adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

SUSMUŞ ÇAYIN NƏĞMƏLƏRİ

ƏLÖVSƏT BƏŞİRLİ
36754 | 2014-09-20 01:22
(əvvəli ötən şənbə saylarımızda)

Və birdən bu əsrarəngiz sükut içində qulağıma səs gəlir, Kürün səsi... çox uzaqlardan, əsrlərin o tayından qopub gələn ulularımın səsi... Bu dünyada mənalı ömür yaşayan, həyatını zəhmətlə yoğuran, tikib-qurmağa, yaratmağa həsr edən, ləyaqət, vüqar, kişilik timsalı olan, həmişə yeri görünən İnsanın səsi:

Bu qala, bizim qala,
Həmişə bizim qala.
Tikmədim özüm qalam,
Tikdim ki, izim qala!

***

Atalıydı, analıydı uşaqlar,
Bizim evdə biri vardı, biri yox.

N.Kəsəmənli

III
Müharibə illərinin uşaqlığından bəhs edən filmlərə ("Şərikli çörək", "Bizim Cəbiş müəllim", "Fransız dili dərsi") baxmaq mənim üçün çox ağırdır: kövrəlirəm, ağrıyıram, göz yaşlarımı uşaqlardan gizlətmək üçün yan otağa keçirəm. Nə deyərlər, ataları ağlayır. Əşşi, filmdir də... Ancaq mən bu filmi həyatda görmüşəm, öz həyatımda, yaşıdlarımın həyatında görmüşəm. Çörəyin qəhətə çıxdığını, aclığın qənim kəsildiyini görmüşəm. Elə-belə görməmişəm: yaşamışam, o günlərin, o illərin ağrı-acısı canıma, qanıma hopub, yaddaşıma hakim kəsilib.
Lap balaca idim. Acmışdım, yemək istəyirdim. Evdə isə çörək yox idi. Başladım ağlamağa. Susmaq bilmirdim. İndi gör, yazıq anam nə çəkirmiş? Naəlac qalıb əlləri ilə ağzımı tutdu. İradəli, mərd, qürurlu qadın idi mənim anam. İstəmirdi ki, "çörək" deyib ağlayan uşağının səsini qonşular eşitsinlər.
Lap yaxınlıqda əmimgil olurdu. Böyük əmim Allahverən çox zəhmli, sərt, zirək, çörəkli kişi idi. Kürün yaxınlığında, Hacı Qəhrəmanlı kəndində böyük bir təsərrüfata başçılıq edirdi. Qohum-əqrəbanı, ehtiyac içində olan əsgər ailələrini başına yığıb gecəni gündüzə qatırdı. Müharibədə döyüşən qardaşlarının, qohumlarının ailələrini ehtiyacın, aclığın amansız pəncəsindən xilas etmək üçün Salyandan buraya gətirmişdi. Əmim dedikcə bacarıqlı təsərrüfatçı, səriştəli təşkilatçı idi. Güzəran üçün lazım olan hər şeyi əkdirib becərirdi. Bostanlarda, zəmilərdə nələr olmurdu: pomidor, xiyar, badımcan, yemiş, qarpız, boranı, günəbaxan, qarğıdalı, arpa, buğda, darı, çəltik. Təsərrüfatın heyvandarlıq ferması da var idi. Yayda-payızda məhsulu yığıb-yığışdırmaq olmurdu. Ardı-arası kəsilməyən maşın karvanı məhsulu Bakıya - neft mədənlərində işləyən fəhlələrə daşıyırdı.
Mən sonralar, yaşa dolanda öyrəndim ki, əmim o vaxt "Azneft"in yardımçı təsərrüfatına rəhbərlik edirmiş. Məqsəd müharibə dövründə Bakı neftçilərini kənd təsərrüfatı məhsulları, ərzaqla təmin etmək olub. "Azneft" yardımçı təsərrüfatı texnika, sənaye məhsulları ilə təchiz edirdi, burada işləyənlər üçün mağaza, yeməkxana açmışdı.
Təsərrüfatda iş səngimirdi. Sübhün gözü açılar-açılmaz bizim evdən, daha doğrusu, qazmadan (torpağı qazıb, üstünü ağac, çır-çırpı ilə örtmüş, qapını əvəz edən yerdən yorğan asmışdılar) anam, xalam Zərzər (əri cəbhədə idi), dayım Qardaş (hələ yeniyetmə idi, 1944-cü ildə müharibəyə getdi) çıxıb işə gedirdilər. Qazmada bir Züleyxa nənəm qalırdı, bir də mən. Nənəm bütün günü işləyirdi: sarı inəyimizi sağıb naxıra ötürür, hindən toyuqları çıxarır, nehrə çalxayır, ocaq qalayıb biş-düş edir, çayı qaynadır, cəhrəsini cırıldadıb yundan ip düzəldir, sonra həmin ipdən balaları üçün yun corab toxuyurdu. Unumuz olanda həyətdə təndirə od salırdı. Onda mənim sevincimin həddi olmurdu. Çünki Züleyxa nənəmin təndir çörəyinin başqa ləzzəti vardı. Unumuz az olurdu, suya qatıb xəmir yoğurmağa çatmırdı. Nənəm bunun da çəmini tapdı, üstəlik qonşu arvadlara da öyrətdi. O, ağıllı, zirək, işbilən idi. Qışa çoxlu boranı saxlayırdı. Boranını xəmirə qatıb bişirirdi. Sarı, ləzzətli təndir çörəyinin ətrindən doymaq olmurdu. Bəzən nehrə çalxamağı ilə təndir qalamağı eyni günə düşürdü. Bu mənim üçün əsl bayram idi: təzə təndir çörəyi, üstündə də nehrə yağı!
Nənəm dindar idi. Namız qılıb, oruc tutardı. Qıtlıqda, biş-düşün olmadığı vaxtlarda da orucundan qalmazdı. Yadımdadır: yayın bürkülü, biçinin qızğın vaxtı idi. Yenə çörək qəhətə çıxmışdı. Unumuz qurtarmışdı. Anamın Məşədi Həcər bibisi biçin vaxtı bizə gəlmişdi. (O, hər il yayda Salyandan bizə gələr, biçində iştirak edər, zəhməti müqabilində başqaları kimi taxıl alardı). Orucluq idi. Hər iki qadın obaşdan durub namazlarını qılar, çörək və yavanlıq olmadığı üçün adama bir-iki dilim yemiş yeyib zəmiyə, taxıl biçməyə yollanardı. O vaxtlar kombayn yox idi, taxılı oraqla biçirdilər. Dayım Qardaş da biçində iştirak edirdi. Sonralar danışardı ki, yayın istisinə, susuzluğa baxmayaraq Züleyxa nənəmlə Məşədi Həcər bibi oruclarını pozmaz, qaş qaralanda zəmidən çıxıb, kasıb süfrələrində iftar açardılar.
Biçin mövsümünün axırında nənəmlə dayım evə üç-dörd kisə buğda gətirərdilər. Hər il qışın axırında, yazın əvvəlində evdə buğdamız elə qurtarardı ki, heç bir ovuc qovurğalıq da qalmazdı. Onda nənəm dayımın gecə Kürdən tutduğu balıqları (müharibə vaxtı Kürdə balıq çox olardı, nənəm çəki balığını təndirdə qızardıb çörəksiz süfrəyə qoyardı) ikitəkərli arabaya doldurub səhər tezdən bazara aparardı. Onun bazardan qayıtmağını səbirsizliklə gözləyərdim. Axşamüstü nənəmin sürdüyü arabanı uzaqdan görcək qabağına qaçardım. Boş arabanın bir küncündə 2-3 kiloqramlıq kiçik un torbasını görüb duruxardım. Nənəm bir araba balığı satıb əvəzinə aldığı həmin una çoxlu boranı qatıb çörək bişirər, kökəmin üstünə nehrə yağı sürtüb məni o ki var, sevindirərdi.
Rəhmətlik nənəmin o çətin vaxtlarda tez-tez dediyi bir sözü heç vaxt unutmuram. O, deyərdi ki, çörək ən əziz nemətdir, bərəkətdir. Əgər görsən ki, yerə düşüb, tozunu üfürəndən sonra öpüb gözlərinin üstünə qoy. Yemək mümkün deyilsə, əl-ayaqdan uzaq yerə qoy ki, Allahın qurd-quşuna qismət olsun. Mən bu nəsihətə həmişə əməl etmişəm, uşaqlarıma da tapşırmışam.
Müharibənin axır ili Qardaş dayımı orduya apardılar. Evimizdə şivən qopdu. Züleyxa nənəm yanıb yaxılırdı. Bütün övladları, qohumları cəbhədə olan qocamın sonbeşiyini, özünün yana-yana dediyi kimi "ağzının sarısı getməmiş, topuqları bərkiməmiş" ciyərparasını da əlindən alıb odun-alovun içinə atmışdılar...
Bu hadisə mənə yaman yer eləmişdi. Sanki birdən-birə böyümüşdüm. Öz aləmimdə çox şeyləri "kəşf" etmişdim. Nənəm mənə "balaca kişi" desə də, özümü evin tək kişisi sayırdım. Əməlli-başlı işə-gücə yarayırdım. Səhər tezdən sarı inəyimizi naxıra ötürür, tövləni təmizləyir, hini açıb toyuq-cücəni çölə buraxır, onlara göz qoyur, əmim uşaqlarına qoşulub Kür qırağındakı toğaydan (Tuqay meşəsinə belə deyirdilər) ot-çırpı gətirirdim. Günorta nənəmin verdiyi kiçik bağlamanı çaydanla birgə anamla xalamın işlədiyi bostana aparırdım. Anam məni görən kimi "kişim gəldi" deyib bağlamanı açır, xalamla nahar edirdi. Sonra bostandan xiyar-pomidor yığıb bağlamaya bükər, mənə bərk-bərk tapşırardı: "Ağıllı balam, düz evə get".
Az keçmiş anam xəstələndi. Ona ağır iş görmək, bel, kətmənlə işləmək olmazdı. Əmimin göstərişilə anamı çəltik zəmisinə gözətçi qoydular. Zirək qadın idi. Nənəmin göndərdiyi çörəyi yeyib, çayı içəndən sonra çəltiyi ovub gilələdiyi düyünü çaydana doldurardı. Mən də guya çayı içilmiş boş çaydanı evə gətirərdim. Hər gün bu təkrar olunardı. Bəzən gündə iki-üç dəfə gedib gələrdim. "Dama-dama göl olar". Evimizdə (daha qazmada yaşamırdıq, dayım cəbhəyə getməzdən əvvəl birotaqlı kiçik ev düzəltmişdi) əməlli-başlı düyü "ehtiyatımız" var idi. Nənəm düyü torbasını yorğan-döşəyin arasında gizlədərdi...
Biçindən sonra əmim uşaqları ilə başağa gedərdik. Yerə düşən sünbülləri torbamıza yığıb evə gətirərdik. Əmim belə bir qayda qoymuşdu: məhsul yığılıb plan dolandan sonra bostan urlansın. Yəni təsərrüfatda çalışanlar qalan məhsulu özləri üçün yığsınlar. Belə vaxtlarda yaman sevinər, göz-qulaqda olardıq. "Urlama" xəbərini eşidən kimi bostana daraşardıq. Hələ fürsət düşəndə qarovulçu çolaq Fətulladan gizli arxı aşıb məhsulu tamam yığılıb qurtarmamış bostanın qarpız-yemişindən də kisəmizə atardıq.
Uşaqlarla Kür qırağındakı meşəni, talanı gəzib-dolaşar, doyunca yemlik, təkəsaqqalı, əvəlik, qanqal, quşüzümü, cır meyvə yeyər, qalanını köynəyimə doldurub evə gətirərdim. Nənəm sevinib boynumu qucaqlar, "maşallah, böyümüsən, lap kişi olmusan, evə ruzi daşıyırsan", - deyərdi. Bu tərifdən quş kimi qanadlanar, özümü böyüklər kimi aparmağa, kişi xasiyyət olmağa çalışardım. Fikirləşərdim ki, adam gərək kişi kimi yaşaya, çörəyi özü qazana. Acanda çətinliklə də olsa, özümü tox kimi göstərərdim. Əmimgildə uşaqlarla oynayanda ortaya süfrə gələn kimi dərhal aradan çıxardım. Əmim arvadı Narınc xala (rəhmətlik çox yaxşı qadın idi) nə illah eləsə də, "toxam" deyib evimizə qaçardım. Nənəm dünyagörmüş, ayıq arvad idi. Bir dəfə məni başdan-ayağa diqqətlə süzüb: "Böyüdükcə lap atana oxşayırsan, - dedi, - çox qabiliyyətli oğuldu Atamalı. Çörəyi ver çörəkçiyə, birini də üstəlik. Əsil çörəkçi idi Atamalı. Axır tikəsini də əsirgəməzdi ehtiyacı olandan".
Böyüyəndə öyrəndim ki, atam cəbhəyə gedənə qədər Salyan çörək zavodunda işləyib, öz işini gözəl bilib, evinin çörəyi bol olub. Ailəsinin payını götürüb, qalanını ehtiyacı olan qohuma, qonşuya verib. Dayım Qardaş, xalam oğlu Sabir, əmim oğlu Hidayət mənə danışıblar ki, onlar o vaxt hər həftə bizə gəlib Gəngənə - evlərinə çörək aparırmışlar. Artıq saç-saqqalını ağartmış Sabirin söhbəti məni yaman təsirləndirib kövrəltdi: "Yenə həmişəki kimi sizə gəlmişdim. Sən təzə ayaq tutub yeriyirdin. Atamalı əmim çox fikirli idi. Demə məndən qabaq qonşu gəlib, atan bizim çörək payımızdan ona verib. Zinyət xalam bir buxanka çörəyi dəsmala büküb mənə verdi. Sağollaşıb evdən çıxmışdım ki, atan məni çağırdı. Evdəki çörəyi yarı bölüb xalamın verdiyi buxankanın yanına qoydu: "Sizin ailə böyükdür. Gələn həftə vaxtlı gələrsən", - dedi. Sonra tapşırdı ki, bağlamanı pencəyimin altında gizlədim. Heç kim görməsin. Ağır vaxtlar idi, yaman qıtlıqdı, çörək tapılmırdı. Bir az sonra müharibə başlandı..."

(ardı gələn şənbə
sayımızda)

TƏQVİM / ARXİV