adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Sentyabr 2014 14:16
7469
MƏMLƏKƏT
A- A+

Kitabların elektronlaşdırılması nə vəd edir?

İnformasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən biri kimi artıq hər bir sahədə tətbiq edilir. Müasir texnologiyanın təsir dairəsi iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə edir, artıq hər bir sahədə bu texnologiyaların üstünlüklərdən yararlanmaqla, daha uğurlu nəticələr əldə edilir.

Amma həyatın, belə deyək, elektronlaşdırılmasının mənfi tərəfləri də az deyil. Ənənəvi, adət etdiyimiz resursların, vasitələrin bu gün "robotlaşması”, kompyuterin insan üzərində hakimiyyəti əsrimizin kandarına qədər əldə etdiklərimizi də silinmək təhlükəsi ilə üz-üzə qoyur.

Konkret olaraq, kitabların elektronlaşdırılması məsələsinə toxunsaq, burada fikirlər daim haçalanır. Bir qrup insan bunun daha mütərəqqi, əlçatan olduğunu düşünsə də çoxları kitabların elektron versiyalarının ənənəvi kitabları tarixə çevirəcəyindən narahatdır.  Çünki, əvvəllər kitablar informasiya, maarifçilik baxımından faydalı idisə, indi kompyuter texnologiyaları sayəsində ənənəvi kitablar yalnız mütaliə üçündür.  Kitablar əsas funksiyasını təhsil ocaqlarında qoruyub saxlayırdılar ki, artıq bu məkanlarda da kağız kitablar yerini elektron kitablara verməli olacaqlar.

Belə ki, artıq Azərbaycan təhsilinin inkişafı və dünya standartlarına çatdırılması baxımından qarşıdakı illərdə yeni kurrikulumlara müvafiq elektron dərsliklərin hazırlanması və buna əsasən də dərsliklərin hər birinin elektron formada planşetlərdə yerləşdirilməsi nəzərdə tutulub. Qarşıdakı illərdə bütün ümumi məktəb şagirdləri dövlət tərəfindən pulsuz planşetlə təmin olunacaq. Hər bir şagirdin sinfinə uyğun dərsliklər həmin planşetə yüklənəcək. Təhsil Nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, yaxın gələcəkdə elektron dərsliklərə keçid üçün ilk addımlar da atılıb. Nazirlik yeni hazırlanan dərsliklərin hamısının müəlliflik hüququnu öz üzərinə götürüb və onların elektron formaları nəşriyyatlardan alınıb. Bu da gələcəkdə dərsliklərin elektron formasının hazırlanmasında əlavə resurs olacaq.

Qeyd edək ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində artıq neçə illərdir elektron dərsliklərə keçilib və istifadə olunur. Son illərdə tibb ekspertləri həyəcan siqnalı çalırlar ki, ənənəvi dərsliklərin doldurulduğu çantalar azyaşlılarda onurğa sütununun əyriliyinə səbəb olur. Bu baxımdan elektron dərsliklər ənənəvi dərsliklərdən daha yaxşı hesab olunur, çünki çəkisi 600-700 qram olan planşetlərə  bütün dərs vəsaitlərinin yüklənməsi mümkün olduğundan, ildən-ilə ağırlaşan məktəbli çantalarına daşımağa ehtiyac qalmayacaq.


"Planşet yaxşı tədris bazası ilə təmin olunmasa, o elektron cihazdan başqa bir şey olmayacaq"


Bəs elektron kitablara keçid böyüməkdə olan nəslin ənənəvi kitablardan tamamilə uzaqlaşmasına gətirib çıxarmazmı? Azərbaycanın nüfuzlu nəşriyyatlarından olan "Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılov elektron kitabların ənənəvi kitabları sıradan çıxara biləcəyini düşünmür: "Mən təsəvvür eləmirəm ki, kimsə bütün kitabları elektron versiyada oxumağa üstünlük versin. Çünki bu, hər şeydən əvvəl yorucu və gözə ziyanlıdır. Təbii ki, kitabları çap versiyada oxumaq daha yaxşıdır. Amma əlçatan olduğu üçün elektron kitablardan da yararlanmağın faydaları var. Bu həm də uşağın müstəqil oxumasına öz müsbət təsirini göstərə bilər. Üstəlik tapşırıqlarını valideynlərin müdaxiləsi olmadan elə planşetdəcə yerinə yetirə bilər ki, bu da yerində və dürüst qiymətləndirməylə nəticələnər”.

R.İsmayılov hesab edir ki, dərsliklərin elektron sistemə keçməsi üçün əvvəlcə baza təkmilləşdirilməlidir. Onun sözlərinə görə, planşet yaxşı tədris bazası ilə təmin olunmasa, o elektron cihazdan başqa bir şey olmayacaq. İnternet resursları lazımi səviyyəyə gətirilməlidir ki, şagird doğru informasiyalardan bəhrələnə bilsin: "Amma bu gün, götürək Vikipediyanın Azərbaycanca versiyasını – tamamilə yararsız vəziyyətdədir. Həm informasiya azdır, həm də mövcud informasiya dəqiq və mötəbər deyil. Artıq bununla bağlı dəfələrlə müraciət etmişəm. Nəşriyyatımız həmin məlumatların istifadəsindən imtina edib, çünki dərslik çox ciddi bir nəşrdir və burada yanlışlığa yol vermək olmaz. Ona görə də daha mötəbər və etibarlı kitablardan, məsələn: Azərbaycan Sovet Ensiklopediyası kimi kitablardan yararlanmaq olar. Təbii ki, adıçəkilən nəşrdə kommunizm ideologiyaları məlum məsələdir ki, üstünlük təşkil edir, belə mənəvi cəhətdən köhnəlmiş nəşrlərlə də bir qədər ehtiyatlı olmaq lazımdır, amma bunların çıxarılıb konkret informasıyaların saxlanılması ilə yaxşı baza yaratmaq mümkündür.  Bu baxımdan nəşriyyatımız lüğət sistemini təkmilləşdirmək istiqamətində əhəmiyyətli işlər görüb. Hazırda, həmin Sovet Ensiklopediyasının bazasında izahlı lüğətlər hazırlayırıq”.

R. İsmayılov onu da diqqətə çatdırdı ki, əgər nəşriyyatlar çevik tərpənsələr, öz işlərində yeni bir istiqamət götürsələr heç nə itirməzlər, əslində qazana bilərlər. Onun sözlərinə görə, sifarişlər azaldığına görə, burda itirən tərəf yalnız mətbəələr ola bilər. Amma onlar da bundan doğru bəhrələnə bilsələr, yararlana bilərlər. Çünki kəmiyyət azaldığına görə daha keyfiyyətli kitablar nəşr edə bilərlər ki, bu da satış baxımından daha əlverişli olar.