ÖMÜR BİTƏR, YOL BİTMƏZ...

VAQİF YUSİFLİ
56506 | 2014-09-20 01:23
O, çox az yaşadı. Altmış ilinin tamamına altı ay qalmış qəflətən dünyasını dəyişdi. Bu ölümüylə Rəfiq Zəkaya öyrəşmiş dostlarının, əzizlərinin qəlbində acı bir nisgil, illər keçdikcə də korun-korun tüstülənən kədərli hisslər, duyğular oyatdı. Az yaşadı deyirəm, çünki bütün ədəbi ictimaiyyət belə bir qəfil ölümü gözləmirdi, ədəbi məclislərdə, televiziya verilişlərində tez-tez görünürdü, ömrünün son illərində isə ömrü-günü səyahətdə keçirdi, Türkiyədə, onun müxtəlif şəhərlərində həftələrlə, aylarla qalırdı, Türkiyə Folklor Akademiyasının Fəxri akademiki seçilmişdi, Beynəlxalq Atatürk Mükafatı laureatı olmuşdu, qardaş ölkənin bir çox bədii jurnallarının redaksiya heyəti üzvü seçilmişdi. Ankara və İstanbulda kütləvi tirajlarla kitabları çap olunmuşdu. Yəni Rəfiq Zaka daim diqqət mərkəzində idi və təbii ki, ölüm haqqında düşünmürdü. Şəxsən mən onun haçansa bir xəstəlik üzündən həftələrlə, aylarla yatdığını eşitməmişəm. Amma alın yazısına nə deyəsən...
Rəfiq Zəkanı biz necə xatırlayırıq? Hər şeydən əvvəl görkəmli ədəbiyyatşünas, professor Cəfər Xəndan Hacıyevin oğlu kimi... Cəfər Xəndan Hacıyev XX əsr Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndələrindən biri idi, Azərbaycan ədəbiyyatının müxtəlif problemlərinə aid yazdığı onlarla məqalənin, bir sıra dərs vəsatinin, ən başlıcası isə XX əsr Azərbaycan ədəbiyyatı tarixinin ən mötəbər və nüfuzlu tədqiqatçılarından biri kimi tanınır. Onun Mirzə Ələkbər Sabir yaradıcılığının sənətkarlıq xüsusiyyətlərinə həsr etdiyi monoqrafiyası isə bu mövzuda yazılmış, hələlik alternativi olmayan elmi əsərdir. Heç şübhəsiz, Rəfiq Zəka bu alim ocağında atasından təkcə mükəmməl tərbiyə yox, həm də onun yolunu davam etdirmək, ataya layiq oğul olmaq dərsini də öyrənib. Mərhum filosof, professor Aslan Aslanov R.Zəkanın şeirlər kitabının birinə yazdığı ön sözdə qeyd edir ki, bir gün ustad Cəfər Xəndan məndən soruşdu ki, tələbən Rəfiq necədir, ondan razısanmı? Cavabında dedim ki, o, sizə tam layiq bir oğuldur, şeirləri də xoşuma gəlir. Cəfər müəllim bu cavabdan çox məmnun qaldı. Amma çox təəssüf ki, Ata-Cəfər Xəndan oğlunun ilk şeirlər kitabının üzünü görmədi. Cəfər Xəndanın da şairliyi olub, hətta bir neçə şeir kitabı da çap olunub, amma bir şair kimi deyil, ədəbiyyatşünas kimi şöhrətləınib. Təbii ki, bu amilin də Rəfiqin həyatında rolu olub.
Rəfiq Zəkanı biz kəskin, iti hafizəli bir insan kimi də xatırlayırıq. Şəxsən mən elə bir adam tanımıram ki, yaddaşı bu qədər güclü ola. Türk şairi Əbdülhaqq Hamidin 5000 misralıq "Məqbər" poemasını əzbər bilirdi Rəfiq, Namiq Kamaldan, Tofiq Fikrətdən, Rza Tofiqdən, Yəhya Kamaldan, Faruq Nafizdən, Nazim Hikmətdən, Orxan Seyfidən və bizim dahi klassiklərdən (Füzuli, Nəsimi, Cavid, Hadi, Sabir) və S.Vurğundan, Şəhriyardan, Müşfiqdən, Süleyman Rüstəmdən və daha kimlərdən əzbər bildiyi şeirləri də bu sıraya qatsaq, biz ancaq heyrətimizdən içimizi çəkə bilərik. Onun yaradıcılığından söz açan bütün müəlliflər Rəfiq Zəkanın bu kəskin, iti hafizəsini dönə-dönə qeyd etmişlər. Mən də bunun şahidi olmuşam. Sövet dövründə-səksəninci illərdə biz ehtiyatda olan zabitləri bir həftəlik zbora çağırırdılar. Bir dəfə də mən Rəfiq Zəka və Vaqif Arzumanlı ilə bir qrupa düşdük. Rəfiqin o hərbi hissədə dost, tanışı var idi, hər gün o adam bizim adımızı tezcə qeyd edib buraxırdı. Rəfiq, mən və Arzumanlı həmin hərbi hissənin yanındakı balaca yeməkxanaya girib yeyib-içərdik. İki saat müddətində biz ancaq Rəfiqi dinlərdik, o türk ədəbiyyatından söhbət edir, şeirlərindən əzbər deyərdi, bir misrada belə çaşmazdı. Rəfiqin qəfil ölüm xəbərini eşidəndə ilk ağlıma gələn fikir bu oldu ki, o şeirlər də Rəfiqlə birgə bizi tərk etdi, daha onları Rəfiqin dilindən eşidə bilməyəcəyik.
Rəfiq Zəka haqqında düşünəndə bir də onun möhkəm türkçü olduğunu xatırlayıram. O, Sovet dönəminin ən qızğın, türkçülüyün yasaq olunduğu, bu barədə ucadan danışılmadığı çağlarda şeir salonlarında, ədəbi məclislərdə türkçülüyü təbliğ edən şeirlər söyləyir, onları təbliğ edirdi. Səksəninci illərin ortalarından, artıq Sovet quruluşunun çökməyə başladığı illərdə isə onun səsi daha gur eşidilirdi. Təbii ki, bu təbliğat ədəbi mübarizə formasında gedirdi. Doxsanıncı illərdə isə Türkiyəyə gedib-gələn ədəbi ziyalılarımız içərisində Rəfiq Zəka xüsusi fəallığı ilə seçilirdi. Onun türk mətbuatında şeirləri çap olunurdu, kitabları nəşr edilirdi. Ürfan Ünver Nəsrəddinoğlu (o zaman Türkiyə Folklor Araşdırmaları Qurumunun prezidenti idi) Rəfiq Zəkanın şeirləri barədə yazmışdı: "Bir yandan saz şairlərinə, o biri yandan divan şeirlərinə qəlbinin gərilmiş telləriylə bağlı olan Rəfiq Zəka yalnız Azərbaycan şeirinə deyil, türk dünyası şeirinə yeniliklər gətirmişdir desək, mübaliğə etmiş olmayacayıq".
Bəli, Rəfiq Zəka türkçü idi və biz bunu onun həm sovet dövründə, həm də müstəqillik illərində yazdığı şeirlərindən də görə bilərik:

Türkiyə böyükdür, Türk böyük deyir,
Türkün Atasıdır Atatürk deyir.
Ey gidi düşmənim, məndən ürk deyir,
Çünki bu yer üzü mənə Türk deyir.

Qeyd edim ki, Rəfiq Zəka böyük türkçü Əlibəy Hüseynzadənin həyat və yaradıcılığına həsr edilmiş "Unudulmuş dahi" kitabı da çap olunub.
R.Zəkanın ilk şeirlər kitabının adı "Çağlayan" idi, bu kitabı o, unudulmaz Müşfiqə həsr etmişdi. Müşfiqin sağlığında bu adda bir kitabı çap olunmalıydı, amma şairin arzusunu heç olmasa o adla əbədiləşdirmək istədi Rəfiq. 1962-ci ildə yazdığı, amma çap etdirə bilmədiyi, ilk dəfə ölümündən sonra işıq üzü görən ("Azərbaycan" jurnalı, 1999, № 1) "Mikayıl Müşfiqin son şəkli" şeirində oxuyuruq:

Ölümündən neçə il öncə idi?
Onun ömrü açılan qönçə idi!
Onu soldurdu quduz daşqaqlar,
Namusu, qeyrəti yox alçaqlar!

İt kimi ölməlidir ermənilər!
O qurumsaq dənilər!
Bəşərin üzqarası onlardır,
Yeddidən yetmişə məlunlardır!

Burada bir haşiyə çıxım və qeyd edim ki, Rəfiq Zəkanın sevdiyi və təbliğ etdiyi şairlər çox idi, amma Hüseyn Cavid onun dilindən düşmürdü. Onun əruzda yazdığı bir sıra şeirlər var ki, açıq-aşkar Cavidin təsirilə yazılıb. R.Zəka ölməz dramaturqa böyük məhəbbətini "Cavid sənəti" adlı kiçik monoqrafiyasında da ifadə etmişdi.
Rəfiqin "Cavid sənəti" kitabı da bu "heyrətli aləmə" baş vurmaq istəyindən yarandı. Qısaca deyim ki, bu kitabda Cavid yaradıcılığı üç aspektdə tədqiq olunur. Sənətkarın mənsub olduğu romantizmlə bağlılığı, Azərbaycan klassik ədəbiyyatı və türk poeziyası ilə bağlılığı və onun sənətinin estetik problemlər baxımından araşdırılması. R.Zəka bu vəzifələri minimum dərəcədə yerinə yetirməyə səy edib. Şəxsən mənim üçün bu balaca monoqrafiyada H.Cavidin xalq şeiri formalarına münasibəti oldu. Rəfiq yazırdı: "Hüseyn Cavid milli şeirimizə yeni ruh, yeni zövq gətirməklə yanaşı, milli vəznimiz olan hecaya da yeni biçimlər verə bildi. Şübhəsiz, hecaya, bəzi klassik şairlərimiz kimi etinasız olmaması ustadın məziyyətlərindən sayılmalıdır. Bu da faktdır ki, Cavid əruzunda hecaya meyl hər zaman duyulmaqdadır. Bu iki vəznin əsas fərqi, birinin uzun və qısa hecaların müvafiq tənasübü və təması ilə təşkilindən, digərinin daxili bölgülərə əsasən qurulması ilə izah etmək birtərəfli təsir bağışlayır. Əslində, mahir sənətkarın estetik konsepsiyasında əruzla heca vəhdət təşkil etməlidir. Zira əruz fövqəladə, xariqüladə bir məfhum olmayıb, parlaq ahəngə tabe sözlərin inci düzümündən doğan şeir qəlibi. Rəfiq Zəka "XX əsr Azərbaycan romantizminin estetik prinsipləri" mövzusunda sanballı namizədlik dissertasiyası yazmışdı və mərhum akademik F.Köçərli bu əsər haqqında yazmışdı ki, R.Zəkanın bu əsərində elmi məntiqlə bədii təfəkkür birləşir.
"Çağlayan"dan sonra R.Zəkanın şeir kitablarının sayı artır və o, müasir poeziyada ən məhsuldar şairlərdən birinə çevrilir. Şeirləri barədə xoş sözlər də deyilir, tənqidlər də. Mirzə İbrahimov, Süleyman Rüstəm, Əli Vəliyev, Məmməd Rahim, Məmməd Cəfər, Nəbi Xəzri, Aslan Aslanov, Xəlil Rza, C.Novruz kimi tanınmış söz ustaları onun şeirlərinin məziyyətləri barədə söz açırlar. Məsələn, Mirzə İbrahimov yazırdı: "Rəfiq Zəka əlinə qələm aldığı gündən gənclik ehtirası ilə şeir və gözəlliyin məftunu olduğunu sübut etmişdir. Onun hafizəsinin kəskinliyini, həyəcanının daşqınlığını, zəngin Şərq ədəbiyyatını dərindən duyduğunu, şeir sənəti haqqında ehtiraslı düşüncəyə malik olduğunu, klassik poeziya sonmuz məhəbbət bəslədiyini görmüşəm". Ustad şairimiz Süleyman Rüstəm isə deyirdi: "Klassik Azərbaycan şairlərinin gözəl ənənələrinə möhkəm bağlı olan Rəfiq Zəka şeirlərində üslub aydınlığı, ahəngdarlığı nəzərə çarpır. Onun yazılarında yüksək şeiriyyət hakimdir". Hüseyn Arif isə yazırdı: "Onun şeirlərini sakit, həyəcansız oxumaq mümkün deyil. Bu şeirlərdə həzin bir musiqi dolaşır". Belə misalların sayını artırmaq da olar.
R.Zəka onu düşündürən bütün mövzularda şeirlər yazırdı. Amma çalışırdı ki, şeirindən H.Arifin dediyi o həzin musiqi əksilməsin. Burada xatırlatmağı lazım bilirəm ki, Rəfiq Zəkanın çoxlu şeirlərinə mahnılar bəstələnib və sağlığında bu sahədə ən məhsuldar şairlərdən idi. Elə şeirləri var ki, onlara heç mahnı bəstələnməyib, amma şeiri oxuyanda elə bil bir mahnıya qulaq asırsan.
R.Zəkanın bir çox şeirlərində Azərbaycanın birliyi, bütövlüyü arzusu ifadə olunurdu və əlbəttə, bu da həmin illərin poeziyasında tez-tez səslənirdi.

Yardımlı yaylağındayam,
Qartallar oylağındayam.
Ürəyimdən Təbriz keçir,
Savalan sorağındayam.

Göy də bilə, yer də bilə,
Kim dəva bu dərdə bilə?
Mən o gədikdən adlasam,
Nə qalır ki, Ərdəbilə?

Kim kimi hakim eylədi,
Kim eylədi, kim eylədi?
Kim eylədi ki, həsrətim -
Ürəyimdə sim eylədi.

Araz gözümün qorası,
Sağalan deyil yarası,
Bir ulusun göz yaşıdır
İki sahilin arası.

Rəfiq Zəka əsl ədəbiyyat adamı idi, onun şeir kitablarında cəm olan bütün nümunələri nəzərdən keçirsək, belə çıxır ki, o, hər gün şeir yazıb. Təkcə şeir yox, bir çox poemalar, dram əsərləri, publisistik məqalələr, elmi işlər. Yolu, məramı aydın idi, o illərdə dəbdə olan bütün mövzularda yazsa da, özünün mövzuları da var idi və öncə qeyd etdiyimiz kimi, türkçülüyü, vətənçiliyi, Cənub həsrətini şeirlərində əsas mövzulardan biri sayırdı. Bir dəfə tənqidçi-filosof Asif Əfəndiyev onu məqalələrinin birində möhkəm tənqid etmişdim, hansı şairlərisə təqlid etməkdə suçlamışdı. Bunu danmaq olmaz ki, onun şeirlərində o böyük ustadların təsiri olub, amma bu təsir ustadları yasılamaq yox, onların ölməz poeziyasını yeni poetik cilvədə canlandırmaq istəyindən doğurdu. Rəfiqimn əruzda yazdığı şeirlərin əksəriyyətində Cavidin və türk şairlərinin işlətdiyi bəhrlərə müraciət olunurdu, Rəfiq onları sevirdi və istəyirdi ki, onlar unudulmasınlar. Bu gün, vəfatından on il yarım keçəndən sonra mən Rəfiq Zəkanın iyirmidən artıq şeir kitabını bir də vərəqlədim. Budur, Vətən haqqında yazılan şeir:

Vətən kimlərindir? - soruşdu Xəndan
Söylədim: Müqəddəs nə var ki ondan?
Duy onu könüldən, sev onu candan,
O, candan, könüldən heyranlarındır.

Vətən-qumsalları dindirənlərin,
Səhranı dəryaya döndərənlərin,
Şimşəyi əliylə söndürənlərin,
Zülməti köksüylə yaranlarındır!

Ölümündən neçə ay əvvəl bir neçə şeirini "Azərbaycan" jurnalına gətirdi. Bu şeirlərində Rəfiq Azərbaycan ordusuna uğurlar diləyir və türkçülüyü təbliğ edirdi.

Vur, tarixi düşmənlərimizdən öc alınsın,
Tunc topların ağzıyla zəfər marşı çalınsın!

Sən qurtaracaqsan bu bəladan ulu yurdu,
Ey sevgili Türk əsgəri, ey qəhrəman Ordu!..

Rəfiq Zəkanın "Ömür bitər, yol bitməz" şeirlər kitabındakı bu iki misranı xatırlayıram:

Nə bilim, bəlkə də bir ürək sözüm,
Bir kövrək dodaqda qalacaq mənim.

Qalacaq, Rəfiq, qalacaq. Azərbaycan xalqı heç bir gözəl şairini unutmayıb.

TƏQVİM / ARXİV