adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

NOOLDU BİZƏ?..

FƏRİDƏ RƏHİMLİ
30547 | 2014-09-20 01:10
"Bu millət Allahın möcüzəsidir... " Şair Qürbət Əzizin bu misrasını unutmağa qoymur günümüzdə baş verən hadisələr. Doğrudan möcüzə xalqıq. Xeyrimizə söz söyləyəndə də şübhələnirik, ziyanımıza söyləyəndə də arxasında bir müəmma axtarırıq.
Uşaqlıqdan "ördək, xərçəng və balıq" haqqında hekayəni unutmamışam. Hərəsinin bir yana çəkdikləri araba heç birinə nəsib olmurdu. İndiki vəziyyətdə ictimaiyyət nümayəndələri, siyasətçilər, millət vəkilləri, elm, mədəniyyət adamları, dini qurumların səlahiyyətli nümayəndələri də həmin durumdadırlar. Heç kimin sözü heç kimə xoş gəlmir. Ortaya atılan fikir, ideya isə kimlərinsə mənafeyinə toxunur, yaxud maddi durumuna zərrə qədər zərər gətirmə ehtimalı olursa, dövlət, xalq mənafeyi ikinci plana atılır.
Son zamanların ən çox müzakirə olunan məsələlərindən biri toy, yas məclislərində israfçılığın qarşısını almaq üçün ölçü götürülməsi barədə çıxarılan qərar və onun icrasıdır. Doğrusu, ilk vaxtlar bu xəbər hər kəsə, əsasən də orta, aşağı iqtisadi yaşayış səviyyəsinə malik insanlara sevindirici təsir etsə də, sonradan bu barədə müxtəlif münasibətlərin səslənməsi, fikirlərin haçalanması heç də ürəkaçan olmadı. Tanıdığım ən kasıb zümrənin bir nümayəndəsi də vəfat edən yaxınının məclisində bu qərara etirazını bildirərək qonaqlarını "ac yola salmağ"ın əleyhinə olduğunu dedi. Yəni, biz bilə-bilə hər şeyi özümüzə problem etməyə öyrəşmişik. Yaxşı qərardı, amma birinci mən olmayım, başqası başlasın...
Çox yerində verilmiş bir qərardı. Amma insanların reaksiyası çox qəribədir. Həmin qadın yaxının məzarı üçün külli miqdarda maliyə hesabına aldığı yerin narazılığını edirdi. Halbuki məclisə pul xərcləməyin əleyhinə deyildi.
Toy məclisində israfçılığın, sünnət toyunun qadağası və məzarlıqda yer almaq probleminin yüngülləşdirilməsi haqda fikirlər səslənsə də həyata keçəcəyi sual işarəsi altındadır. Çünki bu qərarları dəstəkləyən olmasa, yaxud güc strukturları işə qarışmasa, eləcə də xalqın güvəndiyi tanınmış, səlahiyyətli məmurlar nümunə göstərməsə, həyata keçməsi də müşkül olacaq. Yenə də imkanlı-imkansız ayrımçılığı özünü büruzə verməkdədir.
Hətta bu təklifi irəli sürən qurumlarla dövlətin başqa, səlahiyyətliləri arasındakı anlaşılmazlıqlar bu lazımlı təklifin həyata keçməsini əngəlləyən ilk səbəblərdən olacaq. Üstəgəl şadlıq evləri, mərasim evləri sahiblərinin əldən çıxacaq milyonları geri qaytara bilmələri üçün dəridən-qabıqdan çıxmaları...
Xalqımızın maariflənməsi, mədəni ölkələr sırasına çıxması üçün əlindən gələni edən, millətin həm iqtisadi, həm mədəni, həm elmi vəziyyətinin irəliləməsi üçün çox əməyi olmuş Hacı Zeynalabdin Tağıyevin məşhur bir öyüdü var: "Bir əlinizdə Quran, bir əlinizdə qəzet olsun". Buradan aydın olduğu kimi, bu maarifpərvər insanın çalışdığı o idi ki, millət həm milli adət-ənənəsini, həm dinini qorusun və eyni zamanda da elmini artırsın. Elə bu günlərdə aktuallığı ilə hər kəsin diqqətini çəkmiş və geniş müzakirəsi aparılan məsələyə münasibət bildirən millət vəkili, yazıçı-publisist Aqil Abbas vurğuladı ki, "...qadağalarla, zor gücünə nəyisə dəyişmək mümkün deyil. Öncə insanların maariflənməsi gərəkdir. Hər kəs başa düşməlidir ki, israfçılıq ilk ğncə onun öz şəxsi büdcəsinə zərər vurur. Yas mərasimində, yaxud toyda çeşid-çeşid yeməklərin, içkilərin ortada qalması nə mərhuma, nə də bəylə gəlinə heç bir fayda vermir, əksinə bu izafi xərc o məclisin sahibinin güzəranını çətinləşdirir, hətta borclu salır. Biz hər birimiz bunu anlasaq, onda qadağaya da ehtiyac qalmayacaq. O ki qaldı ad günü, sünnət toyu məsələsinə, buna da qadağa qoymaq düzgün deyil. Çünki bəzən insanlar illərlə övlad arzusunda olurlar, əhd edirlər, niyyət tuturlar. Niyyətləri hasil olanda həmin o təmtərağı gerçəkləşdirirlər. Təbii ki, bunu da hər adam etmir və ümumiyyətlə son zamanlar dəbdəbəli sünnət, ad günü mərasimləri özü özlüyündə gündəmdən çıxır, azalır. Deməli həm iqtisadiyyat, həm mədəniyyət, həm həyatın gerçəkliyi öz işini görməkdədir. Yenə deyirəm, qadağa ilə, basqıyla adamları narazı salmağa ehtiyac yoxdur. Maarifləndirməyi, nümunə göstərməyi bacarmalıyıq. Necə ki, bəzi ərazilərimizdə, rayonlarımızda, məsələn, Naxçıvanda, Füzulidə məmurlar öz yaxınlarının yas mərasimlərini çox sadə bir şəkildə qeyd edirlər, deməli bu onu göstərir ki, hər kəs bu addımı ata bilər".
Sovet dönəmində yalnız rus dilində danışmağı mədəniyyətli olmaq hesab edənlər uşaqlarını rus bölmələrində təhsil almağa məcbur edirdilər. Bəzən bu uşaqlar nə o dili öyrənə bilirdi, nə də öz dilini mükəmməl öyrənirdi, olurdu yarımçıq.
Din haqda isə söhbət belə gedə bilməzdi. Bir neçə gün əvvəl Sumqayıt şəhərində universitetə hicablı gələn tələbəni içəri buraxmayan müəllim özünü haqlı hesab edərək: "bura ilahiyyat universiteti deyil" kəlməsiylə özünü haqlı hesab edib. Dinsiz, imansız olmağı o müəllimin öz cəzasıdır, amma insan hüquq və azadlığını tapdamağa kimin nə haqqı var? Ən ermənipərəst ölkə olan Fransada belə universitetə hicabla gəlmək qadağası götürüldü...
İndi də özünü ateist göstərməklə seçilmək dəb düşüb deyəsən. Bir çox elminə, intellektinə, ensiklopedik tarixi yaddaşına bələd oluğum insanlar var ki, dindarları geri fikirli hesab edərək, "iranpərəst", "ərəbbaş" və sair adlarla ələ salırlar. Halbuki elmin dərinliyinə bələd olanlar oxusalar, öyrəndikləri o elmin əsasının Quranda illər əvvəl yazıldığının şahidi olarlar.
Sözümüzün bir-birimizin "boğazından keçməməsinin", fikir və ideyalarımızın düz gəlməməsinin, elmi inkişafımızın ləngiməsinin, təhsilimizin iflic olmasının əsas səbəblərindən biri yarımçıq qalmağımızdır. Elmli olanlarımızın dini, dindar olanlarımızın təhsili, fiziki güc sahiblərinin hər ikisini, cahil olanların isə hər birini inkar etməsindən yarımçıq qalmağımız.
Nə oldu bu millətə, nədən maddiyyat hər şeydən önə keçdi?
Niyə XVlll-XlX əsrdə maariflənməmiz üçün rahatlığını, sağlamlığını qurban verənlərin ideyaları ürəklərində qaldı? Onların fikirləri bu gün də aktualdır, heç bir şey dəyişməyib. Dəyişən var, amma təəssüf ki ziyanımıza, milli eroziyaya uğramağımıza aparan dəyişikliklər...

TƏQVİM / ARXİV