allah səbr versin. ə
   
   

TƏQVİM / ARXİV