adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
23 Sentyabr 2014 16:52
12896
MƏMLƏKƏT
A- A+

Vasif Talıbov bir sıra sosial obyektlərin açılışını edib

Naxçıvan Muxtar Respublikasında həyata keçirilən kompleks quruculuq tədbirləri şəhər və rayon mərkəzləri ilə yanaşı, kəndləri də əhatə edir. Bu istiqamətdə Babək rayonunun Qahab kəndində də bir sıra quruculuq işləri həyata keçirilib. Adalet.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Qahab kəndində yeni sosial obyektlərin açılışını edib. Öncə Yarımca-Qahab-Nəcəfəlidizə-Naxışnərgiz avtomobil yolunun açılışı olub. Vasif Talıbov qeyd edib ki, Qahabda yaradılan müasir infrastrukturlar içərisində yol tikintisi xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, əsaslı şəkildə yenidən qurulan və 4 yaşayış məntəqəsini əhatə edən yoldan 6 minə yaxın sakin və gələn qonaqlar istifadə edəcəklər.

Daha sonra Qahab kənd tam orta məktəbinin yeni binasının açılışı olub. Ali Məclisin sədri göstərilən qayğıdan səmərəli istifadə olunacağına, təhsilli və vətənpərvər gənclərin yetişdiriləcəyinə əminliyini bildirib, kollektivə tədrisdə uğurlar arzulayıb.
Sonra Ali Məclisin Sədri Babək rayon ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompyuter dəsti hədiyyə edib.
Məlumat verilib ki, 3 mərtəbədən ibarət olan məktəb binası 612 şagird yerlikdir. Məktəbdə 34 sinif otağı, fizika və kimya laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, 4 elektron lövhəli sinif, 2 müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.

Lazımi cihaz və avadanlıqlarla təchiz olunmuş fizika, kimya və biologiya laboratoriyaları biliklərin təcrübi yolla möhkəmləndirilməsinə şərait yaradacaqdır. Muxtar respublikada şahmatın kütləviliyinə və onun təbliğinə xüsusi diqqət yetirildiyi üçün ümumtəhsil məktəblərində şahmat fənni tədris olunur. Qahab kənd tam orta məktəbində şahmat sinfinin istifadəyə verilməsi də bu sahədə görülən işlərin tərkib hissəsidir.

Yeni istifadəyə verilən sosial obyektlərdən biri də Qahab Kənd Mərkəzi olub. Kənd mərkəzi 4 minə yaxın sakinə xidmət edəcəkdir. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi təşkilatı, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, arxiv, mədəniyyət evi və 83 yerlik iclas zalı var. Kitabxana fonduna 8 min 466 kitab verilib.

V. Talıbov Qahab kənd həkim ambulatoriyasının yeni binasının da açılışını edib. Bildirilib ki, 2 mərtəbəli ambulatoriya binasında 8 tibb işçisi əhalinin sağlamlığının qayğısına qalır. Ambulatoriyada stomatoloji kabinə, peyvənd, aptek, mama, baş həkim, tibb bacısı, manipulyasiya otaqları və doğuş otağı var. Səhiyyə müəssisəsi lazımi dərman vasitələri ilə təmin olunub, ilkin tibbi yardım və peyvənd çantaları qoyulub.

Bundan başqa sakinlərin gündəlik tələbatını tamamilə ödəyən  xidmət mərkəzi də istifadəyə verilib. Xidmət mərkəzində bərbərxana, qadın gözəllik salonu, dərzi, ət satışı yeri, ərzaq və sənaye malları mağazaları fəaliyyət göstərir.

Qeyd edək ki, Qahab kəndində aparılan abadlıq işləri çərçivəsində rabitə xidmətinin təkmilləşdirilməsi məqsədilə 400 metr fiber-optik, 2500 metr uzunluğunda müxtəliftutumlu yeraltı kabel, 600 metr uzunluğunda elektrik xətti çəkilib. Həmçinin, 250 kilovolt-amper gücündə yeni transformator yarımstansiyası quraşdırılıb. Qahab kənd tam orta məktəbinə Nəcəfəlidizə kənd kəhrizindən 3 min 900 metr uzunluğunda içməli su xətti çəkilib. Bundan başqa, kənddə yolların kənarları boyu 320 metr uzunluğunda hasar tikilmişdir.