BÖYÜK GÜNAHLAR

FAİQ QİSMƏTOĞLU
38463 | 2014-09-20 01:08
Dünyada elə insan yoxdur ki, onun günahı olmasın. Allah-Təaladan başqa bütün canlıların günahı var. Amma günahın da ağırı və yüngülü olur. Ağır günahlar bunlar sayılır: Allaha şərik qoşmaq, ata-ananın üzünə ağ olmaq, təmiz və namuslu adama şər atmaq, kimisə öldürmək, sələmə pul vermək, zina eləmək, yetimləri incitmək, onun-bunun qeybətini etmək...g
Belə çıxır ki, bizim hamımız böyük günahların içindəyik. Kim barmağını yumub deyə bilər ki, yuxarıda sadaladığımız günahlardan heç olmasa birini eləməyib.
Bir dəfə çox savadlı və ziyalı bir molla məclis aparırdı. Həmin məclisdə molladan soruşdular ki, molla əmi, sənin yerin cənnətlikdi, yoxsa cəhənnəmlik?!
Molla dərin fikirə getdi və dilləndi: "Mənim yerim nə cənnətlikdi, nə də cəhənnəmlik. Cənnətlə cəhənnəmin arasında olan bir yerdə qərar tutacam. Çünki günahlarım da çoxdu, savab işlərim də. Amma mənim harda olmağımı və hara düşəcəyimi Allah-Təaladan başqa heç kim bilən deyil".
İndi kimdən soruşsan deyəcək ki, mən çox əməli-saleh və yaxşı adamam, elə də böyük günahım yoxdur. Bəlkə də biz hamımız özümüzü təmiz, pak və günahsız bilirik. Məsələn, biz düşünürük ki, kimisə öldürməmişik və kiminsə dalınca qeybət eləməmişik. Ancaq bu o demək deyil ki, bizim günahlarımız yoxdur və ya çox azdır. Bayaq dediyimiz kimi, günahların nə dərəcədə ağır olub-olmamasını Ulu Yaradan bilir. Çünki bizim dünyaya gəldiyimiz ilk gündən son dəqiqəyə qədər bütün əməllərimiz Allah-Təala tərəfindən nəzarətdə saxlanılır. Hətta bir saniyə belə nəzarətsiz deyilik.
Müqəddəs "Qurani-Kərim"də buyrulur ki, üç insana qəbir sualı verilməyəcək. Bunlar peyğəmbərlər, uşaqlar və dəlilərdir. İndi siz təsəvvür edin, görün, bu insanlar nə qədər Allaha yaxın və doğmadır. Ən azından ona görə ki, onların heç biri elə də ağır günah eləməyiblər.
Ağır günah eləyirsənsə, təbii ki, bunu nə vaxtsa səndən soruşacaqlar. Deyirlər ki, qiyamət günündə insanın əlinə kitab veriləcək. O kitab sağ əllə verilsə sənin savab işlərin çoxdur, sol əllə verilsə isə günahların daha ağırdır. İndi siz fikirləşin, görün bizi qarşıda nələr gözləyir. Bəlkə də bir başqası əlini yelləyib deyəcək: əşi, bunlar boş şeydi. Adətən bu fikirləri münafiqlər deyirlər. Çünki onlar nə Allahdan qorxurlar, nə Allahı tanıyırlar, nə də gələcəklərini fikirləşirlər.
Hamımız xirtdəyə qədər günahın içindəyik. Amma Allah-Təala bizə şans verir ki, o günahları yüngülləşdirək və tövbə edib haqqın yoluna qayıdaq. Əgər bir gün böyük günahlardan uzaq olursansa savab işlə o günahları yüngülləşdirirsənsə, deməli, çiynindən ağır yüklər götürülə bilər.
Belə bir hədis var. Səhranın ortasında bir neçə adama deyirlər ki, gedin çördən-çöpdən, odundan tapıb gətirin, ocaq qalayacağıq. O insanlar da çox çətinliklə çör-çöp, odun tapıb bir-birinin üstünə yığırlar. Axırda çör-çöpdən və odundan ibarət böyük bir görüntü yaranır. Ağsaqqal da deyir ki, bax, xırda günahlar da belədir, yığılır-yığılır və axırda dağ boyda olur.
Gəlin dağ boyda olan günahlarımızı balaca eləyək. Ən azından savab iş görməklə o günahlarımızı kiçildə bilərik. Ancaq deyəsən bizim insanların çoxu günahlarını balacalatmaq, yaxud da azaltmaq istəmirlər. Çünki vəzifədə olan ona işi düşünin başına min cür oyun açır. Bir yetim-yesir onun qapısını açıb kömək istəyəndə sifətini elə turşudur ki, onun yanına bir daha üz tutmurlar. Yaxud da, çox imkanlı adam böyük var-dövləti olduğu halda acından əziyyət çəkənə, sıxıntı içində yaşayana arxa durmaq istəmir. Hətta elə varlı adamlar var ki, evindən çıxan tullantı qidaları kasıblara vermək istəmir. O fikirləşir ki, bu qidaları kasıba verincə aparıb zibil qutusuna atsam daha yaxşıdı. Çünki qorxur ki, kasıb onun nə yediyini bilər və gedib orda-burda danışıb onu dilə-dişə salar. Kim hansı günahı eləyirsə, kim hansı savab işi görürsə, o dünyada yox, elə bu dünyada əməlləri qabağına çıxır. Öz qabağına çıxmasa da ya balalarının, ya da nəvələrinin qarşısına çıxır.
Elə bil günahları yada salmaqla çoxlarının kürkünə birə saldım. Hələ ki ömrümüz var, hələ ki sağıq, deməli, günahlarımızı hər saat, hər gün yüngülləşdirə bilərik. Hətta "Qurani-Kərim"də buyrulur ki, kiminləsə ucadan danışıb və onun qəlbinə toxunursansa, onun özü də günah sayılır. Düzdür, bunlar xırda günahlardır, amma yenə günahdır.
Düşünürük ki, böyük və xırda günahlardan qurtulmağın yeganə bir yolu var: yaxşı işlər görmək, əməli-saleh olmaq və yıxılana arxa durmaq. Əgər kimsə bir imkansıza arxa durursa, bir yetimin saçına sığal çəkib ona çörək verirsə, elə bu özü günahların yüngülləşdirilməsi deməkdir. Hörmətli oxucu, gəlin sizli-bizli savab işlər görək və bir yetimin başına sığal çəkək...g



TƏQVİM / ARXİV