adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7

YOLU ÖYRƏDƏN OLSA...

VƏSİLƏ USUBOVA
29210 | 2014-09-20 01:13
Boğaz ağrılarından şikayətləndiyim həkim təhlillərin cavabını bir tərəfə tullayıb mənə acıqlandı da:
- Bunlar elə-belə şeylərdi... Heç nə yoxdu səndə...g
- Bəs nə var?
- Sənin əzabların var... Olub, bu gün də var, sabah necə olacağı da özündən asılıdı...
- Bəs, mən neyləyim?!.
- Çıx get bir tərəfə. Uzaqlaş buralardan... Dincəl, havanı dəyiş, unuda bildiyin qədər unut olanları...
Nə gözəl sözlərdi... Adam elə qulaq asa-asa dincəlir. O qədər rahatlandırır ki, elə bil ana bətnindən indicə işıqlı dünyaya düşmüsən... Getmək... Uzaqlaşmaq... Unutmaq... Deyildiyi, düşünüldüyü qədər asandımı, görəsən?!. Lap uşaqlıqdan könlümü havalandıran bir bayatı var...

Gedərəm, gedən olsa.
Yolu öyrədən olsa.
Baş götürüb gedərəm,
Günüm ertədən olsa.

Dünya boyda qəm-qüssə cəmi dörd sətirə sığışdırılıb. Həm də bu dörd sətirdə üç bəhanə, bir şərt var. Ürəyi qubar bağlayan müəllif başını götürüb ayağı tutduqca uzaqlara gedər, amma... kimsə ona yoldaşlıq eləməlidi, kimsə yolu öyrətməlidi, üstəlik, gün də ertə olmalıdı... Elə hamımızın ürəyində bu bəhanələrdən onlarla, yüzlərlədi. Edərdim, amma filan iş filan olmasaydı...
Bəhanədi hamısı. Heç yerə gedən deyil. Gedə də bilməz. Bəs, səhər açılandan gözlərinə yuxu gedənəcən gördüyü işlər, nazını çəkdiyi doğmaları, yeməyinə, geyiminə, sağlığına cavabdeh olduğu doğmaları, əzizləri?! Onları kimə əmanət edəcək?! Kimsəyə ürək qızdıran deyil. Elə bilir ki, özü olmasa, bu adamların heç biri heç nəyin öhdəsindən gələ bilməzlər. Heç qarnı doyunca çörək də yeməzlər. Əslində bunun belə olmadığını özü də başa düşür. Hər kəs onsuz da yaşamın çəmini tapacaq. Sadəcə, öyrəşdiyi gündəlik qayğılardan xilas ola bilmir. Heç bunu istəmir də...
Çərçivədən çıxmaq asan deyil...

***
Bir gün bəhanələri əlimdən alırlar və mən harasa gedirəm. (Niyə biz inanırıq ki, haradasa qəm-qüssədən uzaq bir məkan mövcuddu?!) Bəs, yaddaşımı neyləyəcəm? Yaddaş da elə şeydi ki, ovqatının ən gözəl çağında səni haqlayıb hər şeyi alt-üst edə bilir. Bir səs, bir söz, bir detal illərdən bəri xəyalının küncündə mürgüləmiş ən ağrılı məqamları dirçəldib ortaya qoyur. Mopassan deyirdi ki, yaddaşımız mexanizm olaraq bu Kainatdan daha mükəmməldir. O, hətta indi nəfəs almayan insanlara belə həyat verə bilir...
İnsan ömrünün elə çağı gəlir ki, sevdiyi, tanıdığı insanların çoxunun "artıq nəfəs almadığını" bilir. Onların xəyallarını nə qədər özümüzlə gəzdirsək də, nə qədər xiffət çəksək də, ölülər adamı incitmir. Çünki onların ancaq bir dərdi var: əbədi yoxluq dərdi, Qiyamədək üzlərini görməmək dərdi... Bizi incidənlər, əzab verənlərsə, sağlardı... Biz onlardan qaçmaq istəyirik. Aralarında can atdıqlarımız varsa da, onların üzü çoxdan o yanadı. Gəl, indi yaşa, görüm necə yaşayırsan...
Həmişə özümüzçün yaşamağı bacarmamaqdan gileylənirik. Heç aydınlaşdırmağa çalışmırıq ki, axı, bu "özü üçün yaşamaq" nə deməkdi? Axı, biz elə özümüz istədiyimiz kimi yaşayırıq. Elədiklərimizə bizi heç kim məcbur eləmir.
Biz könüllü qurbanlarıq...
Qaldı yaşamağa məcbur olduqlarımız, onlar bizlik deyil, göylərin hökmüdü...

***

Dərdini mənə etibar edənlərdən biri o gün deyirdi:
-Altmış yaşım var, amma cəmi iyirmi il yaşamışam...
-Bəs, qalanı?
-Altmış ilin otuz ilini yuxuya çıxsaq, on ilini də uşaqlara, yerdə daha nə qalır? Nəzərə alsaq ki, otuz yeddi il də müəllim işləmişəm, onda heç yaşamaqdan danışmağa dəyməz...
Yox, müəllim, razı olsan da, olmasan da, bu sənin ömründü.
Sən başqasının deyil, öz alnına yazılanları yaşamısan...
"Mövcud olmayan bir şeyə ehtirasla inanmaqla biz onu yaradırıq, ona həyat veririk. Mövcud olmayan şeylər bizim arzulamadığımız şeylərdir". Frans Kafkanın bu sözlərini oxuyandan sonra ağlım kəsəndən şiddətlə arzuladığım o qədər şeylər xəyalımdan keçdi ki... Və mən razılaşmadım. Dünya şöhrətli yazıçının fikirləri də mütləq həqiqət olmaya bilər. Elə şeylər var ki, bizim nə istəklərimiz, nə də çabalarımız onu qırıb keçə bilmir...
Reallıqla barışmaq elə gözəl şeydi ki... Amma ümidsizlikdən yarandığı da məlumdu...
Təəssüf ki, bunu çox gec anlayırıq...

TƏQVİM / ARXİV