adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
23 Sentyabr 2014 18:32
15482
İDMAN
A- A+

FİFA-nın milliləşdirmə ilə bağlı xüsusi şərtləri var- Mikayıl Nərimanoğlu

Bir neçə vaxtdır ki, "Qarabağ"ın braziliyalı legioneri Reynaldo Silvanın milliləşdirilməsi gündəmdədir. KİV-lərdə braziliyalının ilkin razılığını verdiyi də açıqlanıb. 

Bu gün isə tədbirlərin birində çıxışı zamanı AFFA-nın baş katibi Elxan Məmmədov futbolçunun milliləşdirilməsinin mümkünsüz olduğunu bildirib. Adalet.az KİV-lərdə birmənalı qarşılanmayan bu açıqlama ilə bağlı federasiya sözçüsü Mikayıl Nərimanoğlu ilə əlaqə saxlayıb, məsələ ilə bağlı fikirlərini öyrənib.

 Mikayıl bəy də milliləşdirmə məsələsinin hazırda imkan xaricində olduğunu bildirdi: "FİFA-nın milliləşdirilmə məsələsi ilə bağlı xüsusi şərtləri var. Bu şərtlərə görə futbolçunun milliləşdirildiyi ölkə ilə müəyyən qohumluq əlaqələri olmalı, ən azından 5 il top qovduğu ölkənin çempionatında iştirak etməlidir.  Reynaldo bu şərtlərin heç birinə cavab vermir"

Branimir Subaşiç, Aleksandr Çertaqanov, Ufuk Budak, Cihan Özkara kimi legioner futbolçuların mövcud şərtlər daxilində necə milliləşdirilməsi ilə bağlı öyrənmək istədikdə  isə M. Nərimanoğlunun reaksiyası belə oldu: "2009-cu ilə kimi FİFA-nın qaydaları tam fərqli idi. O zaman milliləşdirilən futbolçunun daxili çempionatda iki il də oynaması kifayət edirdi. Türk futbolçulara gəlincə isə ali futbol qurumu müəyyən yaxınlığı olan ölkələrə milliləşdirmə məsələsində güzəştə gedir. Azərbaycan və türk xalqlarının eyni soykökə malik olması, eyni dildə danışması FİFA tərəfindən nəzərə alınır. Reynaldonun ölkəmizlə bağlılığını necə sübut edək?! Təbii ki, elə səviyyəli futbolçunun milliləşdirilməsini biz də istərdik, ancaq bu hüquq çərçivəsində həllini tapmalıdır. Əks halda böyük cəzalarla üzləşə bilərik".

M. Nərimanoğlu bunu da əlavə etdi ki, digər idman növlərində bu prossedur çox sadədir: "Otüstü hokkey, voleybol, boks, güləş və digər idman növlərində milliləşdirmə üçün bir gün də bəs edir. Birini tapıb evləndirir, və ya yaxud ərə verirsən, qurtardı getdi. Amma futbolda bu mümkün deyil. Elə olsaydı biz də Reynaldoya bir arvad tapıb evləndirərdik. Bununla da məsələ həllini tapardı"

Sahib Əsədbəyli