adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

GüNLƏR VARDI...

VƏSİLƏ USUBOVA
30452 | 2007-10-06 04:38
Sovet dövrü mətbuatının siması çoxumuzun yadındadı. Bədii nəşrlərdən başqa, yerdə qalanları əsasən sənaye və kənd təsərrüfatından bəhs edən yazılar verilirdi. Reallıqla heç bir əlaqəsi olmayan fikirlər, şişirdilmiş rəqəmlər oxucunu bezdirmişdi.Elə portret oçerkləri, zarisovkalar yazırdıq ki, haqqında danışılan adamı nəinki qohum-qardaşı, heç özü də tanıya bilmirdi.Mülkədarın oğlu muzdur oğlu, kolxoz sədrinin qızı çoban qızı kimi təqdim edilirdi.Sən demə, bu millətdə heç bir özgə silkin nümayəndəsi- bəy, xan, tacir, ziyalı yoxmuş... Ərzaq dükanlarında camaat ət, yağ növbəsinə duranda biz qəzet səhifəsində bir kolxoza bir rayonun əhalisinə yetdik ət tədarük etdirir, sağıcılara ildə hər inəkdən 4 min litr süd sağdırırdıq. Oxucuların giley-güzarı da yadımdadı: "Nə qədər pambıqdan, taxıldan yazılarmış bu qəzetdə..."
   
   İmperiyanın dayaqları laxlayan kimi "can qardaşlarımız" əsrlərdən bəri torpaqlarımıza qıcadıqları yırtıcı dişlərini daha gizlətməyi lazım bilmədilər, açıq- aşkar hücuma keçdilər. Müharibə, şəhidlər, talan edilib yer üzündən silinən şəhər və kəndlərimiz, erməni vəhşilikləri, qaçqın və köçkünlərin zilləti... İndi də bunlar qəzet mövzusu oldu... Bunlar da, təbii ki, həm yazanları, həm də oxuyanları tezliklə yordu, bezdirdi... Cəmiyyəti nostalji bürüdü...
   
   Neçə il bundan qabaq məşhur telejurnalist Mais Məmmədovun bir söhbətində dediyi sözləri unuda bilmirəm: "Əvvəlki tək bir təsərrüfatdan pambıq, taxıl yığımından reportaj verməyi elə istəyirəm ki" Bu ilki mətbuat günündə vaxtilə işlədiyim rayon qəzetinə ünvanladığım bir-iki cümlədə mən də qarış-qarış gəzdiyim tarlalar, zəmilər, fermalar üçün burnumun ucu göynədiyini yazmışdım. İradə xanım Tuncay da telefonda kənd həyatından bəhs edən yazılardan ötrü burnunun ucunun göynədiyini dilə gətirdi. Yəqin belələri çoxdu. Mən də o burnunun ucu göynəyənlərin xoş xatiri üçün kəndin dünənindən və bu günündən bir yazı hazırlamaq istədim.
   
   Mais müəllimin haralı olduğunu bilmirəm. İradə xanım şəhərdə böyüyüb. Mən kəndçi qızıyam və gördüklərimi, duyduqlarımı, yaşadıqlarımı yazmaq istəyirəm. Görək, o günlərdən ötrü burnumuzun ucunun göynəməsinə dəyərmi?!
   
   Məsəl var,deyirlər, kor atlanıb öz ölkəsini çapar. Mən də "çapqınlığa" öz kəndimizdən-Hacıqabul rayonunun Kolanı kəndindən başlamaq istəyirəm... O zaman kəndimiz Sabirabad rayonunun tərkibində idi.Beş kənd bir kolxozda-"Şirvan" kolxozunda birləşmişdi.Kolxozun taxılçılıq, pambıqçılıq,heyvandarlıq, yemçilik, sonralar isə bostançılıq briqadaları vardı. Kolxozumuz qabaqcıl deyildi, həmişə siyahıda axırıncı yerlərdən birini tuturdu. Bunun əsas səbəbi kəndimizin ucqarda, əldən-ayaqdan uzaqda yerləşməsiydi. Rayon rəhbərləri bura nisbətən az-az gəlirdilər. Ancaq təhkimçilərin gəlişi kənddə əməlli-başlı həyəcan yaradırdı.Uşaqlı qadınları da evdən çıxarıb tarlaya aparırdılar.Biri deyirdi: "Xəmir acıtmışdım, təndirə çörək bişirəcəkdim, mən qayıdıncan xəmir qıcqırıb qalxacaq" O birisi deyirdi: "Görürsən, sən Allah, nehrənin üstündən durğuzdular məni". Ancaq ürəklərində sevinirdilər; çoxdan görmədikləri tay-tuşlarını görüb o ki var söhbət edəcəkdilər, axı...
   
   Qonşu kəndlərin birində ibtidai, o birində səkkizillik məktəb vardı. Orta məktəb bizim kənddəydi, həm də evimizə yaxındı.Hələ aşağı siniflərdə oxuyanda bizi kolxozçulara köməyə aparırdılar.Körpə pambıq kollarının dibindəki alaqları əllərimizlə yoldururdular. Beşinci sinifdən pambıq yığımına qatırdılar. Olurdu ki, sentyabrın 1-ndə sinif otaqlarına girməmiş məktəbin həyətindən qaytarırdılar. "Gedin paltarlarınızı dəyişin, çörəkdən-sudan götürüb birbaş tarlaya". Pambıq sahələri kənddən xeyli uzaqda-çöl-biyabanda yerləşirdi.Səhərlər kolxozçularla bir yerdə yük maşınının kuzovuna minib sahəyə gedirdik.

TƏQVİM / ARXİV