adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
23 Sentyabr 2014 10:59
4443
MƏMLƏKƏT
A- A+

Səlim Müslümov BMT sessiyasında çıxış edib

ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının "Əhali və inkişaf üzrə Qahirə konfransının Fəaliyyət Proqramı”nın 20 illiyinə və onun gələcək icrası ilə bağlı görüləcək işlərin müzakirəsinə həsr olunmuş 29-cu xüsusi sessiyası öz işinə başlayıb. Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Azərbaycan nümayəndə heyətinin rəhbəri, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov sessiyada çıxış edərək, ölkəmizdə davamlı sosial-iqtisadi inkişaf şəraitində demoqrafik sabitliyə nail olunması üçün görülən işlər və əldə olunan uğurlar barədə məlumat verib. 

S.Müslümov bildirib ki, ötən dövrdə ölkəmizdə əldə olunan makroiqtisadi və siyasi sabitlik şəraitində mühüm sosial islahatlar həyata keçirilməklə, həmçinin Qahirə konfransının Fəaliyyət Proqramının prinsiplərinin mühüm inkişaf strategiyalarında tətbiqi üçün müvafiq işlər  aparılıb: "2003-cü ildən Azərbaycan Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti respublikanın bütün sahələr üzrə inkişafının daha da sürətlənməsini, müasir dövlət quruculuğunun geniş vüsət almasını  təmin etmişdir.  Qısa bir dövrdə sosial-iqtisadi inkişaf tempinə görə regionda lider mövqeyə sahib olan Azərbaycan BMT-nin son hesabatına əsasən, insan inkişafı indeksinə görə 187 ölkə sırasında 76-cı yerdə qərarlaşıb və yüksək inkişaf səviyyəsinə malik ölkələr qrupuna daxil olub. Həmçinin, Dünya İqtisadi Forumunun ilbəil açıqladığı məlumatlarda Azərbaycanın qlobal rəqabətqabiliyyətlilik reytinqi daim yüksəlir və hazırda  ölkəmiz bu göstəriciyə görə 144 ölkə arasında 38-ci yerdədir”.

Ötən 20 ildə Azərbaycanda əhali sakinliyi ilə bağlı məsələlərin həlli sahəsində həyata keçirilən kompleks tədbirləri diqqətə çatdıran nazir bildirib ki, postsovet məkanında ilk dəfə olaraq Azərbaycanda 1999-cu ildə Demoqrafik İnkişaf Konsepsiyası təsdiq edilib. Konsepsiyanın icrası olaraq, ölkənin demoqrafik potensialının reallaşdırılması məqsədilə əhali sağlamlığının möhkəmləndirilməsi, o cümlədən reproduktiv sağlamlıq, təhsilin keyfiyyətinin artırılması, əhalinin, həmçinin həssas qrupların  məşğulluğunun təminatı,  gender bərabərliyinə nail olunması, miqrasiya proseslərinin səmərəli tənzimlənməsi və s. istiqamətlərdə mühüm işlər görülüb. Ölkənin mövcud səhiyyə və təhsil infrastrukturunun demək olar ki, yarısı məhz son 20 ildə yaradılıb: "Bu müddətdə Azərbaycan əhalisinin sayı 26 faiz artaraq  9,5 milyona çatıb və hazırda ölkədə əhalinin illik artım tempi 1,3 faiz təşkil edir. Bu müsbət demoqrafik proseslər eyni zamanda körpə və uşaq ölümü hallarının müvafiq olaraq 2,3 dəfə və 3,5 dəfə azalması ilə müşahidə olunub. 

S.Müslümov Azərbaycanda demoqrafik siyasətin ölkənin milli və demoqrafik xüsusiyyətlərinə, sosial-iqtisadi şəraitinə uyğun şəkildə aparıldığını, hazırda 2025-ci ilədək dövr üçün ölkəmizin əhali sakinliyi və demoqrafik inkişaf üzrə Dövlət  Proqramının hazırlandığını  qeyd edib. O, bu prosesdə mötəbər beynəlxalq qurumlarla, o cümlədən BMT-nin Əhali Fondu ilə fəal əməkdaşlığın roluna toxunub və bunun qeyd olunan Fəaliyyət Proqramının səmərəli icrası baxımından da əhəmiyyətini vurğulayıb.