adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

ÖLMƏYiN DƏ LƏZZƏTi QAçACAQ

OQTAY SALAMOV
21539 | 2007-10-09 04:44
Əslində bu yazının ölməyə elə böyük bir dəxli yoxdur; onsuz da yaşamaqda ləzzəti duymayanlar heç ölməyin də dadını bilməyəcəklər. sadəcə olaraq, bu başlığı Milli Məclisimizin komissiyalarından birində keçirilən müzakirələr haqda məlumatı oxuyandan yazdım.
   
   Vallah, mən Azərbaycanda bələdiyyə adlanan qurumun nədən ötrü yaradıldığını tam dərk edə bilməmişəm. Əslində təvazökarlıq edirəm, ümumiyyətlə, bizdə bələdiyyənin nə olduğunu qəti qana bilmirəm. Yox, mənim valilik, bələdiyyə haqda müəyyən təsəvvürüm də var, işlərini də görmüşəm. Amma həmin yerlərdə bələdiyyələrin ancaq torpaq satdığını və pul yığmaq üçün əhalinin canına daraşdığını görməmişəm. Bəlkə də bu mənim hazırkı vaxtda dövlət strukturlarının vəzifə və səlahiyyətlərini kifayət qədər bilmədiyimdən irəli gəlir ki, icra hakimiyyəti olan yerdə bələdiyyənin və ya bələdiyyə olan yerdə icra hakimiyyətinin nəyə gərək olduğunu anlaya, daha doğrusu, qəbul edə bilmirəm.
   
   Mənə nə var ki, sıradan bir vətəndaşam, bəzi şeyləri bilməsəm də olar. Dərd orasıdır ki, bələdiyyələrin özləri də ancaq almaq tərəfini bilirlər, bir də xox gəlmək tərəfini. Hə, bir də özlərininki olmayanı satıb vətəndaşın başını bəlaya salmağı. Bax, onu lap yaxşı bilirlər. Fakt istəyirsinizsə, torpaqla bağlı şikayətləri araşdırın...
   
   İki ağanın bir nökəri olmaqdan çətin iş yoxdur. Hələ ikiyə min şükür, indi əlində möhür olan bütün fiziki və hüquqi şəxslər ağalıq iddiasındadırlar və ağalıq da edirlər. Həm də bu ağalar məsuliyyəti bir-birinin üstünə atanda, ötür-ötür oynayanda yazıq nökərin günü lap dözülməz olur. İndi təsəvvür eləyin ki, ağalardan biri o biri ağanın əmlakını çırpışdırıb və onunla nökərin qanının da pulunu almaqla haqqını verib. Ağalar öz aralarında razılaşırlar, ortada nökərin qanı batır... Məni arxaik misallar çəkməkdə qınamayın, əyalətdə məhz belə deyirlər- hampa, kətda, darğa, cəllad, ağa, nökər...
   
   

TƏQVİM / ARXİV