adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7

XATİRƏ XATUNUN ŞEİR ALƏMİ

VAQİF YUSİFLİ
63233 | 2014-09-23 01:57
Son illərdə qadın yazarlarımızın sıraları getdikcə çoxalır və əlbəttə, onların hər bir cəhd edir ki, böyük ədəbiyyat meydanında görünsünlər, ulu şair nənələrimiz - Məhsətinin, Natəvanın, Heyran xanımın layiqli davamçıları olsunlar. Bu gün qadın yazarlarımızın sırasında (söhbət şair xanımlardan gedir) Firuzə Məmmədli, Nurəngiz Gün, Afaq Şıxlı, Mahirə Abdulla, Ofelya Babayeva, Nisbəyim, Fərqanə Mehdiyeva, Gülnarə Cəmaləddin, Xəzangül, Narıngül, Arzu Nehrəmli, Şövkət Zərin Horovlu, Səhər, Rəsmiyyə Sabir, Xatirə Fərəcli, Nazilə Gültac, Xatirə Əziz, İradə Aytel, Arzu Hüseyn, Aybəniz Əliyar, Şahinə Könül, Sara Selcan kimi istedadlı nümayəndələri var və bu sırada Xatirə Xatunun da izini hiss edirik. Onun "Bu sevgidən nə qalacaq görəsən" şeirlər kitabı ilə tanışlıqdan sonra bu izi daha aydın gördük. Elə bu söhbətə şairənin kitabına ad qoyduğu şeirdən başlayaq:

Gəldik çatdıq bu sevdanın sonuna,
Bu sevgidən nə qalacaq görəsən?
Bu sevginin əvvəli nə, sonu nə,
Bu sevgidən nə qalacaq görəsən?

Odu sönməz, dolansa ay, il qalar,
Çay qurusa, yatağında lil qalar,
Ocaq sönsə əvəzində kül qalar,
Bu sevgidən nə qalacaq görəsən?

Enişi var, yoxuşu var bu yolun,
Güllü yazı, sərt qışı var bu yolun,
Ən sonunda göz yaşı var bu yolun,
Bu sevgidən nə qalacaq görəsən?

Pozammadıq tale bizə yazanı,
Tez yetişdi eşqimizin xəzanı,
Hey gəzirəm bu yuxunu yozanı,
Bu sevgidən nə qalacaq görəsən?

Qadın yazarların əsas mövzusu sevgidir, məhəbbətdir, bu ali, müqəddəs hissin poetik ifadəsidir. Xatirə Xatunun kitabındakı şeirlərin əksəriyyəti də qəlbin sevgi həyəcanlarından söz açır. Bu dünyada sevgidən gözəl nə ola bilər? Sevgi insanı ucaldır və qocaldır, güclü insana və gücsüzə çevirir, ağıllı olur insan və ağlını da itirir. Təzadlarla doludur sevgi. Böyük dözüm, səbr lazımdır ki, sinədə od tutub yanan qəm tonqallarını söndürə biləsən. Yox, söndürmək olmaz, qoy daha da alovlansın.

Param-parça ürəyimdə
Dərdlərim bir daş kimi
Düşdü bu dünya gözümdən,
Düşdü, iki damla yaş kimi.
Məhkumam, məcburam,
Bu həyatı yaşamağa.
Amma dözürəm, qürurluyam,
İçimdə bir ümid var sabaha.

Xatirənin sevgi şeirlərində məhz qürurlu bir qadının könül dünyası ilə tanış oluruq. O hisslər, həyəcanlar, ahlar-amanlar, göz yaşları, tövbələrghamısı o ürəkdən süzülür. Amma necə? Bunları hər hansı şair deyə bilər, söyləyə bilər. Əsas məsələ o hissi, o duyğunu necə ifadə etməkdədir. Öncə misal gətirdiyimiz şeirdə Xatirə deyirdi ki: "Düşdü bu dünya gözümdən, Düşdü iki damla yaş kimi". Bax, bu, əsl şair sözüdür. Obrazlıdır. Mübaliğədir. Amma səni inandırır. Xatirənin şeirlərində belə misallar çoxdur. O, obrazlı düşünür. Şair məhz obrazlı düşünməlidir, yoxsa adi sözləri sıralayıb şeir düzəltmək olmaz.

Gözlərim hey baxar yollara sarı,
Gözlərim yolları yığar gözünə.
Yuxuma gələydin bu gecə barı,
Bu axşam yadıma düşmüsən yenə.

İlk baxışdan bu dörd misradan ağlın heç nə kəsmir. Amma diqqətlə baxın: Gözlərim yolları yığar gözünə. Bu misradan sonra gələnlər intizarın obrazını tamamlayır.
Acizlik, gücsüzlük məhəbbətin süqutudur, - deyirlər. Amma məhəbbətdə acizlik, gücsüzlük olmur. Sevən adam min dəfə əllərini göyə qaldırır ki, ilahi, mənə güc ver, qüvvət ver ki, əzablara dözə bilim. Lap Füzuli babamız kimi, onun qəhrəmanı Məcnun kimi. Xatirə Xatun gözəl şairimiz Musa Yaqubun bir şeirinə nəzirə yazıb: "Mən bu məhəbbəti neyləyim, Allah?" Nəzirə olsa da, elə orijinaldakı kimi duyğulu şeirdir, əsl şeir nümunəsidir:

Bu necə taledi, bu necə baxtdı,
Əlində acizəm gör neçə vaxtdı,
Ömrün payızında qarşıma çıxdı,
Mən bu məhəbbəti neyləyim, Allah?

Apardım dənizə qumda basdırım,
Ağladı, gözünün yaşını sıxdı.

İstədim dərədə, dağda azdırım,
Qayıtdım-qapıda qarşıma çıxdı.

Fikir aydın. İzaha ehtiyac yox.
Xatirə xanımın şeir aləmi təkcə sevgi mövzusu ilə məhdudlaşmır. Daha doğrusu, onun hisslər, duyğular aləmi genişdir. O, sevgidən yazmayanda da hər şeyə sevgi və azadlıq gözü ilə baxır. Sevgi olmayan yerdə azadlıq, azadlıq olmayan yerdə sevgi yoxdur. Nədir Azadlıq? Azadlıq ilk növbədə, onun üçün sevgidir. O, sevgidə öz azadlığını hifz edir, qoruyur. Azadlıq olmayanda könül evi bir zindandır.
Bəs o böyük Azadlıq? Vətənlə, Şuşayla, Qarabağla bağlıdır. Orda - Şuşada Azadlıq dustaqdır:

"Şuşanın dağları başı dumanlı",
Qəlbimizdə ağrı, dilimizdə ah.
Geri qayıtmağa yoxdu gümanlı,
Kimin boynunadı bu boyda günah?

O dilbər diyarda gör nələrim var,
Vaqifin məzarı, Cabbarın səsi.
Çətin buna görə bizi bağışlar,
Zakirin qoşması, Xanın nəfəsi.

Bizdən yaman küsüb böyük Üzeyir,
Ruhumu incidir Seyidin səsi.

"Nə vaxt azad olar, - soruşur, deyir,
Dilbər guşəmizin nadir incisi?"

Səni sənə layiq vəsf edəmmirəm,
Gəl məni bağışla, deyildir asan.
Hər dəfə əlimə alanda qələm,
Xəcalət çəkirəm Xurşidbanıdan.

Kitaba ön söz yazan şair-publisist Elçin Mirzəbəylinin bir fikriylə tam şərikik: "Xatirə təkcə özünü, bir çoxlarımız kimi içinə gömdüyü, yalnız özünə pıçıldadığı duyğularını yazmır, hələ də tanıya bilmədiyimiz və yaxud tanımaq istəmədiyimiz Azərbaycan qadınının gerçək portretini yaradır".
Doğrudan da, onun şeirlərində bu fikrin reallaşdığını görürük. Əvvəla o, özünün - bir Azərbaycan xanım yazarının hiss və duyğularını, könül harayını, sevincini, qəmini yazır. Heç nəyi gizlətmir. İkincisi, gözəl bir ANA portreti yaradır. Elə bir ANA ki, biz onun simasında öz analarımızı görürük. Çünki ANA ilə bağlı şeirlər təkcə müəllifin öz anasının yox, hamımızın analarının ümumi cizgiləridir.

Keçib min əzabdan, keçib min oddan,
Dözdün hər bəlaya, hər dərdə, ana.
Gizlətdin sirrini düşməndən, dostdan,
Əymədin boynunu namərdə, ana.

Xatirə xanımın təbiətdən bəhs edən şeirlərində də özünnəməxsus poetik çalarlar görürük. "Tənha bulud" və "Yağış" şeirləri bu mənada maraqlıdır. Yağışdan bütün şairlər yazıb və yazacaqlar. Amma bu misralar yalnız Xatirə Xatuna aiddir:

Qəfildən başladı bu yaz yağışı,
Hər tərəf büründü torpaq ətrinə
Dayanmır göylərin gözünün yaşı,
Görəsən kim dəyib göyün xətrinə?

Yaxud, başqa bir şeir: "Günəşə aldanan alça ağacı". "Ağappaq don geymiş budaqlarından Səadət oxunan alça ağacı" bir qış günəşinə aldana bilər. Burada rəmzi, metaforik bir duyum da var. Hər parıldayana aldanmaq olmaz!
Əlbəttə, Xatirə Xatunun şeirlərinin hamısı eyni səviyyədə deyil. İçində yaxşı şeirləriylə müqayisədə poeziyadan aşağıları da var. İstərdik ki, belə şeirlərin sayı azalsın. Şairə öz gözəl şeirlərinə baxıb əlinə qələm alsın.
Bu qədər...

TƏQVİM / ARXİV