"ƏDƏBiYYAT BU GüN çIRPINIR..."

ƏBÜLFƏT MƏDƏTOĞLU
29138 | 2007-10-09 04:58
Bu gün ədəbi mühitimizdə cərəyan edən proseslər istər-istəməz sözlə, qələmlə yaşayan insanları çox düşündürür. Və elə buradan çıxış edərək biz də, ədəbi aləmdə öz dəst-xətti, öz yeri olan, yaşlı nəslin nümayəndəsi Nahid Hacızadə ilə görüşüb, günümüzün ədəbi mənzərəsinə diqqət yetirdik.
   
   - Nahid müəllim, bu gün həyatımızın digər sahələri kimi, ədəbiyyatımız da keçid dövrünü yaşayır. Siz yaşlı söz adamı kimi bu barədə nə düşünürsünüz, ədəbiyyatımız hara keçib gedir?
   
   - Yaman uzun çəkdi bu keçid dövrü. Ancaq neyləməli, dözməliyik. Biz dözümlü xalqıq. O ki qaldı ədəbiyyatın mənzərəsinə... Mənə belə gəlir ki, ədəbiyyatımız bu gün çırpınır, qanadlarını çırpır. Baş verən proseslər hələlik zəif getsə də böyük uçuşları, ucalıqları fəth etməyi göz qabağına gətirir və ona can atır. Bilirsən ki, sel gələndə özü ilə çox şeylər gətirir - daş-kəsək, kör-kötük, çör-çöp, qırıntı... Əvvəl düşünürsən ki, ay Allah, bu sel-su görən nə vaxt durulacaq? Bir az keçir, görürsən ki, hər şey öz axarına düşür. Bir azdan isə su göz yaşı kimi durulur, nə qədər istəyirsən iç... Ədəbiyyat da, sənət də belədir. Ancaq təəssüf ki, bu proses bizdə çox ağrılı keçir, uzun çəkir. Buna da təbii baxmalıyıq. Çünki indi bizim dərdlər dərdi - Qarabağ dərdimiz var. Xalqın da, hökumətin də ürəyi bu dərd üstə köklənib. Qarabağ yolumuzda bir çilləkəndi. Bu çilləkən açılsa, ürəklərimiz, fikirlərimiz üstə gün doğacaq, çox-çox qaranlıqlar aydınlaşacaq. Onda ədəbiyyat ədəbiyyat olacaq, sənət də sənət! Hər kəs öz işilə məşğul olacaq, qrafamanlar da çəkilib gedəcək. Bu fikri mən İTV-nin "Ovqat" verilişində də demişəm. Sovet dövründə də var idi şeir, hekayə, roman yazan, yazdıran nazirlər, məmurlar, polis, prokuror. Yadımdadır, rəhmətlik Heydər Əliyev respublika müşavirələrinin birində ağsaqqal naziri ayağa qaldırıb utandırdı. Dedi ki, sən ya suvarma işlərinlə məşğul ol, ya da ərizəni ver, işdən azad ol, get şeirini yaz. Yəni bu gün də belələri az deyil. Nə o işdən əl çəkirlər, nə də bu işdən. Makulatura basıb ədəbiyyatı, sənəti... Söz-sənət adamının xırdaca bir şöhrəti var, ona da göz dikir, şərik çıxmaq istəyirlər. Başqa sözlə desək, nə əldən qoyur, nə də yardan doyurlar.
   
   Yəqin xalq istedadlı şairi, yazıçını, bəstəkarı, xanəndəni, aktyoru hər yerdə sevgi ilə qarşıladığından əsabələrindən başqa heç kimin tanımadığı məmurlar bunu da onlara çox görür, buna da darınırlar. Bu, ağrılı məsələlərdən biridir. İnanıram ki, bu da yavaş-yavaş köçünü çəkib gedəcək, əsl cəfakeşlər isə qələmə daha ürəklə sarılacaq. Bax, onda böyük ədəbiyyatdan ürək genişliyi ilə danışa biləcəyik. Bu, labüddür, biz o günü görəcəyik!
   
   - Siz uzun müddət televiziyada çalışmısınız, indi efirdə baş verənlər sizi razı salır?
   
   - Açığı, hərdən danışanda deyirlər ki, biz yaşlılar köhnə düşüncəli adamlarıq, sovet dövrünün qalığıyıq. Qoy onlar deyən olsun. Ay qardaş, televiziya qüdrətli informasiya vasitəsidir, sənətdir, milyonların evinə sorğusuz-sualsız daxil olan sənət! Adam iki-üç nəfərin yanında danışanda özünü yığışdırır ki, sözünün əvvəlinə-axırına fikir versin. İndi hansı kanalı açırsan, görürsən çal-çağırdı. Elə bil bütün Azərbaycan yarışa girib ki, hamı oxumalıdı. Müğənniciklər bu xalqa nə qədər dərs deyəcəklər? Təəssüf ki, sözə qoruq-qaytaq yoxdur. Əvvəllər hamı bilirdi ki, ən çox oxuyanlar Qarabağdan çıxıb və onlar müəyyən sənət məktəbi keçib, ustadlardan dərs alıblar. Amma indi görürsən ki, bir şalvarlı, qarnı açıq qız çıxıb ortaya, özü yazır, özü mahnı bəstələyir, özü oxuyur. Gözünə döndüyüm özəl kanallar da onların kliplərini gecə-gündüz fırlayır. Heç elə bil ki, yaşadığımız ağrıların, faciələrin, Qarabağ dərdinin onlara dəxli yoxdur. Bu, bir insan kimi, söz adamı kimi məni çox ağrıdır. Bu barədə televiziya kanallarının rəhbərləri düşünməlidir. Bir sətri qətran üzü görməyən, heç yerdə bir misrası çap olunmayan "şairlər" peyda olub ki, yüzlərlə mahnısı var. Bir də görürsən ki, özlərinə təmtəraqlı yaradıcılıq gecələri, görüşlər, mətbuat konfransları keçirirlər. Bu dəhşətdir, sənətin eroziyasıdır!
   
   Əvvəllər isə bilinirdi bəstəkar kimdir, şair kimdir, müğənni kimdir. Və əlaqəli də işləyirdilər. Hərə öz işini bilirdi.
   
   - Nahid müəllim, bütün zamanlarda ədəbiyyatda yaşlılar-cavanlar problemi olub. Buna münasibətiniz necədir?
   
   - Bu təbii bir prosesdir. Keçmiş öz yerini gələcəyə asanlıqla vermir. Məşhur misra var: "Oğullar atanı, gəlinlər qayınananı bəyənmir". Həyat belədir. Bax, elə sənin özünün yazdıqlarının hamısını balaların bəyənirmi? Yaxud da axşam evə gedirsən, uşaqlar sənə müəyyən iradlarını bildirirlər: "Niyə filan şey almamısan, niyə evdə filan şey yoxdur?" Bax, ədəbiyyat da, sənət də belədir. Əgər fikir müxtəlifliyi olmasa, inkişaf da ola bilməz. Ancaq bu, təhqir, böhtan, iftira həddinə gəlib çatmamalıdır. Nəsillər arasında qarşılıqlı, həm də anlaşıqlı dialoq olmalıdır. Hamı eyni zindana vurmalıdır - yaşlılar da, cavanlar da. Çünki məqsəd, məram eynidir. Başqa cür də ola bilməz. Yoxsa dünya dayanıb durar və heç bir inkişafdan, yüksəlişdən söhbət gedə bilməz. Hər iki tərəf bir-birini başa düşməyə çalışmalıdır. Həyatın sərt, pozulmaz qanunu var - bugünkü cavanlar da sabah qocalacaqlar. Nə tökərsən aşına, o da çıxar qaşığına. Müdriklərimiz gözəl deyib: "Ustadına kəc baxanın gözlərinə qan damar". Ustadlar da öz növbəsində gənclərə öz övladları kimi hörmətlə, qayğıyla yanaşmalıdırlar, onları duymağa, başa düşməyə çalışmalıdırlar. Çünki gənclik öz yaradıcılıq potensialı, enerjisiylə bütün mənalarda qocaları gəlib keçməlidir. Bu, əbədi, əzəli, pozulmaz bir qanundur. Çox təəssüf ki, bizdə yaşlılar da "bizik!" deyir, cavanlar da. Və bu da qarşıdurma ilə nəticələnir, heç kəsə də başucalığı gətirmir. Sevinirəm ki, bu gün ədəbiyyatımıza hörmətə layiq, istedadlı nəsil gəlir.
   
   İnsaf da yaxşı şeydir, gecə-gündüz efirdə, ekranda, mətbuatda total surətdə altmışıncıları təbliğ etmək olmaz ki?! Axı ötən nəsillər də, yeni gələn nəsillər də var. Geniş ürəklə, həssaslıqla, irəliyə də, geriyə də baxmaq lazımdır. Heç bir nəsil yaddan çıxmamalıdır. Əlində müəyyən rıçaqlar, imkanlar var deyə, özündən sonra gələnlərin yolunu bağlamaq, onların qarşısına sədd çəkmək günahdır, çox böyük günah!
   
   - Nahid müəllim, bu gün qələm söz adamını yaşatmır. Sizcə, necə etmək olar ki, qələm söz adamını dolandırsın?
   
   - Bu çox mürəkkəb və ağrılı məsələdir. Və bunu da deyim ki, hamı qələm hesabına dolana bilməz. İlk növbədə söhbət istedaddan və böyük sənətdən gedir. Böyük sənət və böyük sənətkar milli sərvətdir. Ona xüsusi diqqət və qayğı gərəkdir. Bir də var ümumi qayğı. Bu da vacibdir.
   
   Doğrusunu deyim ki, bəyənmədiyimiz sovet quruluşunun müəyyən üstün cəhətləri vardı. Nə qədər söysək də, bunu etiraf etməliyik. Təəssüf ki, yaradıcı ziyalılar barədə bu gün konkret proqram yoxdur. Ən böyük faciəmiz də budur ki, millət, xalq kitabdan uzaq düşüb. Çıxaq şəhərin küçələrinə, qarşımıza çıxan yüz adamdan soruşaq: "Bu gün nəşr olunan ən böyük yazardan tutmuş, gənc qələm sahibinə kimi hansı müəllifin kitabını oxumusan?" Aydındır ki, dili topuq vuracaq, bilməyəcək nə cavab versin. Axı oxumayıb. Utanc gətirsə də deməliyik ki, bu gün Nizamini, Füzulini tanımayanlar da var. Mirzə İbrahimovu unudublar. Süleyman Rəhimovu, Süleyman Rüstəmi yaddan çıxarıblar. Səməd Vurğun "Azərbaycan" şeirilə xatırlanır. Məmməd Araz çox vaxt "Dünya mənim, dünya sənin, dünya heç kimin" şeiri mahnı kimi oxunduğuna görə anılır. Əsil sənətin təbliğatı, yayılması o qədər də ürəkaçan deyil.
   
    Sovet dövründə oğurluq pul qazanıb xərcləyə bilməyənlər müstəqillik əldə ediləndən sonra başladılar firmalar, müəssisələr yaratmağa. Mədəniyyət ocaqlarının əksəriyyəti özəlləşdirildi. Ancaq onların bircə dənəsi də əvvəlki funksiyasını saxlamadı. Birini ərzaq dükanı elədilər, birini restoran, kafe, daha nə bilim nə, nə... Bir vaxtlar Bakıda hara baxırdın kitab mağazası idi. Mən hələ köşkləri demirəm. Əzizbəyov heykəlinin yanında "Bənövşə" kitab mağazası vardı, hər axşam işdən çıxanda yolumu oradan salırdım. Müşfiqin heykəlinin, "Elmlər Akademiyası" metrosunun yanında da kitab mağazaları var idi. İndi çıraqla axtarmalısan ki, bir kitab mağazası tapasan.
   
   - Müşfiqin adını çəkdiniz. Onun adıyla bağlı bu mağazanı da açmadılar ki, tez-tez sənətkarın adı anılsın. Axı onun heç kimi yox idi...
   
   - Bəli, elədir. Hər il böyük şairin ad gününü o heykəlin qarşısında qeyd edir, sonra da "Müşfiq" kitab mağazasından yeni nəsə alırdıq. Sonra bu mağazanı kimsə bank elədi, Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının yarısını isə maşın mağazası. Heç kəsin də tükü tərpənmədi. Bizim kitab nəşrlərinin simvolu olan "Azərnəşr" var idi. İndi onu göynəklə, yana-yana xatırlayırıq. Bir abidə, muzey idi. Ay qardaş, bank açmaq istəyirsən, get başqa yerdə yer al, tik. Sonra da istədiyin obyekti aç, qazan, milyoner ol! Xalqın mənəvi sərvətinə niyə göz dikirsən? "Naxçıvan" otelinin yaxınlığında nəhəng bir kitab mağazası vardı, o da getdi. Bakının məşhur "Kitab passajı"... O, şəhərin simvolu idi. İndi xəyalımızda bir nağıla dönüb o məşhur kitab mağazası. Bir deyən gərək, ay qardaş, niyə bunu xalqın, oxucunun əlindən alırsan? Sənin ürəyində zərrə qədər də olsa milli heysiyyət yoxdur? Bu üzdəniraq proses Bakıdan başlayıb rayonlara, kəndlərə, ucqar obalaracan getdi. Hələ də dalına daş qoyulmayıb bu qəddarlığın, yırtıcılığın!
   
   Sovet dövründə yazıçı ilə müqavilə bağlayırdılar. Kitabın əlyazması bəyəniləndən sonra qonorarın iyirmi beş faizi ödənilirdi, çapa gedəndə isə əlli faizini verirdilər. Bununla da yazıçı dolanırdı, gələcək əsəri barədə düşünürdü. Azərbaycanda 600-dən çox kitab mağazası var idi, hərəsinə beş-altı nüsxə kitabın gedəndə bu eləyirdi üç min. Mənim "Payız leysanları" romanım 40 min tirajla çıxmışdı. Bir həftənin içində satıldı. Buna heç özüm də inanmırdım. Sonra axtarıb həmin kitabdan beş-on nüsxə güclə tapa bildim. İndi yazıq qələm sahibləri cibinin pulunu verir, ən böyük tiraj da min nüsxə olmaqla, borc-xərc, çap elətdirir, sonra da qapı-qapı düşüb satır, ya da dost-tanışa paylayır.
   
   Qabaqlar kitabı çap eləyirdilər ki, yazıçıya pul versinlər, indi də yazıçı pul verir ki, kitabını çap eləsinlər. Kitab heç olmasa, Yazıçılar Birliyi üzvlərinin sayı qədər çap edilsə bir az toxtaqlıq olar. Tiraj məsələsi barəsində dərindən düşünmək lazımdır. Kitab bəşər sivilizasiyasının ən önəmli atributlarından biridir. Kitab ucalığından enən xalqın gələcəyi dumanlıdır. Belə bir sual hamımızı düşündürməlidir: "Biz kitabdan niyə gen düşmüşük?"
   
   - Bəs ədəbiyyata dövlət qayğısı barədə nə düşünürsünüz?
   
   - Dövlətin dövlət olmasında, möhkəmlənməsində sənətkar şəxsiyyətinin, yazıçı sözünün təsir gücü danılmazdır. Buna çox həssas yanaşılmalıdır. Bu bir həqiqətdir ki, söz qılıncdan da kəsərlidir. Ustadımız əbəs deməyib: "söz var kəsdirər başı, söz var kəsər savaşı"...
   
   Bütün bu proseslərlə bağlı dövlət öz sözünü deməlidir. Xüsusi proqram olmalıdır. Bu təkcə yazıçıya qayğı ilə məhdudlaşmamalıdır, həm də xalqın kitaba sevgisini qaytaran proqram olmalıdır.
   
   - Sonda bir şeyi də öyrənmək istərdim. Qloballaşma dövründə ədəbiyyatımız dünyaya inteqrasiya edə biləcək, yoxsa...
   
   - Əlbəttə. Elə dediyimiz proqramın tərkibində bu da ayrıca bir qol olmalıdır. Əsrlərin sınağından çıxmış bir həqiqət var: hər bir ölkəni, xalqı tanıdan, şöhrətləndirən onun tarixi, ədəbiyyatı, elmi və mədəniyyətidir. Bəzən bir ölkəni bir sənətkara görə tanıyırlar. Məsələn, Qırğızıstana Çingiz Aytmatov, Dağıstana Rəsul Həmzətov ölkəsi deyirlər. Ayrı-ayrı söz-sənət adamının öz imkanı daxilində başqa ölkələrdə tanınması və yaxud dünyaya çıxması ilə iş bitmir. Hər şey qanunauyğun şəkildə, xüsusi diqqət və qayğı sayəsində ardıcıllıqla reallaşmalıdır. İstedad hadisədir, milli sərvətdir. Onu hökumət də, xalq da qorumalıdır.
   
   Əsl qələm sahibləri üçün qayğı və təbii ki, çap olunmaq, oxucu ilə ünsiyyət qurmaq şəraiti yaradılarsa, bu, sənət zəmisinin daha bəhrəli olmağına güclü təkan verər. Mən ümid edirəm ki, belə də olacaq. Sabaha, gələcəyə inanmalıyıq!
   
   
   
   

TƏQVİM / ARXİV